Prezident İlham Əliyevin fəaliyyəti müasir şəraitdə rasional idarəçilik nümunəsidir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünya miqyaslı dövlət xadimidir. Bundan qürur duyur və çox böyük fərəh hissi keçiririk.
Ulu Öndər Heydər Əliyevdən sonra Ümummilli Liderin hakimiyyət irsini və siyasi kursunu ləyaqətlə davam etdirəcək yeganə şəxs Onun ən yaxın silahdaşı və ən istedadlı yetirməsi cənab İlham Əliyev ola bilərdi. Çünki cənab İlham Əliyev XX əsrin 90-cı illərinin ortalarından başlayaraq yeni tipli siyasi lider olaraq kifayət qədər böyük siyasi nüfuz qazanmışdı.
İlham Əliyevin yüksək nüfuz qazanması bir sıra amillərlə bağlı idi. O, ilk növbədə yeni tipli siyasi xadim kimi bir sıra uğurlara imza atmışdı. Ümummilli Liderin ən layiqli varisi cənab İlham Əliyev yaxşı təhsil almış, xarici dillərdə sərbəst danışmağı və müxtəlif, xüsusən beynəlxalq səviyyəli siyasi və dövlət xadimləri ilə təmasa girməyi dərindən mənimsəmişdi, dünyanın müasir düşüncə texnologiyalarına yiyələnmişdi. Bu baxımdan onu “rəqibləri” ilə müqayisə etmək çətin idi.
Prezident İlham Əliyev prezidentlik fəaliyyətində həmişə xalqla bir olmuş, xalqın inam və etimadını qazanmışdır. Cənab İlham Əliyevin 2008-ci il prezident seçkilərindən də qalib çıxmasını şərtləndirən əsas amil onun daim xalqın yanında olması, xalqının isə onu alternativsiz etimad ünvanı kimi görməsi idi. 2008-ci il seçkilərində 88,73 faiz səslə Prezident seçilən cənab İlham Əliyev 2013-cü il seçkilərində 84,54 faiz, 2018-ci il seçkilərində isə 86,02 faiz səslə vətəndaşlarının yeganə inam mənbəyi olduğunu təsdiqlədi. Xalqımızın dəstəyini hər zaman yüksək dəyərləndirən Prezident cənab İlham Əliyevin söylədiyi fikirlər bunu bir daha təsdiq edir: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm...”
Cənab İlham Əliyev hakimiyyətdə olduğu dövrdə Heydər Əliyevin xilaskarlıq, quruculuq və liderlik missiyasını əsas götürərək bunları uğurla davam etdirmişdir. Bu səbəbdən də Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşayır, ölkəmiz hərtərəfli səviyyədə inkişaf edir. Cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin siması əsaslı şəkildə dəyişmiş, xalqımızın maddi-rifah halı yaxşılaşmışdır.
Respublikamızın 20 illik inkişafı təhlil ediləndə onun hərtərəfli inkişafı göz önünə gəlir. Dövlət başçısı cənab İlham Əliyevin başqa sahələrlə yanaşı, elm, təhsil və mədəniyyətimizin inkişafı istiqamətində həyata keçirdiyi siyasət Ulu Öndərin formalaşdırdığı ənənələrin uğurlu davamıdır. Bu sahələrdə qazanılmış nailiyyətlər möhkəmləndirilmiş, onların inkişafına diqqət və qayğı artırılmışdır. Təsadüfi deyildir ki, ölkə Prezidenti respublikanın zəngin iqtisadi potensialının insan kapitalı ilə əvəzlənməsini son dərəcə vacib sayaraq demişdir: “İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik, çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir”.
Prezident cənab İlham Əliyevin özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, nəyi nə vaxt və necə etmək bacarığı, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək qabiliyyəti ona imkan vermişdir ki, qarşıya qoyulan vəzifələrə nail olunsun. Bu keyfiyyətlər cənab İlham Əliyevi yeni əsrin yeni lideri səviyyəsinə yüksəltmişdir. O, postsovet məkanında tamamilə yeni tipli siyasi liderin nümunəsinə çevrilmişdir. İlham Əliyev dünya səviyyəli siyasi lider və inkişaf etmiş dövlətlərin liderləri ilə bir sırada dayanan görkəmli dövlət xadimidir. Prezident cənab İlham Əliyev dünya siyasi arenasında nüfuzlu lider, reallığı düzgün qiymətləndirən, praqmatikliyi və məqsədə doğru inamla irəliləyən siyasətçidir. O, praqmatik, peşəkar siyasətçi olaraq əməli addımları ilə hər bir fərdin maraq və mənfəətlərinin qorunmasına dövlət təminatının olduğunu praktik surətdə nümayiş etdirir. Cənab İlham Əliyev xalqın güvəndiyi şəxsiyyətdir. O, dövlətçilik, böyük siyasət və idarəetmə baxımından əsl liderə məxsus xüsusiyyətləri kompleks şəkildə özündə təcəssüm etdirir. Yüksək dövlətçilik istedadı, əsl liderlik qabiliyyəti, aydın siyasəti, zəngin idarəetmə təcrübəsi ona böyük nüfuz qazandırmışdır. Dövlət başçısı cənab İlham Əliyevin sözü və mövqeyi dünyada eşidilir və qəbul olunur. Bir sıra dövlətlərin xalqları da öz prezidentlərində bu keyfiyyətlərin olması arzularını dilə gətirirlər.
Prezident cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsini inkişaf etdirərək yeni, modern Azərbaycan dövləti qurdu. Dövlət başçısı cənab İlham Əliyevin bütün çıxışlarının mahiyyətində dayanan “Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Biz öz taleyimizin sahibiyik, biz müstəqil ölkəyik, biz azad xalqıq, biz dünya miqyasında öz layiqli yerimizi tutmuşuq və bundan sonra da müstəqillik, inkişaf yolu ilə gedəcəyik” tezisi dünənimizə və gələcəyə baxışdır.
Ölkəmizin başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il keçir. Bu günün zirvəsindən dönüb ötən dövrə nəzər saldıqda Azərbaycanın nə qədər möhtəşəm inkişaf mərhələsi yaşadığının canlı şahidi oluruq. Həmin dövrü Azərbaycanın yeni və parlaq inkişaf mərhələsi, Prezident cənab İlham Əliyevin isə onun memarı adlandırılması üçün bütün əsasların olduğunu indi hamı birmənalı şəkildə etiraf edir.
Şahverənov Almirzə Sabir oğlu
Yardımlı rayon Alar kənd Bələdiyyə sədri