Şahramanyan tapşırıq verdi, separatçılar təxribata hazırlaşır - dünən gecə nə baş verib?
Separatçıların “başçısı” Samvel Şahramanyan dünən axşam saatlarında qondarma “ordunun” rəhbərliyi ilə görüşüb.
Şahramanyan qanunsuz silahlı dəstələrin başçıları ilə mövcud vəziyyəti müzakirə edib, atılacaq addımlar haqda qərarlar qəbul edib.
Separatçıların “başçısının” indi silahlı dəstələrlə görüşü və tapşırıqlar verməsi Qarabağda yeni təxribatlar gözləntisini artırır. Mövcud vəziyyətdə bu təxribatların olacağı gözləntisi hər keçən gün artmaqdadır. Çünki separatçı rejimin xarici aləmlə bütün bağlantısı itib və indiyə qədər ümid etdikləri üç mərkəzdən dəstək ala bilmirlər: Rusiya Ağdam-Xankəndi marşrutunu işə saldı; Qərb ölkələri qondarma “seçkini” tanımadığını açıqladı və bununla rəsmi Bakının bütün addımlarını dəstəkləmiş oldu; Ermənistan isə ümumiyyətlə prosesdən kənarda qalıb;
Bu vəziyyətdə separatçılar özlərini qorumaq və reinteqrasiya perspektivinin qarşısını almaq üçün təxribatlar törətməyi, yeni toqquşma yaratmağı çıxış yolu olaraq görürlər. Bununla Azərbaycan “erməni əhalisinə silah tətbiq edir” uydurmalarını tirajlaya, beynəlxalq diqqəti öz üzərilərinə çəkə bilərlər. Şahramanyanın silahlı dəstələrlə görüşü də yaxın dövrdə bu təxribatların olacağı ehtimalını ön plana çıxarır.