Azərbaycanda səhiyyə islahatları uğurla davam edir
İlham Əliyev: "Hər il Azərbaycanın dövlət büdcəsində səhiyyə məsələlərinin həlli üçün kifayət qədər vəsait ayrılır"
Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir. Tibb sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında müstəsna xidmətləri olan Azərbaycan Tibb Universitetinin keçdiyi yol da səhiyyəmizin inkişafı baxımından mühüm mərhələdir. Prezident İlham Əliyevin Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik klinikasının tikilməsi ilə bağlı 2007-ci il sentyabrın 11-də imzaladığı Sərəncam və bir neçə gündən sonra da həmin klinikanın təməlqoyma mərasimində iştirakı bir daha göstərdi ki, dövlətimizin başçısı milli səhiyyənin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Bu məsələdə Heydər Əliyev Fondunun fəaliyyəti də geniş maraq doğurur. Azərbaycanda səhiyyənin inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Fondun xidmətlərini xüsusi qeyd etmək lazımdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ana və uşaq sağlamlığının qorunması, talassemiyadan əziyyət çəkən körpələrin müalicəsi, bütövlükdə səhiyyəmizin inkişafı ilə bağlı həyata keçirdiyi geniş fəaliyyət proqramı ölkəmizdə səhiyyə sisteminin inkişafında əhəmiyyətli rol oynayır. Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlər əhalinin sağlamlığının qorunması, gənc nəslin fiziki tərbiyəsi və sağlam böyüməsi işinə mühüm töhfələr verir.
Azərbaycanda koronavirusa ilk yoluxma halı müəyyənləşən vaxtdan aidiyyatı orqanlar çox ciddi tədbirlər həyata keçirir. Ölkəmizdə bu istiqamətdə görülən operativ və davamlı işlər ölkə ictimaiyyəti, o cümlədən həkim və mütəxəssislər arasında dərin razılıq hissi doğurub.
– Təqdirəlayiq haldır ki, Azərbaycan hökuməti bu mövzuya çox açıq yanaşdı. Ümumdünya Səhiyyə Təşkilatı, ölkə əhalisini operativ şəkildə məlumatlandırdı. Görünən budur ki, Azərbaycan hökuməti hazırda koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirir. Azərbaycanda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb. Ölkəmizdə karantin və xəstəlik aşkar olunan insanların müalicəsi üçün 6 xəstəxana ayrılıb.
Koronavirusun aşkar olunduğu ölkələrdən gələn şəxslərin müayinəsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ixtisaslaşmış xəstəxana və laboratoriyalar xəstəliyin müayinəsi və müalicəsi üçün müvafiq avadanlıqlarla və dərman preparatları ilə təmin edilib. Peşəkar həkimlər bölgələrdə bu məqsədlə ayrılmış xəstəxanalara ezam olunublar. İnfeksiyaya yoluxmuş şəxslərin müalicəsi, onların mümkün kontaktlarının müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
Bir təcrübəli həkim kimi ölkə vətəndaşlarına tövsiyəm var. Bu günlərdə hamı sanitar-gigiyena qaydalarına ciddi əməl etməlidir. Çünki istənilən çirkli yerə toxunduqda, virusa yoluxma ehtimalı mümkündür. Buna görə də çirkli yerlə təmasdan sonra əlin ağıza, buruna və ya gözə vurulması təhlükəlidir. Koronavirusların simptomları öskürək, boğaz ağrısı və bəzən hərarət kimi hər hansı yuxarı tənəffüs yoluxmasına bənzəyir.
Lakin əhali qorxu və təlaş keçirməsin. Azərbaycan səhiyyəsi bu gün yüksək inkişaf edib. Bizim səhiyyə sistemində peşəkar və fədakar həkimlərimiz çoxdur. Zərrə qədər şübhə etmirəm ki, ölkə səhiyyəsi bu böyük sınaqdan üzüağ çıxacaq.
Ramilə Bayramqızı Əliyeva
7 saylı Bakı şəhər poliklinikasının həkim-onkoloqu