Azərbaycanda falçı bir ailənin 50 min dollarını aldı və... - Məhkəmə
Bakıda falçılıq adı ilə dələduzluq etməkdə təqsirləndirilən Günəş Qasımovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Publika.az report-a istinadla xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxsin vəkillərindən biri məhkəməyə gəlməyib.
Proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Qeyd edək ki, ittiham aktına əsasən, Bakı şəhər sakini G.Qasımova zərərçəkmişlərin ailə üzvlərinin birinə falçı olduğunu bildirib və qeyri-adi güc vasitəsilə onların üzləşdikləri bəzi problemlərin həllində köməkliklər göstəriləcəyini deyib.
O, aldatma yolu ilə zərərçəkmişlərin 50 000 ABŞ dolları və 15 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
G.Qasımova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi üzrə ittiham olunur.
Cinayət işi üzrə Arif Firuz oğlu Qafarzadə və Vüsalə İnqilab qızı Qafarzadə zərərçəkmiş qismində tanınırlar.