QƏDİM TARİXİ OLAN MAŞTAĞA BU GÜN: MAŞTAĞA BƏLƏDİYYƏSİ İŞLƏRİNİ GÜNÜN TƏLƏBLƏRİ SƏVİYYƏSİNDƏ QURUR
Müdriklərin süzgəcindən keçib gələn ulu yurd yerlərimizdən olan Sabunçu rayonu Maştağa kəndi. Həmin ərazinin Bələdiyə sədri Mikayıl Məmmədov və Ağanəcəf Qədirovun rəhbərliyi altında görülən abadlıq və quruculuq işləri barədə əzmlə danışmaq olar. Məştağa kəndi tarixi abidələri ilə zəngindir. Məsələn Xunhar məhəlləsində yerləşən Pirşahid qəbirstanlığı, Keçənlər qəbirstanlığı, Seyidlər qəbirstanlığı, Məmmədbağır qəbirstanlığı və digər qəbirstanlıqların adlarını qeyd etməklə hər biri 2,5 h, 3 h və 4 h olmaqla ərazilərinin abadlaşdırılmasında və hasarlarının təmir olunmasında Bələdiyə rəhbərliyinin rolu böyük olmuşdur. Onu da bildirək ki, tarixi ta qədim zamanlara gedib çıxan bu kənd Seyidlər məhəlləsində olan qəbir daşlarının da tarixi, Aqil Baba ziyarətgahındakı, Keçənlər məhəlləsindəki məzarlığın da tarixi bəlli deyil, XVI əsrə gedib çıxır.
Min illik bir tarixə malik olan Maştağa kəndində adət-ənənələrimiz yüksək səviyyədə qorunub-saxlanmaqdadır. Bu kənddə mascidlərin sayı çoxdur. Bakı kəndləri arasında bu kəndin məscidləri demək olar ki, saysız-hesabsızdır. Seyidlər məhəlləsində olan Cümə məscidi XVIII əsrə aiddir. Bir çox məscidlər isə dağıdılıbdır. Həm də bu kənd ümumiyyətlə, hamamları ilə məşhur olubdur. Bunlardan "Səfərəli", "Məhəmməd", "Kərbəlayi Mirsalam", "Paşa", "Mirəli" və başqalarını misal çəkmək olar. 1939-cu il məlumatına görə, Maştağada 36 məscid ve 4 pir olub. Bu kəndin 3 böyük məhəlləsi olub: Xunhar, Keçənlər və Seyidlər məhəlləsi. Seyidlər məhəlləsi heyvandarlıqla, Xunhar məhəlləsi bağçılıqla, Keçənlər məhəlləsinin sakinləri isə əkinçiliklə məşğul olublar. Seyidlər məhəlləsinin sakinləri ərəb ölkələrindən köçüb gələnlərdir. Maştağaya Şah İsmayılla, Şah Abbasla gəlib məskunlaşan seyidlər də olub. Maştağadan çıxmış din xadimlərinin, üləmaların sayı başqa kəndlərə nisbətən xeyli çoxdur. Ağa Nəcəf müəllimin sözlərinə görə, son iki əsrdə Maştağadan 20-a qədər axund, 150-dən artıq molla, rövzəxan, dərviş, mərsiyəxan və ruhani çıxıb. Burada yaşamış din xadimlərinin çoxu dini təhsil almışlar. Onlardan Axund Mir Əbdül Vahabın, Axund Mir Əbdül Qəninin, Axund Mir Hüseynin, Axund Şeyx Hüseynin, Axund Mir Ələkbərin, Axund Hacı Mirzənin və başqalarının adlarını çəkmək olar. Belələri tək Azərbaycanda deyil, Şərqdə belə tanınmış din xadimləri olublar. Maştağa bu bölgədə ən böyük yaşayış məskəni kimi tanınıb. Buradakı 32 kəndin hamısı Maştağaya tabe olub.
Axund Məhəmməd Nəbi Maştağanın qazisi olub. Maştağada iki dəfə, yəni 1761-1841-ci illərdə zəlzələ baş verib. Bu zəlzələlərdən sonra əhalinin bir qismi Bakıya, İçərişəhərə köçüb gediblər.
Maştağa əhalisi 1918-ci ildə ermənilərə qarşı mərdliklə mübarizə aparıb və Maştağaya girməsinə imkan verməyib. Bu zaman həmin döyüşdə Bakı qoçularının böyük hünəri olub. Ermənilərə qarşı döyüşdə Qoçu Mirsəlimin dəstəsi daha rəşadətlə vuruşub. Mir İbrahim Ağanın təşəbbüsü ilə Şura təşkil olunub ki, bu Şura da 19 nəfərdən ibarət olub. Maştağa qarnizonu yaradılıb. Burada 1670 maştağalı vuruşub. Onlar Bayıladǝk erməniləri qovub aparıblar. Sonradan həmin şəxslərdən 100 nəfəri orduda xidmətdə qalıb. Onu da qeyd edək ki, Qoçu Əzizin təşəbbüsü ilə camaat hamı sözü bir yerə qoyaraq ermənilərə qarşı vuruşub və erməniləri öz kəndlərinə daxil olomağa qoymayıblar.
Ayrı-ayrı vaxtlarda Maştağa kəndi Bakı xanlıqlarının əsas iqamətgahı olmuşdur. Məsələn, Dergahqulu xanın iqamətgahı Maştağada olmuşdur (1747-1768-ci illərdə Bakı xanı olmuş Mirzə Məhəmməd xanın atası). Burada onun sarayı və bağı da var idi. Məlum olduğu kimi, 1918-ci ilin is martında Bakıda qırğın törədərək soydaşlarımızı qanlarına qəltan edəndə bir çox şəhər sakini Maştağada özünə sığınacaq tapmışdır. Maştağa camaatı cinayətkar Şaumyan hökumətinə tabe olmamış, 4 aya yaxın mühasirə vəziyyətində yaşayaraq bir çox azablara dözmüşdür.
Zaman keçdikcə inkişaf edən hər bir kənd, şəhər kimi bu ulu yurd yerimiz də bu gün işlərini günün tələbləri səviyyəsində qurmaqdadır. Belə ki, ölkəmiz üçün çox da uzun tarixə malik olmayan bələdiyyə qurumları kənd ərazisində görülən bir sıra uğurlara imza atıb. Əsası 1999-cu ildə qoyulan bələdiyyə qurumu getdikcə insanların rifahı naminə əməli işləri ilə seçilir. Kənd yollarının abadlaşdırılması, fasiləsiz işıq və suyun verilməsi və s. dediklərimizin bariz nümunəsidir. 50 min nəfərə qədər sakinin yaşadığı bu kənddə onların rifah halının yüksəldilməsi üçün əlaqədar təşkilatlar tərəfindən daim diqqət və qayğı göstərilməkdədir. 15 nəfər üzvü olan Maştağa bələdiyyəsinin son zamanlar gördüyü işlər teqdirəlayiqdir. Sakinlərin həyətyanı sahələrindəki qrunt suların təmizlənməsi, süni gölməçələrin qurudulması, ekoloji çirklənmələrin qarşısının alınması antisanitariya vəziyyətinin qarşısının alınması yə yönündə bir sıra tədbirlər görülmüşdür.
Ceyhun Vaqifoğlu