Türkiyənin bu şəhərində Rusiyanın Baş Konsulluğunun yeni binası açıldı
Türkiyənin Antalya şəhərində Rusiya Baş Konsulluğunun yeni xidməti binasının açılışı olub.
Açılış mərasimində Rusiya Federasiyasının Antalyadakı baş konsulu Sergey Vetrik çıxış edib. O qeyd edib ki, Antalyada on minlərlə Rusiya vətəndaşı yaşayır və bir neçə milyon rus hər il buraya istirahətə gəlir. Konsul qeyd edib ki, 2023-cü ildə Antalyaya 3,5 milyon rusiyalı turist gedib.
“Biz konsulluq vəzifələrimizlə yanaşı, Rusiyanın Ankaradakı səfirliyinin rəhbərliyi altında Rusiya-Türkiyə münasibətlərinin inkişafına öz töhfəmizi veririk. Ötən il ərzində biz bir çox Rusiya-Türkiyə tədbirlərində iştirak etdik. Şübhəsiz ki, onlardan ən mühümü Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Antalya Diplomatik Forumunda iştirakı olub”, - konsul bildirib.
Vetrik bir çox mədəni tədbirlərin, o cümlədən dünya şöhrətli rus rəssamlarının iştirakı ilə rəsm sərgilərinin, bayram və idman tədbirlərinin təşkil edildiyini də qeyd edib.