bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Fransanın erməni sevgisi: Paris sülhdən sonra Bakının üzünə necə baxacaq?

16-01-2024, 08:33 0 dəfə baxılıb




Fransanın Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli yanaşması təəssüf ki, ara vermir. Rəsmi Parisin ritorikası əvvəl ermənipərəst idisə, indi açıq-aydın anti-Azərbaycan mövqedən ibarətdir. Bu, özünü müxtəlif formalarda göstərir. Yelisey Sarayının bu cür qərəzli və riyakar mövqeyinin əsas səbəbi rəsmi Bakının Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etmək istəməməsidir. Əlbəttə, prezident Emmanuel Makronun regionla bağlı xarici siyasət kursu Azərbaycanla ikitərəfli münasibətlərə də mənfi təsir edir. Təsadüfi deyil ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında ikitərəfli münasibətlərin tarixinin ən aşağı səviyyəsində olduğunu diqqətə çatdırmışdı. Bunun əsas səbəbi isə dediyimiz kimi, Parisin uğursuz xarici siyasət kursudur.

“Le Figaro” qəzetində bu yaxınlarda dərc olunan “Bakının Fransanı ləkələmək üçün böyük hücumu” adlı məqalə Fransanın Azərbaycana qarşı növbəti riyakarlığını əks etdirir. Sərlövhədən də bəllidir ki, material qərəzlə doludur. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva yanvarın 14-də bu məqaləyə tutarlı cavab verib. O, özünün “X” sosial şəbəkə hesabında bu barədə yazıb. “Regionumuzda vəziyyəti pozmaq əvəzinə sülhə kömək edin. Siz hələ də Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir parçası olduğunu bilmirmiş kimi davranırsınız. Uzun müddətdən sonra regionda ilk dəfə olaraq ədalətli və davamlı sülh mümkündür. Sülhün həqiqətə ehtiyacı var; yalan rəvayətlərə yox”, - səfir bildirib.


Məsələ ondan ibarətdir ki, Fransa bütün imkanları ilə bölgədə sülhün təmin olunmasının, həmçinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının qarşısını almağa çalışır. Paris bu mövqeyini gizlədə bilmir. Fransa casuslarının Azərbaycanda ifşa olunması, Xurşidbanu Natəvanın heykəlinə qarşı vandallıq, jurnalistimizə qarşı qeyri-qanuni davranış kimi ayrı-ayrı vaxtlarda baş vermiş hadisələr Parisin Bakıya qarşı qərəzli münasibətinin aydın təzahürüdür.

Fransa sürətlə Ermənistanı silahlandırır və bunu sübut edən kifayət qədər faktlar da var. Sual yaranır: məqsəd nədir? Fransa Ermənistanı silahlandırmaqla nəyə nail olmaq istəyir? Aydın məsələdir ki, bu, sülhə yox, əksinə, yeni gərginliyə xidmət edir.


Məlum olduğu kimi, Azərbaycan otuz ildən sonra özü öz ərazi bütövlüyünü təmin edib. Fransa kimi riyakar, qeyri-səmimi vasitəçilər, daha doğrusu, vasitəçilik iddiasında olan dövlətlər isə bu müddət ərzində ancaq vaxtı uzatmağa çalışıblar. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi, həmçinin Qarabağdakı qondarma rejimin ləğvi sülh üçün yeni, tarixi imkanlar açdı. İndi sülh heç vaxt olmadığı qədər realdır. Fransa bunu başa düşsə də, həzm etmək istəmir.

Maraqlıdır ki, artıq Ermənistan da reallıqları qəbul etməyə başlayıb. Ermənistan baş naziri Nikol Paşinyan və digər rəsmilər öz çıxışlarında Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını, sülh istədiklərini dəfələrlə bəyan ediblər. Makron hakimiyyəti isə “Roma Papasından daha artıq katolik olmaq istəyir”. Səslənən qərəzli bəyanatlar, həmçinin mətbuatda dərc olunan qeyri-obyektiv məqalələr birbaşa olaraq Fransadakı erməni lobbisi və diasporunun ictimai rəyinin dəyişdirilməsinə, Ermənistandakı revanşist əhval-ruhiyyəni gücləndirməyə hesablanıb.


Rəsmi Paris başa düşməlidir ki, daha sülhün alternativi yoxdur. Bakı hər ötən gün regionda əməkdaşlığın təmin olunması idealına daha çox yaxınlaşır. Maraqlıdır, sülh müqaviləsi imzalanandan sonra Fransa nə edəcək? Regionla bağlı siyasətini və Azərbaycanla münasibətləri necə tənzimləyəcək? Zənnimizcə, Makron ya da onu əvəz etmək iddiasında olan siyasətçilər indidən bu barədə düşünməlidirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930