bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

«12 bağçamızın hamısı bağlanıb, bu ili itirmişik» - İş adamı

20-04-2020, 12:41 44 dəfə baxılıb

«12 bağçamızın hamısı bağlanıb, bu ili itirmişik» - İş adamı
Koronavirus və karantin tədbirlərinin ən çox təsir etdiyi sahələrdən biri də təhsil sektorudur. Təhsil müəssisələrinin əksəriyyəti dövlət sektoru olduğuna görə ilk baxışdan bu sahədə iş adamlarına zərər azolmalıdır. Amma xüsusilə bağçalar və məktəbəqədər digər özəl müəssisələr karantin tədbirlərindən böyük zərər görən bizneslərdəndir.

Bakıda 10-dan artıq uşaq tədris mərkəzini idarə edən “EDU Co. Konsaltinq” karantin tədbirlərindən böyük zərərdədir.

Şəbəkəsinin direktoru Rasif Dünyamalıyev FED.az-a bildirib ki, martın 3-dən şirkət fəaliyyətini dayandırıb:
«Mənin 12 müəssisəm, 200-ə yaxın əməkdaşım var. Ümumilikdə 12 müəssisədən ibarət reabilitasiya, uşaq bağçaları, hazırlıq kursları - bunların hamısı fəaliyyətsizdir».

Kursların fəaliyytini dayandırması şirkətə eyni vaxtda 3 problem yaradıb – ödənişlərin kəsilməsi, eyni zamanda işçilərin əmək haqqı və icarə haqlarının ödənişi.

Rasif Dünyamalıyev deyir ki, mərkəzlər fəaliyyətini dayandıran kimi, valideynlər tərəfindən ödənişlər də kəsilib. Mərkəzə gəlməyən uhaqların valideynləri ödəniş etməyi dayandırıblar «Ödəniş üzrə müqavilələrimiz illik bağlanılıb. Amma ödənişər aylıq edilirdi. Qərar verilmişdi ki, martın 10-na qədər edilsin, sonra müddəti ayın 27-nə qədər uzatdıq. Amma əksəriyyət valideynlər bundan imtina etdi».

İş adamı bildirir ki, ödənişi almaq üçün hüquqi prosedura keçmək olardı, amma şirkət öz müştərilərinə qarşı bunu etməyib: «Amma biz müştərimizlə məsələni o vəziyyətə gətirmədik. Bir çox özəl məktəblərdə təhsil haqqı ödənişləri illik əsasında olduğuna görə, əksəriyyəti bu vəsaiti alıblar. Amma uşaq bağçalarında bu ənənə yoxdur, valideynlər bunu etmirlər».

Ödənişlərin kəsilməsi şirkəti əmək haqqı problemi ilə üz=üzə qoyub: «Bu müəssislərin balansında 200-ə yaxın rəsmi qeydiyyatda olan əməkdaş çalışırdı. Onların hamısının əmək müqaviləsi var».

Koronavirusun təsirini azaltmaq üçün Nazirlər Kabinetinin qəbul etdiyi Tədbirlər Planında şirkətlərə dəstək üçün əmək haqları üçün dövlət tərəfindən ödənişlərin verilməsi nəzərdə tutulur. Belə ödənişi “EDU Co. Konsaltinq” də alıb, amma şirkət rəhbəri məbləğdən razı qalmayıb: «Dövlət bütün deyil, bir neçə köçürmə edib. Bu dəstək də rəsmi əməkhaqqının 60%-ni təşkil edir. Rəsmi açıqlamada bildirilirdi ki, orta aylıq əməkhaqqı, yəni 712 manatdan aşağı əməa haqqı olanların maaşları tam ödəniləcək. dır. Bunu işçilərimiz də oxyublar, amma indi biz hesaba gələn pulu onlara göstərəndə məsələyə şübhəli yanaşırlar. Bunun necə hesablandığını bilmirik. Bu 60% ödənişin içərisində DSMF ödənişi də varmı, yoxsa biz onu öz cibimizdən ödəməliyik. Onu da bilmirik, izahat üçün müraciət etmişik».

Şirkət direktoru bildirir ki, dəstək paketindən kənarda qalan rəsmi işçiləri də var, amma vaxtında DSMF haqqı ödənilmədiyi üçün həmin işçilərə görə ödəniş verilməyib: «Ötən ilin sentyabr ayında üç yeni müəssisə açmışdıq. Yeni olduğuna görə, çatdırıb DSMF ödənişlərini edə bilməmişdik. Amma hesabatları vermişik, yəni bizim dövlətə borcumuz var. Onsuz da dövlət öhdəliyin icra edilmədiyi üçün cərimə hesablayır, o pulu bizdən alacaq. Amma onlar dəstək paketindən kənarda qalıblar. Halbuki həmin işçilər o müəssislərdə çalışıb və hazırda da qeydiyyatdadırlar. İşçini işdən çıxarmağa da icazə yoxdur ki, biz onları işdən çıxardaq heç olmasa işsiz kimi qeydiyyata düşsünlər».

