"Bunlar pafoslu, boş – boş danışan kadrlar olmamalıdırlar - EKSPERT
Artıq uzun illərdir Azərbaycanda işsizlik problemi ölkənin ən ciddi bəlalarından birinə çevrilib. Xüsusən, Ali təhsilli gənclər təhsillərini baş vurduqdan sonra iş tapmaqda çətinlik çəkirlər. Xüsusi bilik və bacarığı olan gənclər isə, bir çox səbəblərdən Azərbaycanda qalıb işləməkdə maraqlı olmurlar. Aşağı maaş və perspektivsiz karyera onları ölkədən getməyə və xaricdə yüksək maaşlı və perspektivli işlərdə işləməyə təhrik edir. Hətta dövlət xətti ilə dünyanın müxtəlif universitetlərində təhsil almış tələblər belə,Azərbaycana qayıtmağa, burda işləməyə maraq göstərmirlər. Açığı, uzun illərin reallıqlarını da nəzərə alsaq,onları anlamaq o qədər də çətin deyil. Reallıqlar isə ondan ibarət olub ki, Azərbaycanda yüksək maaşlı işlərdə işləmək, karyera qurmaq və ya dövlət aparatında təmsil olunub idarəçilikdə çalışmaq üçün savad, yüksək təhsil və xüsusi bacarıqlar kifayət deyil. Mütləqdir ki, hansısa yüksək çinli məmurun yaxını olasan və ya külli miqrdarda pul tökəsən. H
Bu ilin iyulunda Prezident İlham Əliyev "Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə "Yüksəliş” müsabiqəsi təsis edilməli idi.
Bunun üstündən bir neçə ay keçdikdən sonra, bu günlərdə Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə bildirdi ki, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə "Yüksəliş” müsabiqəsi təsis edilib. Hazırda bu istiqamətdə çox ciddi hazırlıq işləri aparılır.
Ancaq bütün hallarda ciddi suallar ortaya çıxır. Bəs görəsən, gənclər bu müsbiqədə iştirak etməkdə maraqlıdırlarmı?
Təhsil eksperti Kamran Əsədov deyir ki, Azərbaycanda dövlət orqanlarına qəbul mərkəzləşmiş imtahan yolu ilə keçirlir. Namizədlər müsahibə müsabiqədə iştirak etdikdən sonra, işlə təmin olunurlar.
Onun sözlərinə görə, imtahanlar obyektiv və şəffaf keçsə də, dövlətin ehtiyacı olduğu yerlərə kadrları seçməklə tam əhatə olunmur.
"Yeni formata ehtiyac var idi və bu format "Yükslik müsabiqəsi” adı altında həyata keçrildi. Artıq burada adamların təkcə bilikləri yox, həm də bacarıqları nəzərə alıanacaq. Yəni, ola bilər ki, adamın yüksək təhsili olsun, amma idarəçilik bacarıqları olmasın, o seçilməyəcək. Ümumiyyətlə, bu "Yüksəliş müsabiqəsi” Azərbaycanın kadr ehtiyaclarını təmin etmək üçün bir kadr bazası olacaq. Əgər dövlət sabah hansısa kadr üçün müraciət etsə, kadr bazasından tələblərə uyğun şəxslər təqdim olunacaq və onlar təyinat alacaqlar. Bunlar administrasiyada da təmsil oluna bilərlər, icra başçısı da təyin oluna bilərlər. Artıq dövlət özünün kadr potensialını biləcək ki, bizim nəyimiz var, nəyimiz yoxdur”, - deyə Kamran Əsədov bildirib.
Ekspert deyir ki, xaricdə təhsil alan gənclər də müsabiqədə iştirak edə biləcəklər.
Onun sözlərinə görə, burada fərq etmir kim harda təhsil alıb, əsas məsələ bilik və bacarıqlardır.
"Bu gün Azərbaycanın gənc kadrlara ehtiyacı var, amma bunlar pafoslu, boş – boş danışan kadrlar olmamalıdırlar. Yəni məni bu vəzifəyə düzəldin bütün hər şeyi düzəldəcəm deyən adamlarla yox, həqiqətən xüsusi bilik və bacarıqları olan adamlara işləmək lazımdır. Təəssüf ki, bu günə qədər təyinatların bir çoxu qohumluq əlaqələri və başqa vasitələrlə olub. Ancaq bundan sonra bu problem aradan qalxacaq. Cünki kadrlar şəffaf və obyektiv, tam əhatəli müsahibə və müsabiqələrdən keçdikdən sonra qəbul ediləcəklər”, - deyə təhsil eksperti Kamran Əsədov bildirib.