Vidadi Muradovun qandallanmasını qaçılmaz edən səbəblər - ilginc detallar...
“Azərxalça”nın rəhbəri Vidadi Muradovun mənimsəməyə görə həbs edilməsində “xalçaaltı məsələlər”in olması ehtimalı var. Sosial şəbəkələrdə geniş müzakirə olunan həbsin gerçək səbəblərinin başqa olması ilə bağlı müxtəlif versiyalar, fikirlər dartışılır, iddialar səslənir.
Vurğulanır ki, Azərbaycan gerçəkliyində onun “yediyi” vəsait elə də böyük məbləğ sayılmır. O baxımdan ki, əksər məmurların, vəzifəli şəxsin fəaliyyəti araşdırılsa, xeyli vəsait mənimsədikləri üzə çıxar.
Belə iddialar da var ki, maliyyə yoxlaması ilə Vidadi Muradova desəydilər ki, həmin məbləğin 2 qatını ödə, bunu ödəyə bilərdi. Ancaq onun birbaşa həbsinə qərar verilib. Onun gerçək suçu nə ola bilər?
“Şöhrət” orenli Vidadi Muradov xalçaçı-ekspert, tarix elmləri doktorudur. Eyni zamanda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektorunun müdiri, “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının baş redaktoru, YUNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komparativ tədqiqatlar Kafedrasının professoru, Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvüdür. O, 5 mart 1956-cı ildə Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olub. 1974-1980-ci illərdə Moskva Kooperativ İnstitutunun İqtisadiyyat fakültəsində “İqtisadiyyatın təşkili” ixtisası üzrə təhsil alıb. 1980-ci ildən etibarən 1994-cü ilədək respublikanın müxtəlif müəssisələrində iqtisadçı kimi fəaliyyət göstərib. 1994-cü ilin oktyabrında məramı unudulmuş çeşnilərin bərpası, yüksək keyfiyyətli xalçaların istehsalı, bir çox şəxsi kolleksiyaları və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının təbliği olan “Azər-ilmə” elmi tədqiqat və istehsalat mərkəzini təsis edib. “Azərxalça” ASC yaradılandan sonra qurumun idarə heyətinin sədri vəzifəsinə gətirilib.
Baş Prokurorluğun mətbuat xidmətinin Vidadi Muradovun həbsi ilə bağlı yaydığı rəsmi məlumatda qeyd olunur ki, 9 dekabr 2016-cı ildən 31 dekabr 2019-cu ilədək olan müddətdə o, digər şəxslərlə qabaqcadan əlbir olub və “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul köçürüb. Həmin məbləğin 1 milyon 149 min manat olan hissəsini nağdlaşdırılmaqla mənimsəyib.
Bundan başqa, Vidadi Muradov “Azərxalça” ASC-də toxunmuş xalçaları “Azər-İlmə” MMC-yə ucuz qiymətə satmaqla 339 min 427 manat əldə etməkdə ittiham edilir.
Vidadi Muradovun ittiham edildiyi digər epizod isə belə görünür ki, onun həbsində həlledici rol oynayıb.
İttihama görə, 28 mart 2019-cu ildə xarici bazarlarda qiyməti 800 min ABŞ dolları olan yun təmizləmə xəttinin alınması mümkün olsa da, Vidadi Muradov qeyriləri ilə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus olan Almaniyadakı şirkətlərdən biri 5 milyon 314 min avro olan podrat müqaviləsi bağlayıb. Yun təmizləmə xəttinin alınması üçün ilkin olaraq 1 milyon 800 min avro məbləğində pulu “Azərxalça” ASC-nin bank hesabından Almaniyadakı şirkətin bank hesabına ödəyib. “Azərxalça” ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf edib.
9 yanvar 2021-ci il tarixdə Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Hazırda “Azərxalça” ASC-nin vəzifəli şəxsləri tərəfindən törədilmiş digər cinayətlərdə hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi, habelə Cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bu, “Azərxalça” rəhbərinin həbsinin rəsmi tərəfidir. Gerçək səbəbləri ilə bağlı isə ortada ağlabatan məlumatlar yoxdur. Vidadi Muradovun sahibi olduğu “Azər-İlmə”də toxunan 5-6 xalçanı Avropa bazarlarına çıxarıb satması onun azı 3 milyon manat qazanması deməkdir. 2020-ci ilin aprelində İsveçrədəki səfir Xanım İbrahimovanın adı xalça qalmaqalına qarışmışdı. O dövrdə yayılan məlumatlardan belə aydın olurdu ki, İsveçrə rəhbərliyinə hədiyyə kimi göndərilən çox bahalı - qiyməti 500 min manatı aşan bir xalça yolda dəyişdirilib. Sırf əl işi olan və təbii materiallardan hazırlanan xalça sintetik iplərdən toxunan, qiyməti də müvafiq olaraq qat-qat ucuz olan “kitayski” xalçaya “çevrilmişdi”.
Bu qalmaqalı xatırlatmağımızın səbəbi təbii materiallardan toxunmuş xalçaların Avropa bazarlarında hansı qiymətə satılmasına diqqət çəkməkdir. Vidadi Muradovun “Azər-İlmə” rəhbəri olaraq il ərzində azı 40-50 belə xalçanı istehsal edib Avropa bazarına çıxarmaq imkanı olub.
Bununla belə, Vidadi Muradovun ittihamlar üzrə konkret hansı əməlləri törətməsi istintaqın nəticəsi olaraq bilinəcək.
“Yeni Müsavat”