Rasif Dünyamalıyev müəssisələrin iki aydır icarə haqlarını ödəyə bilmdəiklərin də deyib: «Bəzi icarəçilər var, sağ olsunlar, 100%, bəziləri 50% endirim ediblər, bəziləri etmirlər. İcarədə yaranmış şərtlər bizim gələn ilki icarə xərclərimizi artıracaq. Çünki qalmış borclar gələn ilə ötürüləcək. İcarədarlar bu xərcləri bu il də istəməsə, gələn il icarəni artıq alacaqlar. Bu xərcləri rəqəm olaraq hesablamamışıq. Çünki icarədarların bəziləri pandemiyanın nə qədər davam edəcəyi ilə bağlı qərarı gözləyir».

İş adamı bildirir ki, dövlət qurumları biznesə dəstək məsələsində təhçil qurumlarının fəaliyyətinin nə vaxtdan dayandığını dəqiq nəzərə almalıdırlar: Karantinin nə üçün olduğu aydındır və buna etirazımız yoxdur. Dəymiş zərər də karantin dövrünə əsasən hesablanır. Amma rəsmi karantin mart ayının 20-dən sonra rəsmi elan olunsa da, bağçalar martın 3-dən bağlanmışdı. Yəni biz artıq martın 3-dən işləmirik, bunun nəzərə alınmasını istəyirik».

Rasif Dünyamalı yenə də valideynlərin ödəniş etməməsini xatırlayır və bildirir ki, əsas problemi məhz bu yaradıb: «Əgər biz ödəniş alsaydıq, dövlətin dəstəyinə ehtiyacımız da olmazdı. Bu ödənişlər əsasında əməkhaqqını da verərdik, icarə haqlarını da. Bu zaman biz valideynə borclu olacaqdıq. İş başalyandan sonra da biz o borcumuzu qaytaracaqdıq. Hazırda ödənişlər olmadığına görə, dövriyyədə vəsait yoxdur».

Aprel ayı hələ bitməsə də şirkət rəhbəri bu il faktiki olaraq qazanc olmayacağını bildirir: «Bağçalar iyul, avqust aylarında işləmir, təxminən 80% azalma olur. Amma may, iyun işlək aylar hesab olunur. Tədris müəssisələri may ayında açılsa belə, insanların reaksiyasının necə olacağını bilmirik. Yəni valideynlər ehtiyat edəcəklər, onların övladlarını gətirib-gətirməyəcəkləri qeyri-müəyyəndir. Ümumilikdə 4 aylıq bir ziyan hesablayıram».

Amma hazırda ən böyük problem vəziyyətin hələ də qeyri-müəyyən olmasıdır. İş adamı bildirir ki, hətta karantin bitəndən sonra da biznesinin necə işləyəcəyi məlum deyil: «Sentyabr ayında da üç yeni layihə açmalıyam. Hazırda bu üç obyektdə təmir işləri gedir. İndi mən bu müəssisələri aça biləcəmmi, ya yox? Hazırda mövcud olan 12 müəssisənin fəaliyyətini yeni mövsümdə davam etdirə biləcəmmi, ya yox? Bu sahibkarlar karantin müddəti bitəndən sonra nə edəcəklər? Dövlət onlara necə kömək edəcək ki, fəaliyyətini davam etdirə bilsin? Bu məsələlər hələ qeyri-müəyyəndir. Ola bilər ki, təhsil müəssisələri digər yerlərlə müqayisədə daha sonra açılsın. Ola bilər ki, sentyabr ayına qədər təhsil müəssisələrinin fəaliyyətinə ümumiyyətlə, icazə verməsinlər. O zaman bu sahədə çalışan insanlar necə olacaq?!».

R. Dünyamalıyev çıxış yolunu dövlətin Tədbirlər Planında pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən biznes subyektlərinə nəzərdə tutulmuş “Yeni verilən kreditlərə dəstək proqramı”nın tezləşməsində görür: «Bu kreditləri versələr qarşıdakı xərcləri kompensasiya edə bilərik. Bu tək Azərbaycanın yox, bütün dünyanın qarşılaşdığı bir vəziyyətdir».






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930