BMT: “Azərbaycan hökuməti Xankəndidə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşır”
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın rəhbərlik etdiyi Birləşmiş Millətlər Təşkilatının missiyası oktyabrın 1-i bazar günü Azərbaycanın Qarabağ bölgəsinə səfər edib.
Bu barədə təşkilatın səfərin yekunlarına dair hesabatında deyilir.
Bildirilir ki, missiyanın tərkibində BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin Koordinasiya şöbəsinin direktoru Rameş Rajasinqham, həmçinin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin Qaçqınlar üzrə Agentliyi, UNİCEF və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri, eləcə də BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi, BMT-nin Rezident Əlaqələndirici Ofisi və BMT Təhlükəsizlik Departamentinin texniki qrupu təmsil olunub.
Missiya heyəti Ağdamdan keçərək Xankəndi şəhərinə səfər edib, burada yerli əhali ilə görüşüb, səhiyyə və təhsil müəssisələri ilə bağlı vəziyyətlə yaxından tanış olub. Heyətin baş çəkdiyi şəhərdə mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini strukturlara heç bir ziyanın dəydiyi müşahidə olunmayıb. Missiya Azərbaycan hökumətinin şəhərdə səhiyyə xidmətlərinin və bəzi kommunal xidmətlərin bərpasına hazırlaşdığını qeydə alıb.
Bununla yanaşı, BMT missiyası şəhərdə çox az sayda yerli əhalinin qaldığını görüb. Heyətlə həmsöhbət olanlar Qarabağ bölgəsində 50-1000 nəfər arası etnik erməninin qaldığını bildiriblər.
Missiyaya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə yerli əhalidən, nə də digər həmsöhbətlərdən şikayət daxil olmayıb. Heyət kənd təsərrüfatı infrastrukturunun hər hansı məhvini və ya yolda ölmüş heyvanları müşahidə etməyib.
Missiya 2020-ci ildə geri qaytarılan ərazilərin bir hissəsi olan Ağdamdan keçərkən dağıntı və minalarla mübarizə ehtiyaclarını, habelə hökumət tərəfindən aparılan yenidənqurma işlərini müşahidə edib.
Hesabatda qeyd olunub ki, BMT-nin Azərbaycandakı nümayəndəliyi regiona müntəzəm səfərlərini davam etdirməyi planlaşdırır.