Xaçmazda dəhşətli qətl: Qayınata və qayınanasını yatdığı yerdə öldürdü, arvadını yaraladı - YENİLƏNİB
Xaçmazda baş verən dəhşətli hadisənin yeni təfərrüatı məlum olub.
Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, səhər saatlarında qayınata və qayınanasının qaldığı evə gələn Rəhman Osmanov onların yatdığı otağa daxil olub.
Məlumatlara görə, kürəkən Sona Yunusovanı və Beykəs Yunusovu yatdığı yerdə güllələyib.
Bundan başqa, R.Osmanov həyat yoldaşına da atəş açıb. Qadın yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Bildirilib ki, qadın R.Osmanovla aralarında yaranan münaqişədən sonra ata evinə qayıdıbmış.
İlkin ehtimala görə, R. Osmanov hadisəni törədən zaman sərxoş olub.
10:41
Xaçmazda kürəkəni tərəfindən güllələnən Beykəs Yunusov da xəstəxanada ölüb.
Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, Ləcət kənd sakini 46 yaşlı Rəhman Osmanov ikili qətldə günahlandırılır.
Qeyd edək ki, 18 sentyabr saat 5 radələrində R.Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasına hücum edib. 57 yaşlı Sona Yunusova hadisə yerində ölüb.
Əldə olunan məlumatlara görə, hadisəyə səbəb qohumlar arasında baş vermiş münaqişə olub. R.Osmanov həyat yoldaşı və onun valideynləri ilə yola getməyib.
Hazırda istintaq-əməliyyat qrupunun üzvləri hadisə yerindədir.
Ramella İbrahimxəlilova
09:48
Bu gün səhər saatlarında Xaçmazın Ləcət kəndində dəhşətli qətl baş verib.
APA-nın verdiyi məlumata görə, kənd sakini, 46 yaşlı Rəhman Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasını güllələyib. Aldığı xəsarətdən qayınanası 57 yaşlı Sona Yunusova yerindəcə ölüb, qayınatası Beykəs Yunusov isə Xudat şəhər xəstəxanasının təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.
R.Osmanov artıq şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.