ABŞ Müharibə Araşdırmaları İnstitutu: “İranda qarşıdakı aylarda etirazların alovlanması gözlənilir”
“İranda iqtisadi və sosial vəziyyətin pisləşməsi ilə bağlı narazılıq son günlər etiraz aksiyalarının daha da güclənməsinə səbəb olub”.
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) Kritik Təhdidlər Layihəsinin (CTP) materialında deyilir.
Ekspertlərin sözlərinə görə, ölkə daxilində elektrik enerjisinin kəsilməsi və təbii qaz çatışmazlığı xalqı narazı salan məsələlərdəndir:
“Neft-kimya və telekommunikasiya işçiləri, həmçinin təqaüdçülər yanvarın 22-dən bütün İranda bir neçə kiçikmiqyaslı nümayişlər keçiriblər. CTP, həmçinin ölkədə elektrik enerjisinin kəsilməsi və təbii qaz çatışmazlığını qeydə alıb. Rəisi administrasiyası məsələləri indiyədək həll etmək iqtidarında olmayıb. Daxili şəraitin pisləşməsi çox güman ki, rejimin əleyhdarlarını daha da qəzəbləndirə və qarşıdakı aylarda, hətta illərdə etiraz hərəkatını alovlandıra bilər”.
Analitiklər etiraz hərəkatlarının artıq kulminasiya nöqtəsinə çatdığını bildiriblər.
“Lakin bu kulminasiya nə rejim əleyhinə hərəkatın bitdiyi, nə də rejimin hərəkatın əsas səbəblərini aradan qaldırdığı demək deyil. Etirazçılar hələ də rejimə qarşı qəzəblidirlər. Pəhləvi tərəfdarı olan Məşhəd Məhəllə Gəncləri Təşkilatı etirazçıları yanvarın 25-də rejimə qarşı mübarizəni davam etdirməyə çağırıb. Məşhəd qrupu həmçinin etirazçılara planları yenidən nəzərdən keçirməyi, güclü və zəif tərəflərini müəyyən etməyi tövsiyə edib”, - deyə CTP analitikləri bildiriblər.