Rusiya BMT humanitar missiyasının Xerson bölgəsində çarəsiz qalan əhaliyə kömək etməsinə icazə vermədi
Rusiya Federasiyası BMT-nin humanitar missiyasının Kaxovka Su Elektrik Stansiyasının dağıdılması nəticəsində zərər çəkmiş Xerson vilayətinin sol sahilindəki əraziyə girişinə icazə verməyib.
Bununla da qeyd edilən bölgədə hadisədən zərərçəkən insanlara yardım edilməsinə imkan yaratmayıb.
Bu barədə BMT-nin Ukraynadakı humanitar koordinatoru Denis Braun bəyanat verib.
“BMT Kaxovka bəndinin dağıdılması nəticəsində zərər çəkmiş bütün insanlara humanitar yardımın effektiv şəkildə çatdırılması üçün Ukrayna və Rusiya hökumətləri ilə əməkdaşlıq edir.
Rusiya hökuməti onun müvəqqəti hərbi nəzarəti altında olan ərazilərə giriş tələbimizi hələlik rədd etdi”, - deyə o bildirib.
Braunun bəyanatında, həmçinin qeyd olunub ki, BMT Xerson bölgəsinin sol sahilindəki insanlara çıxış tapmaq üçün fəaliyyətini davam etdirəcək.
“Biz Rusiya hakimiyyətini beynəlxalq humanitar hüquq çərçivəsində götürdükləri öhdəliklərə uyğun hərəkət etməyə çağırırıq”, - deyə BMT koordinatoru vurğulayıb.
Xatırladaq ki, Ukrayna xarici işlər naziri Dmitri Kuleba və BMT-nin Ukraynadakı sistem üzrə koordinatoru Denis Braun Dnepr çayının sol sahilindəki işğal olunmuş ərazilərə humanitar yardım göstərilməsi və insanların təxliyəsi üçün bölgəyə göndəriləcək qruplar yaradılması ilə bağlı razılığa gəliblər.
Yardım tədbirlərinin həyata keçirilməsi üçün Rusiya Federasiyasının bölgəyə giriş icazəsi və təhlükəsizlik zəmanətləri verməsi gözlənilirdi.