Sevda Yəhyayeva: “Nişanlımla tez-tez görüntülü danışıram” - VİDEO
“Çətin dövrdə yaşayırıq. Ailəmizin və yaxınlarımızın sağlamlığını qorumaq üçün evdə qalmağa məcburuq. Ümid edirəm ki, tezliklə hər şey yoluna düşəcək”.
Oxu.Az xəbər verir ki, bu sözləri bir neçə ay öncə gizli şəkildə nişanlanan müğənni Sevda Yəhyayeva İTV-də yayımlanan “Gəl qonaq ol!” proqramında deyib.
Hamı kimi karantin günlərini evdə keçirən sənətçi səhnə üçün darıxdığını bildirib:
“Tətbiq edilən qaydalara ciddi əməl edirəm. Sağlamlıq hər şeydən önəmlidir. Lazım olduğu halda evi tərk edirəm. Çox vaxt evdə otururam. Amma evdə oturmaqdan çox darıxıram. Başımı kitab oxumaqla, film izləməklə qatıram. Dostlarımla sosial şəbəkə vasitəsilə görüntülü danışıram. Amma bu da bəs etmir. İşim, səhnə üçün çox darıxmışam. Yaxşı ki, bu xəstəlik ölkəmizdə geniş yayılmadı. Vaxtında ciddi addimlar atıldı, sərhədlər bağlandı”.
Sevda karantini səmərəli keçirdiyini söyləyib:
“Karantin fürsət yaratdı. Çoxdan mütaliə etmək istədiyim kitabları oxuyub, izləmək istədiyim filmləri seyr edə bildim. Əvvəllər bunları etməyə vaxtım olmurdu. Düşünürəm ki, karantində gözəl mahnılar, şeirlər yazılacaq, yaradıcı insanların gözəl əsərləri meydana çıxacaq”.
Verilişin aparıcısı Saleh Bağırovun müğənniyə ünvanladığı “Nişanlın Zakir Bayramov üçün darıxırsan?” sualına Yəhyayeva belə reaksiya verib:
“İnternet dövründə yaşayırıq. Nişanlımla tez-tez görüntülü danışıram”.
Qeyd edək ki, müğənni Sevda Yahyayeva Zakir Bayramov adlı həkimlə münasibətlərini rəsmiləşdirib. Z.Bayramov “Leyla Şıxlinskaya” klinikasında genetik-laborant olaraq çalışır. Cütlüyün nişanı mart ayında baş tutub.