bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Belə davam edərsə, yaxın zamanda hamı eynək taxmağa məcbur olacaq” - Həkimdən AÇIQLAMA

10-07-2020, 11:52 266 dəfə baxılıb

“Belə davam edərsə, yaxın zamanda hamı eynək taxmağa məcbur olacaq” - Həkimdən AÇIQLAMA
Son günlər sosial şəbəkələrdə kompüter, telefon və digər elektron vasitələrdən çox istifadənin görmə zəifliyinin yaranmasına səbəb olduğuna dair paylaşımlar edilir.

Ötən həftə ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində qonaq olan təhsil üzrə ekspert Kamran Əsədov çıxışında bu məqama toxunub. O bildirib ki, pandemiya dövründə onlayn təhsilin müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də qaçılmazdır:

“Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb. Şagird və tələbələrə dərs prosesi onlayn qaydada, internet resursları üzərindən keçirilir. Təbii olaraq, şagirdlərin, tələbələrin hər biri eyni keyfiyyət dərəcəsində, qoruyuculuğu yüksək olan elektron cihazlardan istifadə etmirlər.

Bunun nəticəsidir ki, bu gün şagirdlərin 65 faizində görmə zəifliyi ilə bağlı şikayətlər artıb. Eyni zamanda, bir neçə saatlıq dərs prosesi ərzində düzgün şəkildə oturmamaq şagirdlərin onurğa sütununda skolioz və digər xəstəliklərin yaranmasına səbəb olur”.

Bu mövzu ilə bağlı həkim-oftalmoloqa müraciət etdik. ABŞ-ın Los-Anceles şəhərindəki Kaliforniya Universitetində (UCLA) orbital cərrahiyyə üzrə ixtisaslaşmış oftalmoloq, okuloplastik cərrah İmran Cərullazadə Oxu.Az-a açıqlamasında mövcud vəziyyətdən narahat olduğunu deyib.

Onun sözlərinə görə, hazırkı durum ilk növbədə insanların psixoloji vəziyyətinə mənfi təsir göstərir:

“Artıq neçə aydır ki, koronavirus pandemiyası bizim həyatımızı tamamilə dəyişib. Təsəvvür edin, aylardır sevdiyiniz insanlardan, əzizlərinizdən uzaqdasınız. Bir tərəfdən də, elə məhz onların sağlamlığı naminə bunu edirsiniz. Virusun yayılmasının qarşısını almaq üçün müxtəlif tədbirlər görülür.

Biz bu tədbirləri istər vətəndaş, istərsə də həkim kimi dəstəkləyirik. Təəssüf ki, karantin və izolyasiya məqsədilə atılan addımlar insanları dörd divar arasında yaşamağa məcbur edir. Təbii olaraq, bu vəziyyət bəzi insanların psixoloji durumu ilə yanaşı, görmə sisteminə də təsirsiz ötüşmür”.

Həkim deyir ki, bir neçə ay da belə davam edərsə, insanların böyük əksəriyyəti bir müddət sonra eynəklərdən istifadə etməyə məcbur olacaq:

“İnsan orqanizmi üçün gündəlik zəruri qidalanma ilə yanaşı, fiziki aktivlik də lazımdır. Fiziki aktivliyin məhdudlaşdırılması orqanizmin normal fəaliyyətinin pozulmasına gətirib çıxarır. Ciddi problemlərdən biri evdə qalan insanların görmə sistemində yaşanan problemlərdir.

Göz uzaq və yaxın məsafələr arasında aktiv işləməli olan orqandır. Hazırkı vəziyyətdə isə insanlarımız ev şəraitində maksimum 3,5 və ya altı metr məsafədən daha uzağa baxa bilmir və ya baxmaq istəmir.

Göz nə qədər yaxın məsafəyə fokuslanarsa, gözdaxili əzələlər yığılır və fokuslanan obyektin yaxınlıq məsafəsindən asılı olaraq, sinirlər gərginləşir. Uzaq məsafəyə fokuslandıqda isə, əksinə, göz alması tam boşalır və rahatlayır. Bu gün problem yaşlılarla müqayisədə, daha çox cavanlarda, xüsusilə məktəblilərdə müşahidə edilir.

Əfsuslar olsun ki, karantin rejimi çərçivəsində tədris prosesi onlayn qaydada aparıldı. Saatlarla kompüter, telefon arxasında oturmaq və bütün diqqəti qısa məsafəyə cəmləmək, şüa görmə sistemini sıradan çıxarır. Bizim gözlərimiz belə həyata nəinki öyrəşməyib, heç orqan olaraq gözün bu rejimdə fəaliyyəti mümkün deyil. Belə olan halda göz yorulur.

Bu, ən yaxşı halda gözdə miopiya xəstəliyinə, yəni uzaqdan görmənin zəifləməsinə səbəb olur. Belə davam edərsə, insanların böyük əksəriyyəti bir müddət sonra eynəklərdən istifadə etməyə məcbur olacaq. Son dövrlər eynəkdən istifadə edən insanların sayında müşahidə edilən artım da düşünürəm ki, bununla bağlıdır. Bunun səbəbi yaxın məsafədən uzun müddət işləməkdir”.

İ.Cərullazadə görmə zəifliyinin qarşısının alınması üçün insanların bir neçə məqama xüsusi diqqət etməsinin vacibliyini vurğulayıb:

“Gənclər, məktəblilər sağlamlıqlarını qorumalıdırlar. Başa düşürəm ki, müasir dövrdə kompüterdən, mobil telefondan istifadə etmədən hər hansı iş prosesini aparmaq qeyri-mümkündür. Lakin iş, dərs prosesində tez-tez fasilələr verilməli, gözlərin dincəlməsinə şərait yaradılmaldır.

Fasilə zamanı uzaq məsafəyə, sonsuzluğa baxmaq vacibdir. Evdən çıxmaq mümkün olmasa belə, pəncərədən, eyvandan maksimum uzaq məsafəyə baxmaq lazımdır. Bu, hər gün iki-üç dəqiqəlik bir müddətdə təkrarlanmalıdır.

Bu hərəkət gözlərin dincəlməsinə, əzələlərin rahatlamasına kömək edəcək, eyni zamanda, gözdə yaranan quruluğu da aradan götürəcək. Həmin qaydalara əməl etməklə gözlərinizi xəstəliklərdən qoruya bilərsiniz”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930