bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Avropanı təhdid edən çağırış: Ümidlər yenə Azərbaycanadır

14-09-2024, 10:19 0 dəfə baxılıb



2024-cü ilin dekabrında Rusiya qazının Ukrayna vasitəsi ilə Avropaya çatdırılmasına dair razılaşmanın müddəti başa çatır. Bu məsələdə razılığın əldə olunması üçün hər üç tərəfin üz tutduğu ünvan Azərbaycandır.

İki ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi Avropanın enerji təhlükəsizliyində ciddi problemlər yaradıb. Moskva ilə bütün sahələrdə əməkdaşlığı dayandırmağı hədəfləyən Qərb enerji asılılığını azaltmaq üçün alternativ mənbələrə üz tutur. Təbii ki, bu prosesdə Avropa üçün ən ideal seçimlərdən biri Azərbaycandır. Artıq Bakı 10 ölkəni mavi yanacaqla təmin edir. Onlardan yeddisi Avropa İttifaqının üzvüdür.

Avropanı təhdid edən çağırış

Bu günlərdə İtaliyaya işgüzar səfəri zamanı Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edən Prezident İlham Əliyev də bu məsələyə xüsusi vurğu edib. "Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır", - deyə Azərbaycan Prezidenti bildirib. İndi isə Qərb dövlətləri qarşısında enerji təhlükəsizliklərini təhdid edən yeni bir çağırış var. 2024-cü ilin dekabrında Rusiya qazının Ukrayna vasitəsi ilə Avropaya çatdırılmasına dair razılaşmanın müddəti başa çatır. Tərəflər bu məsələdə ortaq mövqeyə gələ bilmirlər. Əgər bu razılıq əldə olunmazsa, Avropanın dörd ölkəsində - Macarıstan, Slovakiya, Çexiya, Avstriyada - ciddi enerji problemi gözlənilir. Nəticədə tək Slovakiyanın büdcəsində 800 milyon avroluq bir defisit yaranması təhlükəsi var ki, bu, çox ciddi iqtisadi itkilər sayılır.

Qərbin nicat yolu yenə Azərbaycandır

Qərb düşdüyü bu çətin vəziyyətdə nicat yolunu yenidən Azərbaycanda görür. Artıq Bakı ilə bu problemin həlli istiqamətində danışıqlar aparılır. Bu məsələdə bir neçə məqam xüsusilə vurğulanmalıdır. Azərbaycan qazının Rusiyadan keçməklə Ukrayna üzərindən tranzit olaraq Qərbə daşınması ilə bağlı müraciət məhz Brüssel və Kiyevdən gəlib. Bu müraciətləri nəzərə alan Azərbaycanın ali rəhbərliyi Kiyev və Moskva arasında qaz məsələsində vasitəçilik etməyə razılıq verib.

Bütün tərəflərin etimad etdiyi ölkə

Bu fakt bir daha Azərbaycan Prezidentinin diplomatik məharəti, rəsmi Bakının yürütdüyü siyasətin proqnozlaşdırılan, ardıcıl və peşəkar olması, həmçinin ölkəmizin uzun illərdən bəri etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Məhz məlum siyasət nəticəsində hazırda konfrontasiya halında olan üç tərəf arasında enerji böhranının həllində ən ideal seçimin Azərbaycan olduğu hamı tərəfindən qəbul edilir. Azərbaycanın müharibə nəticəsində Ukraynaya humanitar yardımları, ərazi bütövlüyü və suverenliyinə davamlı siyasi dəstəyi və bu çətin anlarda enerji təhlükəsizliyinin təmininə verdiyi töhfələr rəsmi Kiyev tərəfindən Bakıya etimadın əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Rusiya ilə münasibətlərini daim ən üst səviyyədə saxlayaraq Qərbin tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Bölgədə uzlaşdırıcı, qarşılıqlı hörmət və milli maraqlara əsaslanan praqmatik siyasətlə Moskva ilə münasibətlərin inkişafına daim diqqət yetirib. Bu səbəbdən məlum danışıqlarda vasitəçilik rolunu peşəkar və tərəfsiz formada reallaşdıra biləcək yeganə dövlət Azərbaycandır.

Müəyyən nikbinlik var

Yeri gəlmişkən, Prezident İlham Əliyev Çernobbio forumunda çıxışında bu məsələyə diqqət çəkib. Onun sözlərinə görə, bir neçə aydır ki, ümumi məxrəcə gəlmək üçün böyük səylər göstərilir: "Məlumdur ki, bu tranzit dayanarsa, - bu isə dekabr ayına təsadüf edəcək, - bir neçə Avropa İttifaqı ölkəsi təbii qazın fiziki əlçatanlığı ilə bağlı ciddi çətinliklərlə üzləşəcək. Biz, sadəcə, həmin ölkələri və Ukraynanı dəstəkləmək istəyirik. Çünki qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaqdır. Bizdə müəyyən nikbinlik var. Çünki biz bu kontekstdə hər iki ölkə ilə təmasdayıq və görürük ki, ciddi irəliləyiş üçün zəmin var. Ancaq tərəfimdən təfərrüatların açıqlanması erkən olar. Burada uğura nail ola bilsək, zənnimcə biz bütün regionu viran edən bu müharibəyə son qoymaq üçün əlavə addımlar ata bilərik".

Bakı tək vasitəçi deyil

Azərbaycan Prezidentinin çıxışından da göründüyü kimi, nikbinlik var və bu, rəsmi Bakının qol qoyduğu bütün problemli məsələlərin müsbət sonluqla yekunlaşması üçün hədəflədiyi məqsədlərə, bütün vəzifələrə nail olduğunun göstəricisidir. Onu da qeyd etmək yerinə düşər ki, burada əsas alternativ mənbə qismində yenə Azərbaycan çıxış edir. Yəni, Bakının rolu tək vasitəçilik missiyası ilə yekunlaşmır, həm də bu təşəbbüsdə əsas söz sahibidir.

Son söz yenə də Kiyev və Moskvanın olacaq

Məlum danışıqların hansı sonluqla yekunlaşacağı yaxın zamanlarda bilinəcək. Əgər Bakının enerji məsələsindəki vasitəçilik missiyası uğurlu nəticələr versə, bu, Kiyev və Moskva qarşısında yeni imkanlar pəncərəsinin açılması anlamına gəlir. Tərəflər etimad etdikləri və vasitəçilik missiyasını uğurla başa vuran bir ölkənin timsalında qanlı müharibəyə son qoymaq üçün yeni əlaqələndirici qazanmış olacaqlar. Prezident İlham Əliyevin "burada uğura nail ola bilsək, zənnimcə biz bütün regionu viran edən bu müharibəyə son qoymaq üçün əlavə addımlar ata bilərik" bəyanatını tərəflərə ilkin çağırış kimi də qiymətləndirə bilərik. Təbii ki, bu məsələdə son söz yenə də Kiyev və Moskvanın olacaq.
Lakin istər qaz tranziti ilə bağlı Bakıya edilən müraciətlər, vasitəçilik missiyası, istərsə də münaqişə tərəflərinin göstərdiyi etimad Azərbaycanın bu gün çox böyük beynəlxalq nüfuza və etibara sahib olduğunu göstərir. Bu, Azərbaycanın ali rəhbərliyinin liderlik keyfiyyətləri, diplomatik zəkası və praqmatik, milli maraqlara əsaslanan siyasətinin təzahürüdür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930