Qəhrəmanlar unudulmur!
Sosial elmlər və psixologiya fakültəsində “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib. Tədbir Pedaqogika kafedrasının dosenti Gülarə Kərimovanın həyat yoldaşı – I Qarabağ Müharibəsində qəhrəmancasına şəhid olmuş, “Azərbaycan Bayrağı” ordenli Aydın Manerovun xatirəsinə həsr olunub. İştirakçılar öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə fakültə dekanı Rövşən Cavadov, Sosial məsələlər üzrə dekan müavini Nəzakət Kərimova, Aydın Manerovun döyüş yoldaşı, “N” saylı hərbi hissənin siyasi işlər üzrə komandir müavini, ehtiyatda olan kapitan Saleh Əliyev, Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova, həmin kafedranın professorları Nübar Muxtarova, Hikmət Əlizadə, Bakı milyonçusu Ağamusa Nağıyevin nəvəsi Dilarə Nağıyeva, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri İqbal Ağayev, “Bizim lider” qəzetinin baş redaktoru və təsisçisi İradə Qaracallı çıxış ediblər. Çıxışçılar Qarabağ müharibəsinin qızğın vaxtlarlarında, Ağdərənin Gödəkburun yüksəkliyi uğrunda gedən döyüşlərdə “Qartal” təxəllüslü leytenant Aydın Manerovun göstərdiyi şücaətdən danışıblar.
Çıxış edənlər bildiriblər ki, Aydın Manerov 1994-cü il yanvar ayının 29-da Ağdərənin Gödəkburun yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olduqdan sonra ailənin bütün ağırlığı və iki azyaşlı övladın təlim-tərbiyəsinin çətinlikləri Gülarə Kərimovanın üzərinə düşüb. Sadiq həyat yoldaşı, qayğıkeş ana, mehriban pedaqoq olan Gülarə Kərimova bütün çətinliklərə sinə gərib, Vətənə, xalqa bağlı olan övladlar tərbiyə etməklə yanaşı, Aydın Manerovun xatirəsini daim uca tutub. Onun haqqında bir neçə kitab və onlarla məqalə yazıb.
Tarix üzrə fəlsəfə doktoru, Tərəqqi medallı, yazıçı-publisist, milyonçu Ağamusa Nağıyevin nəvəsi Dilarə Nağıyeva çıxışında bildirib ki, yazdığı kitablarda Qarabağ uğrunda həlak olmuş şəhidlər, o cümlədən cəsur döyüşçü Aydın Manerov haqqında müntəzəm məlumatlar verir. O, Gülarə Kərimovanın həyat yoldaşı Aydın Manerovun təbliğatçısı olduğunu vurğulayaraq, bu sahədəki xidmətlərinə görə onu Milyonçunun 104-cü ildönümünə həsr olunmuş “Bakı gecələri” adlı diplom və rəmzi medalla təltif edib.
Sonda tanınmış bəstəkar Cavanşir Quliyev və Bakı Dövlət Universiteti (BDU) Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri İqbal Ağayevin Aydın Manerova həsr etdiyi mahnılar səsləndirilib. Fakültənin tələbə və magistrantları Mirfəttah Qəhrəmanov, Sevil Əlizadə, Ayxan Məmmədov, İsmayıl Ələkbərov, Turanə Bəşirova, Tomris Nəbili, Ramazan Ramazanzadə, Kənan Neymətzadə, Həsən Quliyev, Məhəmmədəmin Hacılı, Nuranə Bayramova, İlahə Zakeridust Aydın Manerovun döyüş yolunu və Gülarə xanımın həyat hekayəsini əks etdirən senari əsasında hazırladıqları səhnəciyi nümayiş etdiriblər. Onların ifasında Aydın Manerova həsr edilmiş şeir və mahnılar dinlənilib. “Azərbaycan Bayrağı” ordenli Aydın Manerovun xatirəsinə həsr edilmiş “Qəhrəmanlar unudulmur” adlı tədbirdə fəal iştirak etdiklərinə görə Sosial elmlər və psixologiya fakültəsinin bir qrup tələbə və magistrlərinə A.M.Nağıyev adına “Milli dəyərlərin qorunması” İctimai Birliyi tərəfindən sertifikatlar verilib.