Moskvadan Lentsova əmr gəldi – Xankəndində nəyə hazırlaşırlar?
Separatçıların Xankəndidə başladığı qondarma “oturaq aksiya”nın növbəti tələbi sülhməramlıların Qarabağdan çıxması ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazır.
Nəşr bildirir ki, aksiya başlayanda Qurgen Nersisyan (qondarma “dövlət naziri”) sülhməramlı kontingentin komandiri Aleksandr Lentsovla görüşüb, ondan Laçın yolunu güc yolu ilə açmağı tələb edib. Lentsov ona izah edib ki, onlar sülhməramlıdır və Azərbaycana qarşı heç bir addım atmayacaqlar.
“Ola bilsin ki, Lentsov Moskvaya vəziyyəti məruzə edib, lakin ona əmr verilib ki, sənin işin başqadır, işinlə məşğul ol. O da əmri yerinə yetirir. Nəticə etibarilə sülhməramlılar heç nə etmirlər. Gözləniləndir ki, aksiyanın yeni tələbi sülhməramlıların Qarabağdan çıxarılması ola bilər. Çünki sülhməramlılar heç nə etmir, əksinə öz təminatlarını vertalyotla gətirir və susurlar. Onların getməsi tələbi gündəmə gələcək. Ümidlər var ki, bəlkə onların yerinə başqa sülhməramlılar gələ və kömək edə bilərlər”, - nəşr yazır.
Əslində bu, Ermənistan hakimiyyətinin tezisinə daha çox oxşayır. Paşinyan bildirir ki, sülhməramlılar öz “işlərini” yerinə yetirmirsə, bölgyə beynəlxalq missiya cəlb edilməlidir. Bunun praktiki olaraq baş verməsi mümkünsüzdür, lakin İrəvan bununla Rusiyanı şantaj edir, onu Azərbaycanla qarşıdurmaya cəlb etməyə cəhd göstərir.