bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda məişət zorakılığının qarşısını almaq mümkün olmayacaq: ŞOK SƏBƏBLƏR

10-02-2024, 09:51 2 dəfə baxılıb






Ölkəmizdə məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas parlamentin fevralın 1-də keçirilən iclasında bildirib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” 50 qanun da qəbul edilsə Azərbaycanda zorakılığın qarşısını almaq mümkün olmayacaq. Millət vəkili Azərbaycan televiziyalarında məişət zorakılığının, əxlaqsızlığın təbliğ olunmasına da diqqət çəkib. Vurğulayıb ki, bunun qarşısını heç kim, hətta parlament də ala bilmir.

Məsələ ilə bağlı media eksperti Müşfiq Ələsgərli Publika.az-a açıqlamasında bildirib ki, məişət zorakılığına qarşı mübarizə prosesinə zərər vuran əsas elementlərdən biri sosial şəbəkələrdir:

“Onlar bəlkə də zorakılıq qurbanı olmuş hansısa şəxsin faciəsini ictimailəşdirməklə, qurban şəxsə yardım göstərmək istəyirlər. Amma hadisəni elə təsvir edirlər ki, yanlış təqdimatla zorakılığın təşviqatçısına çevrilmiş olurlar. Yaxud, sosial şəbəkə istifadəçiləri bəzən qanunu pozaraq, hansısa fərdin şəxsi həyat sirrini paylaşırlar. Bununla da əlavə münaqişələrə yol açmış olurlar. Burada çoxlu detallar var, hamısını sadalamaq istəməzdim. Zorakılığı stimullaşdıran informasiya resursu kimi sosial medianın üzərində daha çox dayanılır, nəinki ənənəvi elektron medianın. Sadəcə, ənənəvi media burada fərqli formada davranmaqla, məişət zorakılığına qarşı mübarizəyə töhfə verə bilər. Amma bunun üçün peşəkar davranış lazımdır”.

Media eksperti əlavə edib ki, TV efirlərində görüntülənən və məişət mövzularına həsr edilmiş verilişlərin yüksək səviyyədə tərtib olunduğunu deyə bilmirik:

“Əlbəttə, bunu hər kəsə şamil etmək olmaz. Peşəkar hazırlanmış proqramlar da mövcuddur. Amma əksəriyyət dövrün təsirinə düşərək, reytinq xatirinə işləyir, nəinki maaarifləndirmə və məlumatlandırma xatirinə. Bu yöndə çoxlu şikayətlər mövcuddur. Fikrimcə, mövzunun üzərinə getməkdə fayda vardır".

Məişət zorakılığı ilə bağlı müraciətlərin sayı son dörd ildə 3 dəfə artıb. Bu zorakılıq təkcə fiziki deyil, həm də psixolojidir.

Sosioloq Əhməd Qəşəmoğlu diqqətə çatdırıb ki, bu məsələ deputatların, jurnalistlərin, yaxud başqa sənət sahiblərinin həll edəcəyi iş deyil:

“Bu problemlərin qarşısını almaq üçün sosioloqlardan, sosial işçilərdən istifadə etmək lazımdır. Cəmiyyətimizdə xoşagəlməyən xeyli başqa xarakterli davranışlar da var. Onun qarşısını almaq üçün konkret elmi metodların köməyindən istifadə etmək lazımdır. Belə bir metodologiya təklif edirəm, lakin neçə ildir eşidən yoxdur. Nə Prezident Aparatının humanitar siyasət şöbəsi eşidir, nə Təhsil Nazirliyi, nə də Milli Məclisin sosial problemləri ilə məşğul olan komitəsi eşidir. Məktəblərdə sosial iş xidməti yaratmaq lazımdır. Bu sosial iş xidməti həm məktəblilərin davranışı, həm də sosial problemləri ilə bağlı məsələlərlə məşğul olmalıdır. O barədə təkliflər hazırlamışam. Çünki uzun illərdir yeni nəslin problemləri, keyfiyyətli yeni nəsil problemləri ilə məşğul oluram. Amma dediyim qurumların vecinə də deyil. Ölkədə bu sahədə ciddi məşğul olan bir mütəxəssis var. Bu sosial iş xidmətinin o dediyim bir sıra başqa vəzifələrlə bərabər bir mühüm vəzifəsi də məktəblərlə valideynlər arasında əlaqələr yaratmaqdır.

Məktəb-valideyn münasibəti gücləndirilməlidir. Yəni təkcə orta məktəb yox, məktəbəqədər təhsil müəssisələrində də bu olmalıdır. Yəni məktəbə yeni bir funksiya verməliyik. Məktəbdə onsuz da psixoloqlar var”.

Mətbuat, televiziya bu sahədə apardığı araşdırmalarla, hazırladığı maarifləndirici tədbirlərə, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə mühüm töhfə verə bilər. Bunlarla yanaşı sosial media, sosial şəbəkələrdə də bu təbliğat davam etdirilməlidir. Müasir dövr həm də dövlət qurumlarının fəaliyyətinin effektivliyini sosial mediada nə dərəcədə fəal olmaları şərtləndirir.

Bu, günümüzün birmənalı reallığıdır. Çünki ənənəvi media ilə bərabər sosial medianın cəmiyyətə təsiri sürətlə artmaqdadır. Öz hüququnu bilməyən qadınlarımız, kişilərimiz var. Statistikaya nəzər salsaq, görərik ki, məişət zorakılığından əziyyət çəkən qadınların əksəriyyəti, təhsilsiz, öz hüquqlarından bixəbər, özgüvənsiz, ailədə davamlı psixoloji basqı altında yaşayan insanlardır.

Sosioloq qeyd edib ki, “məktəblinin dostları” deyilən, amma vəzifəsinin nə olduğu bəlli olmayan vəzifələr var:

“Onları da birləşdirərək, bir-iki ştat artıraraq sosial iş xidməti yaratmaq lazımdır. Azərbaycanda bu dəqiqə sosial iş sahəsində mütəxəssis hazırlayan xeyli universitet və kolleclər var. Onlar da əvvəldən sifariş verməlidirlər ki, sizə məktəblərdə yüksək səviyyəli sosial işçi hazırlayırıq. Bunlardan istifadə etmək lazımdır. Uşaq anadan doğulandan altı yaşına qədər təlim-tərbiyə sisteminin necə qurulmasına kömək eləməliyik. Bizdə elə bir də baxırsan, televizordan biri bağırır ki, valideynlər bunu etməlidir. Valideyn heç bilmirəm onu nə cür etməlidir. Valideyni də öyrətmək lazımdır. Nəzarətə almaq lazımdır ki, o uşaqlar nə cür böyüyür.

Xalqımızda, dinimizdə nəcib əxlaq məsələsi var. İslamda və qədim türk adətləri ilə gələn xeyli gözəl ənənələrimiz var. Hər xalqda bizim qədər orta əsrdə olan müdriklər olmayıb.

Dünyanın ən böyük şairləri - Füzuli, Nəsimi bizdədir. Elə türk dünyasını götürəndə Mövlana Bektaşi, Yunis Əmrə, hətta Aşıq Ələsgərə qədər sərvətimizdən istifadə etmirik. Bunun üçün ölkədə humanitar siyasət dəyişməlidir. Humanitar siyasət məsələləri ilə humanitar siyasətin mahiyyətini dərindən bilən adamlar məşğul olmalıdır. Bu zaman təbii ki, ölkədə tamamilə keyfiyyətli insanlar olacaq”.

Aysel Şahmar

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930