Sumqayıtda transformatorda yanğın olub, şəhərin bir hissəsi işıqsız qalıb
Sumqayıtda transformatorda baş vermiş yanğın nəticəsində şəhərin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 16-cı mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, ötən gün axşam saatlarında ərazini elektrik enerjisi ilə təmin edən transformatorda yanğın baş verib.
Nəticədə mikrorayon ərazisində elektrik enerjisinin verilişi kəsilib və xeyli sayda ev işıqsız qalıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.
Amma evlərə və mənzillərə elektrik enerjisinin verilişi tam bərpa olunmayıb.
“Azərişıq” ASC-nin “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin “Sumqayıt Elektrik Şəbəkəsi”ndən bildirilib ki, hazırda qeyd olunan ərazidə təmir-bərpa işləri aparılır.
Bildirilib ki, qısa zaman ərzində ərazidəki evlər və mənzillər elektrik enerjisi ilə tam təmin ediləcək.