bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ümumxalq hüzn günü "20 Yanvar"

19-01-2025, 11:23 22 dəfə baxılıb

 

Azərbaycan xalqının milli yaddaşına “Qara Yanvar”, “Qanlı Yanvar” və ya sadəcə “20 Yanvar” faciəsi kimi həkk olunan o müdhiş yanvar gecəsindən bizi tam 30 il ayırır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30 radələrində keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək, küçə və meydanlarda toplaşan dinc əhaliyə amansızcasina divan tutmağa başladı. Nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi, yaralandı və yaxud itkin düşdü. Fövqəladə vəziyyətin tətbiqi haqqında məlumat əhaliyə elan olunanadək hərbçilər gecə ərzində Bakıda 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə - yanvarın 20-də və sonrakı günlər şəhərdə daha 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyət tətbiq olunmayan rayonlarda da - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda 8 nəfər dinc sakin qətlə yetirilmişdir.

Həmin hadisələrdən bizi cəmi 30 illik qısa bir tarix ayırır. Bu qısa tarix çərçivəsində ölkəmiz müstəqillik qazanmış, xalqımız özünün müstəqil dövlətini qurmuş və böyük inkişaf yolu keçərək dünya ölkələri sırasında özünəməxsus şərəfli yer tutmuşdur. Bu müddətdə amansız qətliam nəticəsində dünyasını dəyişən oğul və qızlarımızın xatirəsi daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulmuş, hər il insanlar kütləvi şəkildə Şəhidlər xiyabanına axın edərək azadlıq və müstəqillik yolunda canını fəda etmiş qəhrəman şəhidlərimizi ehtiramla yad etmişdir. Azərbaycan xalqının 20 Yanvar şəhidlərinə göstərdiyi belə diqqət və ehtiram, şübhəsiz, onun mübariz və qəhrəman ruhunun, milli heysiyyətinin təzahürüdür, ancaq onu da etiraf etmək lazımdır ki, bu məsələdə dövlətimizin apardığı ədalətli və düzgün siyasətin rolu da danılmazdır. Azərbaycan dövləti 1993-cü ildən başlayaraq 20 Yanvar hadisəsinə, onun tarixi və ictimai-siyasi mahiyyətinə daim xüsusi önəm vermiş, Yanvar şəhidlərinin xatirəsini uca tutmaqla onların xüsusi statusunu diqqətdə saxlamış, şəhidlərin ailələrinə və yaxınlarına həmişə qayğı göstərmişdir.

Otuz il tarixdə az müddət deyil. 1990-cı ildə və ondan sonra dünyaya göz açmış insanlar bu gün artıq ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edir, bilavasitə şahidlik etmədikləri “Qanlı Yanvar” hadisələri haqqında dərsliklərdən, kitablardan məlumat alır, bu barədə xronikalara və filmlərə baxmaqla milli yaddaşlarını formalaşdırırlar. Ancaq eyni zamanda, otuz ili çox böyük bir zaman kəsimi hesab etmək də olmaz, çünki o hadisələri öz gözləri ilə görən, onlara canlı şahid olan, həmin vaxt cərəyan edən ictimai-siyasi proseslərdə fəallıq göstərən bir çox insanlar hələ də həyatdadırlar və hər şeyi yaxşı xatırlayırlar. Ancaq bunun fərqi yoxdur: həqiqəti gözlə də görmək olar, ağızlardan eşitmək də, kitablardan oxumaq da. Eyni zamanda, həqiqətə qarşı kor və kar davranmaq da.

