Türkiyənin Xorvatiyadakı səfiri: “Xocalı soyqırımının yaraları hələ sağalmayıb”
“Xocalı soyqırımının yaraları hələ sağalmayıb”.
“Report” xəbər verir ki, bunu Türkiyənin Xorvatiyadakı səfiri Yavuz Selim Kıran deyib.
“Belə bir insanlıq faciəsini yaradanlar tarix qarşısında əbədi olaraq məhkum olunacaqlar. Soyqırımdan 31 il keçməsinə baxmayaraq, bu dəhşətli cinayəti törədənlər hələ də məsuliyyətə cəlb edilməyiblər. Bəşəriyyət bu günü və gələcəyi üçün ibrət dərsi almalıdır. Biz bu kədərli gündə Azərbaycan torpaqlarının otuz ilə yaxın müddətdən sonra Ermənistanın işğalından sonra azad edilməsi ilə təsəlli tapırıq”, - səfir vurğulayıb.
Yavuz Selim Kıran qeyd edib ki, Azərbaycan xalqı zəlzələdən zərər çəkən Türkiyəyə yardım göstərib:
“Biz bir millət, iki dövlətik. Ölkəmizin bu günlərdə yaşadığı ən böyük fəlakətlərdən biri ilə yaranmış vəziyyətlə bu bir daha sübut olundu. Azərbaycan vətəndaşı Sərvər Bəşirlinin etdikləri (Türkiyədə zəlzələdən zərər çəkənlərə yardımı - red.) onun Türkiyə sevgisi haqqında hər şeyi deyir. Zəlzələlərdən sonra nəyi varsa hamısını avtomobilinə yükləyərək zəlzələdən zərər çəkənlərin köməyinə getdi. Yaxınları və dostları ilə birlikdə Türkiyəyə kömək etmək üçün yollar axtardı”.
Kıran qeyd edib ki, Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov zəlzələdən dərhal sonra onlara baş çəkib və yardım paketlərini zəlzələdən zərərçəkənlərə çatdırmaq üçün səfirliyə gətirib:
“Azərbaycan hökuməti zəlzələlərdən sonra Türkiyəyə ən qısa zamanda və böyük yardım göstərdi. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov zəlzələdən sonra Türkiyəyə səfər edən ilk xarici işlər naziri oldu. Həqiqətən də beynəlxalq ictimaiyyət nümunəvi həmrəylik nümayiş etdirdi”.