Zakir Qaralov hansı posta gətirilir? - Gözlənti
Ötən gün Prezident İlham Əliyev təqdimat əsasında Baş Prokurorun müavini, həm də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin Baş Prokuror vəzifəsinə namizədliyini irəli sürdü.
Təqdimata Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında baxılacaq. Layihə müzakirə edildikdən sonra plenar iclasa tövsiyə ediləcək. Yəni Kamran Əliyevin Baş Prokuror təyin edilməsi yüzə yüz reallaşacaq. Kamran Əliyevi dövlət ittihamçısı kimi Bakı Ağır Cinayətlər Məhkəməsindən tanıyıram, xaraktercə sakit insandı, yəni Zakir Qaralov ola bilməyəcək.
Keçək 2000-ci ildən 2020-ci ilə kimi Baş Prokuror Zakir Qaralovla bağlı araşdırmaya. Göstərilən tarixlərdə yeganə 2 rəqəmi dəyişsədə bu 20 ildə Zakir Qaralovun həyatında sözün yaxşı mənasında çox şey dəyişdi.
Köhnə Yeni ildə ( 13 yanvar) dünyaya gələn Zakir müəllimi hələ qarşıda Ya Ali Məhkəmə, ya da Konstitusiya Məhkəməsinin hakimi kimi önəmli vəzifələr gözləyir. Qeyd edim ki, bu məhkəmələrdə hakimlər demək olar ki, ömürlük seçilir. Konstitusiya Məhkəməsində 15 illikdir onu dəqiq bilirəm. Azərbaycan təcrübəsində hüquq-mühafizə orqanlarında rəhbər vəzifə tutan məmurlar işdən çıxarılan zaman tutulmurlarsa ya məhkəmə sisteminə, ya da Prezident Administrasiyasına istirahətə göndərilirlər. Aşağısı isə səfir kimi mükafatlandırılırlar, misal üçün Eldar Həsənov, Namiq Abbasov kimi...
Keçmişə bir balaca uzaqdan baxanda görürük ki, düz 25 il 2 ay Daxili İşlər Naziri olan 72 yaşlı Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edildi. Yəni dövlət qarşısında göstərdiyi xidmətlər nəzərə alındı.
2007-ci ildən 2017-ci ilə kimi Bakı Şəhər Prokuroru kimi mühüm post tutan 64 yaşlı Əziz Seyidovda Ali Məhkəmənin Hərbi Kollegiyasının sədri təyin olundu. Kriminal sahədə işləyən jurnalist kimi təcrübəmdən deyə bilərəm ki, Əziz Seyidovun da dövlət qarşısında xidmətləri çoxdu, cinayətkarlığa qarşı sərt mübarizə aparmağı ilə daim fərqlənib.
64 yaşlı Mahir Muradov da uzun illər, yəni 2004-cü ildən 2012-ci ilə kimi Nizami Rayon Prokuroru vəzifəsində çalışdı sonra isə Konstitusiya Məhkəməsinə hakim təyin olundu. Uzun illər Bakının müxtəlif rayonlarında prokuror vəzifəsində çalışan Aqşin Ziyadov da 2017-ci ildə prezidentin fərmanı ilə yeni yaradılan Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi təyin olundu.
Yəni bu siyahını kifayət qədər uzatmaq olar ki, əsasən də prokurorluq sistemində yüksək vəzifədə işləyən məmurlar yaş senzi ilə əlaqədar işdən azad olunanda mühüm postlarda yenidən vəzifə tuturlar. Bu baxımdan Zakir Qaralovun sadaladığım insanlardan da şanslı olası məmurdu. Ən azı Ali Məhkəməyə hakim kimi təyin olunacaq. Xatırladım ki, bu ilin fevral ayında Ali Məhkəmənin 7 hakimi son yaş həddi çatdığı üçün təqaüdə göndərilib.
Amma Zakir Qaralovdan sonra Baş Prokurorluqda “yarpaq tökümü”nün başlanması dəqiqdir. Bunu biz Ramil Usubov gedəndən sonra Vilayət Eyvazovun gəlişi zamanında gördük. Eyni ssenari, Vilayət Eyvazov da Ramil Usubov məktəbi keçmiş bir zabit idi, Kamran Əliyev də Zakir Qaralovun dövründə yüksələn prokurorlardandır. //yenisabah.az//