20 Yanvar hadisələrinin sonrakı təhlili göstərdi ki, 1988-ci ildən Azərbaycan cəmiyyətində SSRİ rəhbərliyinin, xüsusən də M.Qorbaçovun Dağlıq Qarabağda başlanan erməni separatizmini dəstəkləməsinə və yürütdüyü ermənipərəst siyasətə qarşı ciddi narazılıq yetişməkdə idi. Bu narazılıq fonunda, elə meydanlarda - mitinqlərin gedişi zamanı Azərbaycan Xalq Cəbhəsi (AXC) adlı hərəkat yaranmış, sonrakı illərdə tədricən formalaşdırılaraq vahid bir quruma çevrilmişdi. AXC sonrakı mərhələdə getdikcə genişlənən xalq hərəkatına rəhbərliyi öz əlinə almış və onu idarə etməyə çalışmışdır. Xalq hərəkatı ilk dövrdə daha çox narazı əhalinin mərkəzi və yerli hakimiyyət strukturlarının qərarlarına qarşı pərakəndə etiraz çıxışları formasında ifadə olunurdu. Hərəkat iştirakçıları SSRİ rəhbərliyindən Dağlıq Qarabağla bağlı ədalətli və obyektiv mövqe tutmasını, Azərbaycanın suveren hüquqlarının qorunmasını və s. tələb edirdilər. AXC həmin dövrdə kütlələr arasında müəyyən populyarlıq qazansa da, əhalinin bir çox təbəqələri, xüsusilə də ziyalılar, texnokratlar və təsərrüfat fəalları ona sona qədər etibar etmirdilər. Ona görə ki, bu qurumun əsasən radikal dünyagörüşlü insanlardan təşkil olunmuş rəhbərliyi də ölkə ziyalılarını, xalqın intellektual kəsimini öz sıralarına o qədər də həvəslə buraxmırdı. Nəticədə, AXC o dövrdə getdikcə güclənən xalq hərəkatını səmərəli şəkildə idarə edərək, onun gələcək fəaliyyət istiqamətləri ilə bağlı aydın strategiya və çevik taktika ortaya qoya bilmədi. Elə bu səbəbdən də Sovet İttifaqı rəhbərliyi Azərbaycanda artmaqda olan narazılığın qarşısını almaq, xüsusən mərkəzdənqaçma meyillərini söndürmək və kütləvi cəza vasitəsilə xalqı qorxutmaq üçün 1990-cı il yanvarın 20-də Bakıda bəhs olunan qanlı faciəni törətdi, özü də bu zaman AXC-dən, onun bəzi rəhbərlərinin radikal addımlarından, çağırışlarından “vasitə” kimi istifadə etdi. Lakin 20 yanvarın effekti heç də SSRİ rəhbərliyinin gözlədiyi kimi olmadı, əksinə həmin günlərdə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciədən sonra Azərbaycan xalqının həm SSRİ, həm də respublika rəhbərliyinə qarşı narazılığı və nifrəti daha da gücləndi. O vaxta qədər ölkə və respublika rəhbərliyindən əsasən haqqın və ədalətin, qanunvericiliyin qorunmasını tələb edən narazı kütlə yavaş-yavaş genişlənən yeni mübarizə dalğasının - milli azadlıq hərəkatının hərəkətverici qüvvəsinə çevrildi.

20 Yanvarda qanla boğulmuş və qismən əzilmiş xalq hərəkatının yenidən dirçəlişi və milli azadlıq mübarizəsi mərhələsinə keçməsi o zaman M.Qorbaçov və ermənipərəst ətrafının səyi ilə SSRİ rəhbərliyindən istefaya göndərilən və xüsusi təzyiq altında Moskvada yaşayan Heydər Əliyevin bu prosesə fəal qoşulmasından sonra xüsusi vüsət aldı. Onun 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək, bu hadisədə əli olanların əleyhinə kəskin bəyanat səsləndirməsi, kütləvi qırğınının səbəbkarı kimi SSRİ və Azərbaycanın yerli rəhbərlərini qətiyyətlə ittiham etməsi xalq hərəkatına yeni nəfəs və istiqamət verdi. Bu aksiyanın ardınca, Heydər Əliyevin heç bir hədə-qorxu və təxribatlardan qorxmayaraq, 1990-cı il iyulun 20-də Vətənə qayıtması Azərbaycanda müstəqillik uğrunda xalq hərəkatının, başqa sözlə, sistemli milli azadlıq hərəkatının başlanmasına ciddi təkan oldu.

Əlbəttə, o zaman Azərbaycana rəhbərlik edənlər - Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov, ikinci katib V.Polyaniçko və digərləri, dövrün siyasi müxalifəti sayılan və proseslərdə birbaşa iştirak edən AXC İdarə Heyəti 20 Yanvar faciəsində bu və ya digər formada siyasi və mənəvi məsuliyyət daşıyırdılar, ancaq bu qanlı əməliyyat birbaşa Kreml, Qorbaçov və onun xaricdən qısqırdılan erməni əlaltıları tərəfindən planlaşdırılmış, imperiya mərkəzinin göndərdiyi emissarlar tərəfindən zəmin hazırlanmış və SSRİ müdafiə və daxili işlər nazirləri Yazov və Bakatinin komandanlıqları altında həyata keçirilmişdi. İstər ittifaq, istər respublika rəhbərliyinin, istərsə də AXC İdarə Heyətinin 20 Yanvar faciəsindəki əsas məsuliyyəti və günahı isə bu qətliamın qarşısını almamaları, buna ciddi səy göstərməmələri, siyasi müdriklik nümayiş etdirə bilməmələri, hadisədən əvvəl və hadisə zamanı xalqı meydanlarda başsız qoyub qaçmaları, həlledici məqamda xalqın içində olmamaları, silahsız və günahsız insanları dişinə qədər silahlanmış və aqressiv təlimat almış ordu hissələri ilə üz-üzə qoymalarında idi.

