Rusiyanın üzünə "Türkiyə qapısı" da BAĞLANDI - Ankara belə qərar verməli oldu
2023-cü ildə Rusiya neftinin qəbulu üzrə rekorda imza atan Aralıq dənizinin orta ölçülü limanlarından biri olan Türkiyənin Dörtyol neft terminalı Rusiyadan yük qəbulunu dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə "Turkish Insider" yazır.
Məlumata görə görə, buna səbəb ABŞ-ın sanksiyaların təzyiqinin artmasıdır.
2022-ci ildə Ukraynadakı müharibə ilə əlaqədar Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində Türkiyə Rusiya neftinin və yanacağının əsas idxalçılarından birinə çevrilib. Sanksiyalara cavab olaraq Rusiya öz tədarükünü Asiya, Türkiyə və Afrikaya yenidən bölüşdürərək, əvvəllər Avropa və ABŞ üçün nəzərdə tutulanları əvəz edib.
Dörtyol terminalını idarə edən "Global Terminal Services" (GTS) şirkəti Rusiya neftinin emalını dayandıracağını açıqlayıb.
“Rusiya nefti ilə bağlı bütün mümkün hərəkətləri dayandırmaq qərarına gəldik. 2024-cü ilin fevral ayının sonunda müştərilərimizə bildirdik ki, bütün qanunlara, qaydalara və sanksiyalara əməl etsək də, Rusiya limanlarından göndərilən Rusiya neftini və məhsullarını artıq qəbul etməyəcəyik. Bu, mövcud sanksiya qaydalarına əməl etməyə yönəlmiş əlavə tədbirdir”, - deyə şirkətin açıqlamasında bildirilir.
Qeyd edilir ki, terminalın bütün əvvəlki əməliyyatları sanksiyalara uyğun olaraq, o cümlədən G7 ölkələri tərəfindən müəyyən edilmiş neftin qiymətinin yuxarı həddinə riayət olunmaqla həyata keçirilib.
Türkiyə mediası yazır ki, ABŞ-ın Rusiya ilə əməkdaşlıq edən maliyyə şirkətlərinə qarşı mümkün sanksiyaları təhlükəsi artıq Türkiyə-Rusiya ticarətinə təsir edərək, Rusiya nefti və Türkiyə ixracı üçün ödənişlərdə gecikmələrə və pozuntulara səbəb olub.
GTS şirkəti yanacaq və neft idxalı, ixracı və anbarları ilə məşğul olur. "Kpler" analitik şirkətinin məlumatına görə, terminal 2023-cü ildə 11,74 milyon barel Rusiya nefti qəbul edib ki, bu da 2021-ci ilin həcmindən yeddi dəfə çoxdur.
"Kpler"in məlumatlarına görə, 2023-cü ildə terminaldan ixrac 2021-ci ilə nisbətən təxminən beş dəfə artaraq 24,7 milyon barelə çatıb.
Rusiya yanacağı olan sonuncu tanker fevralın 19-da Primorskdan 511 min barel dizel yanacağı gətirərək Dörtyola gəlib. O zaman GTS, dayandırma bildirişindən əvvəl elan edilmiş Rusiyadan göndərişləri qəbul etməyə davam edəcəyini söyləyib. Ənənəvi olaraq Dörtyolda hasil edilən neft Yunanıstan limanlarına, o cümlədən Korinf, Elefsis və Salonikiyə, həmçinin Rotterdam və Antverpenə göndərilirdi.