Rusiya Putinin həbsinə order verən prokuror və hakimə qarşı rəsmi ittiham irəli sürdü
Rusiya İstintaq Komitəsi Beynəlxalq Cinayət Məhkəməsinin prokuru Kərim Əhməd Xana və həmin məhkəmənin hakimi Rosario Salvatore Aytaleyə qarşı qiyabi ittiham irəli sürüb.
Məhz onların birgə səyi nəticəsində Rusiya prezidenti Vladimir Putinin həbsinə order verilib.
Rusiya tərəfi prokurorun hərəkətlərini “təqsirsiz şəxsi bilərəkdən cinayət məsuliyyətinə cəlb etmək” kimi qiymətləndiriblər.
Eyni zamanda, hakim “beynəlxalq münasibətləri çətinləşdirmək məqsədilə bilərəkdən qanunsuz həbsdə, habelə beynəlxalq müdafiədən istifadə edən xarici dövlətin nümayəndəsinə hücuma hazırlaşmaqda” ittiham olunub.
Xatırladaq ki, bu ilin mart ayının ortalarında Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Putinlə yanaşı və Rusiyada uşaq hüquqları üzrə ombudsman Mariya Lvova-Belovanın həbsinə də order verib. Məhkəmə onları ukraynalı uşaqların Rusiyaya qanunsuz deportasiyasında təqsirli bilir.
Məhkəmə qərarına əsasən, Putin Roma Statutunu ratifikasiya etmiş və ya BCM-nin yurisdiksiyasını tanıyan 123 ölkədə həbs edilməlidir.
Qeyd edək ki, Putin və Lvova-Belovanın həbsinə dair order onların ömürlərinin sonuna kimi qüvvədə qalacaq.