Vaxtilə Gürcüstandan müalicə üçün gəlirdilər, indi isə həkim tapılmır - FOTO
22 mindən çox əhalisi olan Balakənin Qabaqçöl qəsəbəsinin xəstəxanası qəzalı vəziyyətdədir.
Bizim.media-nın yerli bürosu xəbər verir ki, Qabaqçöl qəsəbəsi rayonun ən ucqar yaşayış məntəqəsi hesab olunur.
Altı kəndi və bir qəsəbə mərkəzini birləşdirən bu qəsəbədə 22 mindən çox əhali yaşayır. Qəsəbədə lazımi infrastruktur yaradılsa da, xəstəxana qəzalı vəziyyətdədir, təcili yardım heç 3-4 saata gəlmir.
Kənd sakinlərinin, xüsusən, ağsaqqalların müraciəti əsasında Qabaqçöl xəstəxanasındakı vəziyyətlə tanış olmaq məqsədilə əməkdaşlar deyilən məkana yollanıblar.
Onlar sakinlərlə xəstəxananın həyətinə daxil olsalar da, sonradan TƏBİB-dən qadağa gəlib və onları bayıra çıxarıblar.
Əməkdaşları müşayiət edən kənd ağsaqqalı Hacı Osmanov sakinlərə qarşı bu hərəkəti biabırçılıq kimi qiymətləndirib:
“Bu TƏBİB-in öz biabırçılığıdır. Axı yaxşı bilirlər ki, daxildə vəziyyət nə gündədir. Xəstəxananın döşəməsi, tavanı, həkimi yoxdur. Həkimlərimiz var, sadəcə hamısını rayon mərkəzi xəstəxanasında işlədirlər. Bir dənə təcili yardım maşını yoxdur. Buradan Balakənə 35-40 km yol edir, kəndin başından Balakən mərkəzi xəstəxanasına təcili yardım çağırası olsaq, gəlməkləri 3-4 saat vaxt çəkir”.
Vaxtilə burada Gürcüstandan gəlib müalicə olunublar
Qəsəbə ağsaqqallar şurasının sədri Hacı Osmanov çıxılmaz vəziyyətdə qaldıqlarını deyib.
Rəsmi müraciət yazaraq dəfələrlə TƏBİB rəhbərliyini qəsəbəyə dəvət etdiklərini, lakin bir faydası olmadığını vurğulayıb. Digər qəsəbə ağsaqqalı Maqsud Bazarov da onlara boş vədlər verildiyini söyləyib:
“İndi ailə sağlamlıq mərkəzi adlandırıblar. Amma bu, vaxtilə Qabaqçöl kənd xəstəxanası olub. Böyük xəstəxana idi və bütün şöbələri vardı. Şəxsən mən 50-ci illərdə burada müalicə olunmuşam. Gürcüstandan hətta buraya müalicəyə gəlirdilər. Bundan əlavə hələ bir ambulatoru da vardı. O da ləğv olunub getdi”.
Dünya, Avropa və Olimpiya çempionları yetişdirən qəsəbə
Qeyd edək ki, Qabaqçöl qəsəbəsi dünya və olimpiya çempionları, məşhur ziyalıları ilə tanınır. Sakinlər qəsəbədə infrastrukturun yetərincə yeniləndiyini, təkcə sağlamlıq baxımından ciddi problemlə qarşılaşdıqlarını deyiblər. Digər qəsəbə sakini, sahibkar Musa Dibirov qəsəbənin infrastrukturundan razılıq edib.
Deyib ki, qəsəbədə ən vacib infrastruktur obyektlərindən biri yanğınsöndürmə məntəqəsidir ki, inşa olunub. İkincisi - polis şöbəsidir ki, ötən il istifadəyə verilib və qəsəbənin mərkəzində ikimərtəbəli binada yerləşir.
M.Dibirov qəsəbə sakinlərinin çətinliyinin yalnız xəstəxana ilə bağlı olduğunu bildirib:
“Biz dəfələrlə Səhiyyə Nazirliyindən, TƏBİB-dən xahiş eləmişik ki, bu, yenidən inşa olunsun”.
Musa Dibirov ümid edir ki, onların səsinə səs verən tapılacaq. Kənd ağsaqqalı Hacı Osmanov bildirib ki, qəsəbə ərazisində ondan çox tanınmış həkim var və hazırda onlar müxtəlif yerlərdə çalışırlar. Əgər xəstəxana olacaqsa, onların hamısı qəsəbəyə dönüb elə buradaca fəaliyyətlərini davam etdirmək istəyirlər.
Xəstəxana önündə kənd ağsaqqalları ilə birsaatlıq söhbət ərzində Balakən Rayon İcra Hakimiyyəti və yerli strukturların dərhal reaksiya göstərməsi diqqətdən yayınmayıb. Qəsəbə bələdiyyə və icra nümayəndələri gələrək sakinlərin haqlı olduğunu qeyd ediblər.
Qəsəbə icra nümayəndəsi Cuma Xəlilov bildirib ki, onlarda olan məlumata əsasən, burada Ailə və sağlamlıq mərkəzi inşa olunacaq.
Məsələ ilə əlaqədar TƏBİB-ə sorğu ünvanlanıb. Üzərindən günlər keçməsinə baxmayaraq, nə cavab verilib, nə də münasibət bildirilib...