Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir, kafe və restoranlar bağlana bilər
Son bir neçə gündə Azərbaycanda koronavirusa yoluxanların sayı 1000 nəfərin üzərində olub. Ekspertlər bununla da vəziyyətin çox ciddi olduğunu bildirir və mövcud vəziyyət bundan sonra da davam edərsə, sərtləşdirilmiş karantin rejiminin, SMS-lə icazənin yenidən tətbiq ediləcəyinin, total qapanmalarız qaçılmaz olacağını ehtimal edirlər. Ekspertlər həmçinin qeyd edir ki, son zamanlar vətəndaşlar tibbi maskadan lazımi qaydada istifadə etmir, sosial məsafə gözləmir, yoluxmanın qarşısının alınması üçün digər tövsiyələrə lazımınca əməl etmirlər. Ticarət, məişət-iaşə obyektlərində, eləcə də restoran və kafelərdə, ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına riayət olunması səviyyəsi qənaətbəxş deyil. Qeyd edək ki, Avropa yenidən sərt karantin rejiminə geri dönməyə hazırlaşır. Artıq bir çox ölkələrdə kafe və restoranlar, ictimai məkanlar bağlanır, bir aylıq küçəyə çıxmaq qadağası tətbiq olunur, təhsil müəssisələri yalnız onlayn fəaliyyət göstərir, hotellər turizm məqsədilə müştəri qəbul etmir və sairə. Məsələn, ötən həftə Yunanıstan hökuməti paytaxt Afina və Selanik şəhərlərində bir aylıq küçəyə çıxmaq qadağası tətbiq edib. Həmçinin qeyd olunub ki, ictimai yerlərdə tibbi maskadan istifadə məcburidir. Həmçinin Almaniya noyabrın sonuna qədər yenidən sərt karantin rejimi tətbiq edib. Yeni karantin qaydaları teatr, fitnes-klub, turistik məkanları və insanların kütləvi toplandığı digər məkanların bağlanmasını nəzərdə tutur. Məhdudlaşdırma tədbirləri məktəb və uşaq bağçalarını, gözəllik salonları və mağazaları əhatə etmir. Bəs Azərbaycanda da kafe və restoranlar, iaşə obyektləri yenidən bağlana bilərmi? Sərt karantin rejiminin yenidən geriyə qayıtması ehtimalı nə qədərdir?
Mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb: “Koronavirus yenidən bütün dünyada sürətlə yayılmağa başlayıb, o cümlədən də Azərbaycanda. Doğrudur, koronavirusdan xilas olmaq üçün müxtəlif yollar axtarılır, araşdırılır. Lakin ondan qorunmaq üsulları əvvəlki qaydalardan fərqlənmir. Əsasən tibbi maskadan istifadə olunmalı, əllər mütəmadi dezinfeksiya edilməli, sosial məsafə saxlanmalıdır. Düşünürəm ki, son zamanlarda sosial məsafə saxlamaq məsələsi daha aktual problemə çevrilib.
Koronavirusun bizimlə nə qədər davam edəcəyi ilə bağlı proqnozlar özünü doğrultmadı. Hətta iddialar var ki, növbəti ilin ortalarına qədər bu virus davam edəcək və sairə. Bu da onu göstərir ki, koronavirusla, sadəcə, doğru davranış qaydalarını taparaq və yaxud əməl edərək, həyatımızı mümkün qədər normal vəziyyətə salmalıyıq.
Kafe və restoranların işləməsinin əleyhinə deyiləm. Onsuz da ölkədə komendant saatı mövcuddur və iaşə obyektlərinin fəaliyyəti qısadır. Əsas məsələ kafe, restoran daxilində karantin qaydalarına doğru əməl edilməsi, gigiyenik qaydalara riayət olunması, məsafə saxlanılması, insanların oturma məsafəsinə əməl etməsidir. Yəni önəmli olan budur. Onsuz da cəmiyyətimizdə gərginlik kifayət qədərdir. Bu gün vətən müharibəsi yaşayırıq, koronavirusa yoluxanların sayı xeyli artıb və bütün bunlar insanların psixologiyasına geriyədönməz təsirlər edə bilər. Həmçinin iqtisadi baxımdan da vəziyyət daha da gərginləşə bilər. Bu baxımdan karantin qaydalarına daha anlayışlı olub, tələb olunan göstərişlərə əməl etsək, həyatımızı nisbətən normal vəziyyətə gətirmək mümkündür və bu cəmiyyət, fərdlər üçün faydalı olardı".
