BMT missiyası Xankəndidə nə ilə qarşılaşdı? - Ermənistanın ifşası
Ermənistan BMT missiyasının Qarabağ səfərini Azərbaycana qarşı “etnik təmizləmə” iddialarının dəstəklənməsi ümidi ilə gözləyirdi. Halbuki, 30 ilə yaxın işğal dövründə Bakının bütün israrına rəğmən missiyanı bölgəyə buraxmırdılar və bu gün Azərbaycandan bunu istəyən beynəlxalq oyunçular da İrəvana heç bir təzyiq göstərmirdi.
İrəvan hesab edirdi ki:
- BMT nümayəndələrinin Qarabağ səfəri Azərbaycana qarşı kampaniyada ciddi arqument yaradacaq;
- Bununla “beynəlxalq mexanizm” məsələsini də aktuallaşdıracaq və sülh danışıqlarında Bakıya qarşı kart kimi əlində saxlayacaq;
Qərb ölkələri də “beynəlxalq missiya” adı altında bölgəyə daxil olmaq istəyir. Rəsmi Bakı bu həmləyə qarşı missiyanın BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbərliyi altında həyata keçirilməsini irəli sürdü və bununla həm beynəlxalq ictimaiyyəti real vəziyyətlə tanış etdi, həm də “beynəlxalq missiya” istəklərini müəyyən qədər arxa plana keçirdi. “Beynəlxalq missiya” planı hələ bitməyib və rıçaqlardan biri kimi qarşıdakı dövrdə yenidən aktuallaşa bilər, lakin Azərbaycan BMT missiyasının səfəri ilə bir addım önə çıxdı.
BMT-nin Qarabağa səfərin nəticələrinə dair bəyanatı da bunu deməyə əsas verir. Bəyanatda qeyd olunur ki, “missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib, əksinə, missiya Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib”. Sadəcə olaraq, “əhalinin qəfil tərk etməsindən heyrətə gəliblər”.
Bu bəyanat Ermənistanın Qarabağda erməni əhalisinə qarşı “etnik təmizləmə” kimi iddialarını beynəlxalq müstəvidə böyük ölçüdə zəiflədir və Bakıya bütün ittihamların önünə fakt qoymaq imkanı verir.