Rusiya və Türkiyə Qarabağdakı ortaq monitorinq mərkəzinin işini yüksək qiymətləndirib
Bu gün Rusiya və Türkiyə Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr aparılıb.
Rusiya XİN-dən verilən məlumata görə, tərəflər arasında Ukrayna, Suriya, Fələstin kimi bölgələrlə yanaşı, Qarabağ məsələsi də müzakirə olunub.
Məsləhətləşmələr zamanı qeyd olunan regionlarda mövcud münaqişələrin BMT TŞ-nin nizamnamələri, həmçinin beynəlxalq hüquqi normalar əsasında həllinin vacibliyi vurğulanıb. Gərginliyin hökm sürdüyü ərazilərdə humanitar problemlərin aradan qaldırılması üçün əlavə tədbirlərin zəruriliyi barədə fikir mübadiləsi aparılıb.
Həmçinin, Qarabağda Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib. Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində səylərin davam etdiriləcəyi razılaşdırılıb.