Ərdoğan: "Fransa terrorizmi ən fəal dəstəkləyən ölkədir"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanı terrorizmi ən fəal dəstəkləyən ölkə adlandırıb.
Publika.az xəbər verir ki, Aydın əyalətində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçkiqabağı mitinqində çıxış edən Türkiyə lideri ölkəsinin milli təhlükəsizliyini təhdid edən terror təşkilatlarının təxribatçı fəaliyyətinə diqqət çəkib. Bununla əlaqədar o, tikinti materiallarının böyük istehsalçısı olan Fransanın “Lafarge” şirkətinin fəaliyyətini qeyd edib.
"Bölgədə “Lafarge” tərəfindən istehsal olunan sement nəticədə terrorçular üçün sığınacaqların yaradılması üçün istifadə edildi. Təəssüf ki, Fransa terrorizmin ən fəal tərəfdarına çevrildi. İstədiyinə nail ola bildimi? Xeyr!”, - Türkiyə Prezidenti deyib.
Onun sözlərinə görə, Suriyanın şimalında terrorçuların Fransa şirkətinin məhsullarından istifadə edərək yaratdıqları sığınacaq şəbəkəsi onlara Türkiyə ordusunun hücumuna müqavimət göstərməyə kömək edə bilməyib. “Suriyanın şimalında “Lafarge”nin dəstəyi ilə yaradılan bütün sığınacaqları məhv etdik”, - Ərdoğan əlavə edib. Bildirib ki, Türkiyənin güclənməsi, sənaye istehsalının tempinin artması və müdafiə sənayesinin inkişafı fonunda ölkəyə qarşı təhdidlərin miqyası da artır.
“Ölkəmizin əleyhdarları sonda başa düşdülər ki, terror təşkilatlarının əli ilə Türkiyəni zəiflətmək mümkün olmayacaq və buna görə də Türkiyə iqtisadiyyatına ziyan vurmağı hədəfləyiblər", - deyə Ərdoğan vurğulayıb.