Əlcəzair XİN başçısı Azərbaycana gəlir
Qanunsuz narkotik dövriyyəsində ittiham olunaraq şərti cəza təyin olunmuş sabiq polis əməkdaşı Tural Mahmudov barəsindəki hökmdən verilmiş apellyasiya protestinə baxılıb.
Bizimlider.com-un əldə etdiyi xəbərə görə, prokurorun şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsində yenidən araşdırılan işlə bağlı qərar elan olunub.
Hakim Rəşad Abdulovun sədrlik etdiyi məhkəmə heyəti Tural Mahmudov barəsindəki cəzanı ittihama görə həddən artıq yüngül hesab edərək birinci instansiya məhkəməsinin hökmünü tamamilə ləğv edib.
Məhkəmənin qərarı ilə Tural Mahmudov Cinayət Məcəlləsinin 234.4.3(qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay azadlıqdan məhrum olunub. Sabiq polis əməkdaşı məhkəmə zalında həbs olunub.
Xatırladaq ki, Tural Mahmudov Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən həbs olunub. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 234.4.3 ( qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham verilib. İbtidai və məhkəmə istintaqı zamanı həbsdə olan Tural Mahmudov may ayında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası alaraq azadlığa buraxılmışdı.
Onu da qeyd edək ki, polis mayoru Tural Mahmudov əvvəllər Salyan Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə bölməsində əməliyyat müvəkkili, həmçinin pasport qeydiyyat şöbəsinin rəisi olub.
2018-ci ildə isə daxili işlər orqanlarından xaric olunub.
Bizimlider.com