bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Xocalı qanlı tariximizdir!

13-02-2025, 13:21 28 dəfə baxılıb


 Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

Kiçik bir tarixi haşiyə

XX yüzillikdə ermənilərin Osmanlı İmperatorluğuna və Azərbaycan türklərinə məxsus olan torpaqlara qarşı ərazi iddiaları irəli sürməsi qanlı toqquşmalara səbəb olub. Bu torpaqların onlara məxsusluğunu iddia edən ermənilər əslində “Dənizdən-dənizə böyük Ermənistan” planını həyata keçirmək istəyirdilər. Bu amili nəzərdə tutan görkəmli ədib Ö.F.Nemanzadə hələ 1905-ci ildə “İrşad” qəzetində yazırdı: “Ermənilər öz planlarını həyata keçirmək üçün bizi İrəvandan, Qarabağdan və Qarsdan qovmağa çalışacaqlar. Biz bilməliyik ki, ermənilər bu yolda hər bir alçaqlığa əl ata bilərlər. Onlar qəsdən müsəlmanları öz üzərlərinə qaldıracaq, onların hücumuna və özlərinin bir qədər artıq itkisinə şərait yaradacaq və beləliklə bütün Avropanın diqqətini əzabkeş bir xalq olmalarına cəlb edəcəklər. Onlar öz cinayətləri üçün tədricən planlar hazırlayır və onları həyata keçirməyə yollar axtarırlar”.

Bax bu idi tarixən məkrli erməni niyyəti azərbaycanlılara qarşı. Səmimi və genişqəlbli olmaq həmişə Azərbaycan xalqını çətin vəziyyətlərə salıb, çörəyini yeyənlərin nankorluğu və namərdliyi ilə üz-üzə qoyub. Əsrlərdən bəri erməni mənfurlarının başımıza açmadığı oyun qalmadı. 1905-ci ildə də qanlar töküldü. 1918-ci ildə də həmin dəhşətləri yaşadıq. 1948-1953-cü ildə Qərbi azərbaycanlıların deportasiyası, 1988-ci il isə bizə bir daha sübut etdi ki, düşmən elə düşməndir. Babalarımız demişkən “Qarı düşmən dost olmaz”, ona yalnız layiq olduğu cavabı vermək lazımdır.

Xocalı faciəsinə gedən yol

Artıq qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsi fonunda ermənilərin əsas hədəflərdən biri olaraq Xocalını seçməsi heç də təsadüfi deyildi. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları həm də daha uzağa hesablanmış məqsəd güdürdülər. Onların əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Onlar tarixdə ən dəhşətli qanlı səhifələrdən birinin yazılmasına nail ola bildilər. Bununla ötən əsrdə Xocalı daha bir faciə yaşamış oldu. Həmin faciədən əvvəl də Xocalı öz tarixində bir neçə dəfə erməni təcavüzünə məruz qalmış, soyqırımlarına uğramışdı. Təkcə XX əsrin əvvəllərində 1905, 1906, 1917 və 1918-ci illərdə də Xocalı dörd dəfə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış, fəqət ayağa qalxaraq düşməndən qisasını almış, yenidən bərpa olunmuş və yaşamışdı. Amma tarix Xocalını daha bir qanlı faciə ilə sınağa çəkməyə hazırlaşırdı.

Xocalı faciəsinə gedən yol 1988-ci ilin fevral ayından Stepanakertdə ermənilərin mitinqləri ilə başladı. Ermənilər müxtəlif tələblər irəli sürürdülər. Bu tələblərin içərisində isə Dağlıq Qarabağın müstəqilliyi daha çox səslənirdi. 1988-1991-ci illər ərzində Dağlıq Qarabağ ətrafında çox ziddiyyətli, mürəkkəb vəziyyət yaranmışdı. Öz dədə-baba yurdlarından - Ermənistandan zorla, vəhşiliklə qovulan azərbaycanlıların harayını eşidən yox idi. Ermənilər isə kütləvi şəkildə silahlanır, vilayətdə yaşayan azərbaycanlılara divan tutur, yurd-yuvalarından didərgin salırdılar. Dağlıq Qarabağda vaxtilə azərbaycanlılar 78 kənddə yaşayıblar. Hadisələr başlayandan sonra məlum oldu ki, orada cəmi beş-on Azərbaycan kəndi qalıb.

Az qala yüz ildir ki, ermənilər tarixdə olmayan hadisəni dünya ictimaiyyətinə qəbul etdirmək üçün dəridən-qabıqdan çıxırlar. Erməni mənfurlarının dəyirmanına su tökən və onlara ağalıq edən bəzi havadarları isə, təəssüf ki, bir çox hallarda əsl həqiqətləri bilərəkdən tarixin saxtalaşdırılmasının iştirakçısına çevrilirlər. Məhz bu səbəbdəndir ki, tarixdə baş verməyən bir olayı dünyanın bəzi dövlətləri “erməni soyqırımı” kimi tanıyırlar. Bununla fərqində olmaq istəmirlər ki, tarixin özünə böhtan atmış olurlar, əsl həqiqətlərə çirkab don geyindirilər.

Əliyalın insanların Xocalı sevgisi

Səbri tükənmiş əhali meydanı tərk etmirdi, hamı hücum əmrini gözləyirdi. Əgər bu əmr verilsəydi, nəinki könüllü dəstələrin döyüşçüləri, hətta əliyalın sakinlər belə çomaqla olsa da, Əsgəran üzərinə yeriyəcəkdi. Çünki artıq səbr kasası dolmuşdu, insanlar yağı düşmənə cavab verilməsinin vaxtı çatdığını anlayırdılar. Fevralın 25-də səhər tezdən meydana toplaşan camaat xoş bir müjdə gözləyirdi - nəhayət, Əsgərana hücum edilərək Xocalı azad olunacaq. Amma...

Xocalının tarixinə qara hərflərlə yazılan bir günü - 26 fevralı yaşamaq zorunda qoydu bizləri. Elə həmin gün Ağdam bir-birinə dəydi. Əsgəran istiqamətinə axışan könüllü əsgərlər, əliyalın camaat ermənilərin vəhşicəsinə Xocalı üzərinə yeridiyindən xəbər tutan kimi soydaşlarımızın dadına çatmağa, onları ölümün pəncəsindən xilas etməyə çalışırdılar. Bütün cəbhə xətti boyunca səpələnmiş insanlar müxtəlif istiqamətlərdə Xocalıdan qaçıb-qurtara bilmiş sakinlərə köməyə tələsirdilər. Bəlkə də bu axın olmasaydı Xocalıdan heç kəs sağ çıxa bilməyəcəkdi.

Yasin Məcidov 
Rəşad Quliyev
Tahir Həsənov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031