Deputat: "Ermənistan yenə nələrəsə hazırlaşır"
"Biz 300 illik ədalətsizliyə son qoymuşuq. Amma hələ heç də hər şey bitməyib. Çünki Ermənistan yenə də nələrəsə hazırlaşır. Ona görə də biz daha güclü olmalıyıq".
Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov dekabrın 2-də Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Türk Dünyasının gələcəyinə həsr olunan beynəlxalq Turan konfransında çıxışı zamanı deyib.
O bildirib ki, bu gün bütün dünya Azərbaycan əleyhinə birləşib: "Avropa dövlətləri bizə nifrətini gizlədə bilmir. Çünki biz onların oyunlarını pozmuşuq. İndiki məqamda çıxış yolu məhz türk dünyası arasında münasibətlərin inkişafıdır. Türk dövlətləri arasında inteqrasiya güclənməlidir. Biz buna çalışırıq".
Deputat söyləyib ki, bu prosesdə ən fəal dövlətlər Azərbaycan və Türkiyədir: "Ola bilsin, Orta Asiya ölkələri hələ də bu prosesin nə qədər çətin olduğunu anlamır. Amma otuz il ərzində gördüklərimiz bizi ayıltdı".
Parlamentari qeyd edib ki, XlX əsrdə Azərbaycan xanlıqlarının birləşə bilməməsi Rusiyanın müdaxiləsinə imkan yaratdı: "Biz çox çətinliklər, o cümlədən işğallar, soyqırımılar görmüşük".
C.Məmmədovun fikrincə, bu gün dünyada çox ciddi proseslər gedir, beynəlxalq nizamı dəyişir.
O bildirib ki, dünyada ədalətsizliklər artır: "Beynəlxalq təşkilatların qətnamələri yerinə yetirilmir. Bunu biz də 30 il ərzində görmüşük. Beynəlxalq təşkilatlar, bütün dünya torpaqlarımızı azad etdiyinə görə bizə qarşıdır. Əgər beynəlxalq təşkilatlar işlərini yerinə yetirə bilmirsə, biz nə etməliyik?!. Bu gün Azərbaycan çox haqlı olaraq türk dövlətləri ilə əlaqələri gücləndirir. Bu həmrəyliyin bir siyasi təşkilat kimi gücləndirilməsi prioritet olmalıdır".