Zülfüqar Yusifov qeyd edib ki, Operativ Qərargah mövcud rəqəmləri nəzərə alaraq, yenidən sərt karantin rejimi tətbiq edə bilər, hansı ki, həmin rəqəmlər artıq pik həddinə gəlib çatıb: “Hələlik sərt karantin rejimi ilə bağlı qərarları görmürük. Bu onunla bağlıdır ki, əvvəldə də qeyd etdiyim kimi, tibb müəssisələrimiz problemlə mübarizəyə hazırdır. Lakin yenidən sərt karantin rejimi ilə bağlı qərarlar ola bilər. Amma fərdi olaraq öz mövqeyimi qeyd edərək bildirirəm ki, daha yaxşı olardı ki, həyat bundan sonra da bu cür davam etsin, bir şərtlə ki, vətəndaşlar daha məsuliyyətli olsun. Əgər vətəndaşlar yenə də məsuliyyətsizlik nümayiş etdirsələr və öz səhlənkarlıqları ilə virusun daha çox yayılmasına ”töhfələrini" versələr, təbii ki, müəyyən inzibati və karantin tədbirlərinin sərtləşdirilməsindən qaçmaq mümkün olmayacaq".
Məlum olduğu kimi, ölkəmizdə də koronavirusa yoluxan xəstələrin əksəriyyəti xəstəliyi nə dərəcədə yüngül və ya simptomsuz keçirməsindən asılı olaraq evdə müalicə almağa üstünlük verirlər. Bəs evdə müalicə zamanı daha çox nələrə diqqət etmək lazımdır?
Məsələ ilə bağlı Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-infeksionisti Nilufər Məmmədova öz tövsiyələrini verib: “COVİD-19 diaqnozu təsdiqlənmiş simptomsuz və ya yüngül gedişli xəstələrin evdə müşahidəsi uzun müddətdir ki, bütün dünyada tətbiq olunmaqdadır. Bu həm xəstələrə xəstəxanalardan başqa infeksiyaların yoluxmasının qarşısını alır, həm də tibb müəssisələri və personalın əməyinin daha çox ehtiyacı olan xəstələrə yönləndirilməsini təmin edir. Buna baxmayaraq, xəstəliyin gedişində müxtəlif ağırlaşmaların meydana gəldiyini nəzərə alaraq evdə müşahidə zamanı pasientlərin bilməli olduqları məqamlar var. Əvvəla, pasientlərdən ilk tələb olunan evdə özlərini mümkün qədər izolyasiya etmələridir. Əgər pasient COVİD-19 ağırlaşmalarına görə risk qrupuna aiddirsə və ya evdə COVİD-19 ağırlaşmasına görə risk qrupuna aid olan şəxs varsa heç bir halda bir evdə qalmaqdan danışmaq olmaz. Əgər pasientin qalmağa başqa yeri yoxdursa, vəziyyəti yüngül olsa belə müvafiq tibb müəssisəsində yerləşdirilməlidir. Əgər ”risk qrupları" inkar edilirsə pasient evdə ayrı otaqda izolyasiya edilməlidir. Əgər mümkün deyilsə, pasient ev içində daimi maskadan istifadə etməli və maskanın növünə görə mütəmadi dəyişdirməlidir. Heç bir halda evə kənar şəxslər daxil olmamalıdır. Əşyalar mütləq şəkildə ayrılmalıdır. Pasient əllərini tez-tez yumalı, ortaq əşyalara toxunmaqdan çəkinməlidir. Otağın havası mütəmadi dəyişdirilməlidir. Pasientə qulluq edən şəxslər qulluq zamanı maska taxmalı və təmasdan sonra maskanı dəyişdikdən sonra əlləri sabunlu su ilə yuyub dezinfeksiya etməlidir. Pasientin bol maye qəbul etməsinə, dərmanlarını vaxtında qəbul etməsinə diqqət edilməlidir. Nəfəs darlığı, hərarətin daimi yüksək olması, suallara cavab vermədə ləngimə kimi əlamətlər görüldükdə dərhal təcili tibbi yardıma məlumat verilməlidir".