Bəzi şəxslərin pensiyaları iki mərhələdə artırılacaq
Gələn aydan etibarən pensiyalarda iki istiqamətdə artımlar həyata keçiriləcək: həm minimum pensiya artırılacaq, həm də əmək pensiyaları indeksləşdiriləcək. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncama uyğun olaraq minimum pensiya məbləği bu ilin fevral ayından 280 manatdan 320 manata çatdırılacaq.
Bizimlider xəbər verir ki, bu sözləri iqtisadçı deputat Vüqar Bayramov "Facebook" hesabında yazıb.
O qeyd edib ki, əmək pensiyalarının indeksləşdirilməsi isə "Əmək Pensiyaları" haqqına Qanuna əsasən həyata keçirilir:
"Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə ortaaylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə ortaaylıq əməkhaqqı 8 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ölkə üzrə ötən ilin yekun əməkhaqqı artımının təxminən 8 faiz olacağı gözlənilir.
Bütün bunlarla yanaşı, bəzi vətəndaşlarımızın pensiyaları iki dəfə artırılacaq, yəni onların pensiyaları həm indeksləşdirməyə cəlb olunacaq, həm minimum pensiya məbləğinə çatdırılmaq üçün yenidən artırılacaq. Məsələn, əgər vətəndaşımız əmək pensiyası hüququnu 1 yanvar 2025-ci il tarixindən öncə qazanıbsa və onun pensiya məbləği 290 manatdır, yəni yeni minimum pensiya məbləğindən (320 manat) azdırsa, bu zaman da onun pensiya məbləği indeksləşdiriləcək və pensiyasına 23.2 manat əlavə olunacaq. Çünki indeksləşdirmə ilə bağlı sənəd hər il fevral ayında imzalansa da, o yanvarın 1-dən qüvvədə olur".
"Yəni ilin əvvəlindən etibarən bütün əmək pensiyaları indeksləşdirlir. Amma bizim nümunədə alınan məbləğ - 313.2 manat, yeni minimum pensiya məbləğindən az olduğu üçün həmin rəqəm daha sonra 320 manata çatdırılacaq. Deməli, həmin vətəndaşımızın pensiya məbləğinə həm indeksləşdirmə, həm də birbaşa artım tətbiq olunacaq", - deyə V.Bayramov bildirib.