BMT Baş Assambleyasının prezidenti: “Ermənistanı öhdəliklərini yerinə yetirməyə çağırıram”
“Ermənistanı müvafiq beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırıram”.
Bunu BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis Baş Assambleyanın yeni sessiyanın fəaliyyətlərinə dair keçirdiyi mətbuat konfransında “Report”un sualını cavablandırarkən deyib.
Jurnalist sualında Azərbaycanın mina böhranı ilə bağlı humanitar fəlakətlə üz-üzə qaldığını, hazırda dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biri hesab olunduğunu xüsusi vurğulayıb və rəsmi məlumatları paylaşıb. Bildirib ki, Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı Ermənistan bir milyona yaxın mina basdırıb. 2020-ci ilin noyabr ayından 300-dən çox azərbaycanlı mülki şəxs həlak olub. Onlardan ikisi jurnalist idi. 6 000-dən insan mina partlayışları nəticəsində yaralanıb.
D.Frensis cavabında Ermənistanın müharibədən sonra bölgədə miras buraxdığı minalarla bağlı bağlı narahatığını dilə gətirib:
“Təsvir etdiyiniz vəziyyət ciddi narahatlıq doğurur. Beynəlxalq hüquq müəyyən edir ki, bəzi silah növləri münaqişələrdə istifadə edilməməlidir. Ermənistanı müvafiq beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə çağıraram”.