Çavuşoğlu: “Türkiyə ayrı-ayrı ölkələrin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmayacaq”
Türkiyə bir sıra ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əməl etmək niyyətində deyil, lakin BMT tərəfindən tətbiq ediləcəyi təqdirdə məhdudlaşdırıcı tədbirlərə qoşulmağa məcbur olacaq.
Bunu cümə axşamı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Alanyada çıxışı zamanı deyib.
“Biz NATO-nun ən güclü 5 üzvü arasındayıq. Amma öz ölkəmizin maraqlarını prioritet tutmalıyıq. Deyək ki, biz də Rusiyaya qarşı sanksiyalara qoşulacağıq. Bəs onda Alanya tacirləri mallarını Rusiyaya necə satacaqlar?”, - nazir sual edib.
O vurğulayıb ki, sanksiyalara qoşulmamasına baxmayaraq, Türkiyə prinsipial mövqe nümayiş etdirir.
“Biz Montrö Konvensiyasını son bəndinə qədər yerinə yetiririk, Krımın ilhaqını tanımırıq və ərazi bütövlüyünün tərəfdarıyıq. Ukraynaya qarşı müharibəni müharibə adlandırırıq. Bu prinsipial deyilmi? Amma biz kiməsə lütf göstərmək naminə balans siyasətimizi pozmayacağıq”, - deyə nazir bildirib.