Ə.Vəzirovun qətliamdan bir neçə saat əvvəl xüsusi təyyarə ilə Moskvaya qaçmasını, Xalq Cəbhəsi rəhbərlərindən isə o gecə kimsənin küçədə, xalqın yanında olmamasını xalqımız haqlı olaraq o zaman dərhal qınadı. Xalqı azadlıq, müstəqillik, böyük ideallar, milli-mənəvi dəyərlər uğrunda mübarizəyə səsləyən “liderlər” həlledici məqamda onun yanında olmadılar, yalnız səhər açıldıqdan və ara sakitləşdikdən sonra ortaya çıxaraq, imperiyanı “lənətləməyə” başladılar. Əslində isə onlar sovet ordusunun öz vətəndaşlarına qarşı bu cür vəhşilik, qəddarlıq edəcəyini görməli və proqnozlaşdırmalı idilər. Çünki 20 Yanvara qədər 1989-cu ilin aprelində SSRİ DİN və Sovet ordusu Tiflisdə 21 nəfərin ölümü, 290 nəfərin də yaralanması ilə nəticələnən qanlı əməliyyat keçirmişdi. Siyasətlə məşğul olan insanlar bu hadisədən mütləq ibrət dərsi götürməli, xalqı kütləvi qırğından qorumalı, ən azından onun yanında olmalı idilər.

O ki qaldı, həmin dövrdə Azərbaycanın kommunist rəhbərlərinin günahına, 20 Yanvar qırğını SSRİ Ali Sovetində müzakirə olunarkən Azərbaycandan heç bir vəzifəli şəxs, deputat orada iştirak etmədi. Müzakirəyə şairlər, yazıçılar, dövlət işində, vəzifədə olmayan deputatlar gəldilər. Vəzifəli şəxslərdən, dövlət adamlarından biri də gəlib səsini xalqın səsinə qatmadı. Azərbaycan xalqı onlardan Sovet ordusunun, SSRİ rəhbərliyinin, Kommunist Partiyasının sərt tənqid atəşinə tutulmasını gözləyirdi. Amma əksinə oldu. Azərbaycan rəhbərliyi və Xalq Cəbhəsi həmin günlər və sonrakı dövrdə bu hadisəni yaddan çıxarıb hakimiyyət uğrunda mübarizəyə girişdilər. 20 Yanvardan sonra şəhidlərin meyitləri üzərindən addımlayaraq hakimiyyətə gələn və bu faciəni unutdurmağa çalışan Ayaz Mütəllibov komandası da, ondan sonra iqtidara gələn AXC komissarları da bu hadisəyə hüquqi-siyasi qiymət verməyə həvəs göstərmədilər. Çünki bunda maraqlı deyildilər. Birincilər bu cinayətdə bilavasitə iştirak etdikləri, ikincilər isə bu faciəyə görə mənəvi-siyasi məsuliyyət daşıdıqları üçün bunu etmədilər. Daxildə yaşananlar, beynəlxalq aləmdə də təkrar olundu. Həmin dövrdə 20 Yanvar barədə həqiqətlərin vaxtında, isti-isti dünya ictimaiyyətinə çatdırılmasında sönüklük və astagəllik nümayiş etdirildi.

Bütün bunlara baxmayaraq, 1990-cı ilin 20 yanvarından sonra Azərbaycanda xalq hərəkatının mahiyyəti kəskin şəkildə dəyişməyə başladı. Azərbaycan ziyalılarının kommunist ideologiyasından kütləvi şəkildə üz döndərməsi, partiya biletlərinin atılması və s. proseslər müstəqillik ideyasını tədricən aktuallaşdırırdı. Bu tendensiyanın güclənməsində təkrar qeyd edirəm ki, ulu öndər Heydər Əliyevin 20 Yanvardan sonra Moskvadakı məlum çıxışı, azərbaycanlıların qanını tökmüş imperiya yetkililərini ciddi ifşa etməsi müstəsna rol oynadı. Həmin çıxış o vaxtadək gözləmə mövqeyində olan Azərbaycan ziyalılarını da hərəkətə gətirdi və müstəqillik çağırışları Azərbaycanda getdikcə daha geniş kütlə arasında səslənməyə başladı. Beləliklə, 20 yanvardan sonra Xalq hərəkatı Milli-azadlıq, İstiqlal hərəkatına çevrildi.

                                                                                                                                                                                                                   Yasin Məcidov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031