Koronovirus Azərbaycan iqtisadiyyatına ziyan vuracaq
Bir neçə il öncə quş qripi dünyanı qorxuya salanda təşfiş və həyəcana düşən adamlar toyuq əti, yumurta hətta yumurta istifadə olunan qida məhsullarını almağa qorxurdular.Buna görə həm quş əti, həm də yumurtanın qiyməti ucuşlaşmışdı. Dünyaya hər növ ucuz məhsullar ixrac edən Çin yeni ölümcül virusun mənbəyinə çevrilib. Yəqin ki bu da dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcək.
“Hazırda Çində yayılan ölümcül koronovirus epidemiyası ilə əlaqədar bəzi şəhərlərdə karantin elan edilməsi, yalnız Çində bu virusun qurbanlarının artması və digər ölkələrə də yayılması Azərbaycanla Çin arasında əlaqələrin bütün sahələrinə təsirsiz ötüşməyəcək. İlk və daha ciddi təsir ticarət münasibətlərində hiss olunacaq”.
Bizimyol.info xəbər verir ki, bu fikirləri ADR hərəkatının sədri, Rutgers universitetinin professoru Qubad İbadoğlu səsləndirib. Onun sözlərinə görə, Çində enerji daşıyıcılarına tələb və dünya bazarında neftin-qazın qiymətləri aşağı düşəcək. Azərbaycan iqtisadiyyatı da bundan mənfi yöndə təsirlənəcək.
“Çünki, 2019-cu ildə Çin Azərbaycanın idxalda 3-cü böyük ticarət təfərdaşı olub. Ötən il Azərbaycandan Çinə 752,2 milyon dollarlıq mal göndərilib, 1,432 milyard dollarlıq mal gətirilib. Çinin payı idxalda 10,5 faizə çatıb. Əgər epidemiyanın yaxın zamanlarda qarşısı alınmazsa onda Azərbaycanda çin mənşəli malların qıtlığı yarana və bu da heç şübhəsiz ki, istehlak bazarında qiymətlərin bahaşmasına gətirib çıxara bilər.
İkincisi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq, hazırda 100-dən çox Azərbaycan vətəndaşları Çinin ali məktəblərində təhsil alır. Hesab edirəm ki, onların təhlükəsizliyi ilə əlaqədar olaraq təcili və təxirəsalınmaz işlər görülməlidir. Onlar müvəqqəti olaraq ölkəyə qaytraılmalıdırlar.
Üçüncüsü, bu proseslər son illər Çində yavaşayan iqtisadi artımı daha da aşağı salacaq, məcmu tələbi və təklifi azaldacaq. Təbii ki, bu da Çində alıcılıq qabıliyyətinin azalmasına gətirib çıxaracaq. Bu səbəbdən də Çində enerji daşıyıcılarına tələb və dünya bazarında neftin-qazın qiymətləri aşağı düşəcək. Azərbaycan iqtisadiyyatı da bundan mənfi yöndə təsirlənəcək.
Nəhayət, Çindən Azərbaycana səfər edənlərin sərhəd keçid məntəqlərində tibbi yoxlamaları təşkil edilməlidir ki, virusun Azərbaycana girişinin qarşısı alınsın”.