bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanın birinci xanımı: xeyirxahlıqla dövlətçilik ruhu birləşəndə

25-07-2024, 14:02 21 dəfə baxılıb











Ölkə tarixində qadınların yüksək sosial statusa malik olduğunu təsdiq edən çoxlu sayda nümunələr vardır. Azərbaycan qadını hər şeydən öncə ana və ailənin tərbiyəçisidir. Müasir dövrümüzdə qadının, ümumiyyətlə, ictimai işlərdə fəal olması da mühüm şərt sayılır. Azərbaycanda bunun ən gözəl nümunəsi ölkənin birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. İnsanların münasibəti göstərir ki, cəmiyyət Mehriban xanımın xeyirxahlığı, xoşməramlılığı ilə yanaşı, dövlətin idarə edilməsində, Prezidentin tapşırıqlarını yerinə yetirməkdə fəaliyyətini də yüksək qiymətləndirir. Mehriban xanım müasir dövrdə böyük əhəmiyyəti olan mənəvi-əxlaqi keyfiyyətlərlə dövlət xadimi olmağı üzvi şəkildə birləşdirə bilir.

Çağdaş dünyamızda qadının sosial-mədəni və siyasi həyatda statusu ilə yanaşı, rolu da böyük diqqət mərkəzindədir. Ən yüksək inkişaf etmiş ölkələrdə belə qadınların cəmiyyətdəki fəallığı önəm daşıyır. Elə ölkələr də var ki, zərif məxluqun cəmiyyət həyatında rolu ənənəvi olaraq yüksək qiymətləndirilib. Azərbaycan belə ölkələrdəndir. Azərbaycan qadını gözəl ailə sahibi, tərbiyəçi və etibarlı həyat yoldaşı olmaqla bərabər, cəmiyyətdə yüksək nüfuzu olan müqəddəs varlıq kimi qəbul edilib. Ölkənin tarixinə nəzər salanda görürük ki, bu tezisi təsdiq edən çoxlu sayda faktlar vardır. Sara Xatun, Nüşabə, Məhsəti, Natəvan, Həcər, Zərifə Əliyeva, Aida İmanquliyeva... Siyahı uzundur...

Azərbaycanda qadının yüksək sosial, mədəni, tərbiyəvi və siyasi statusunu çox uğurlu və gözəl şəkildə öz həyat fəaliyyəti ilə təsdiq edən Mehriban xanım Əliyevanın vurğulanan kontekstdə xüsusi yeri vardır. Çünki müasir tarixi mərhələdə istənilən ölkədə qadının dövləti işlərdə, mədəni fəaliyyətdə, xeyirxahlıqda və beynəlxalq aləmdə tanınmaqda özünü tam təsdiq etməsi böyük intellekt, fədakarlıq, geniş ürək, çalışqanlıq və yüksək idarəetmə qabiliyyəti tələb edir. Mehriban xanım bütün bu keyfiyyətləri yüksək şəkildə özündə birləşdirən şəxsiyyətdir.








Mehriban xanım Əliyevanın fəaliyyəti ilə bağlı çox araşdırmalar aparılır. Azərbaycanın Birinci vitse-prezidentinin yüksək mənəvi-əxlaqi keyfiyyətləri, işgüzarlığı, xeyirxahlığı və idarəetmə bacarığının müxtəlif cəhətləri təhlil edilir. Onlardan görünür ki, ölkənin birinci xanımı gözəl keyfiyyətlərə malik olduğu kimi, həm də böyük işgüzarlıq sahibidir. Bu məqam ciddi əhəmiyyət daşıyır. Çünki azərbaycanlı qadının yorulmadan çalışması, ən yüksək vəzifədə belə böyük məsuliyyət hiss etməsi və xeyirxahlıq, qayğıkeşlik prinsipindən zərrə qədər də kənara çəkilməməsi digər məqamlarla yanaşı, milli-mənəvi keyfiyyətlərin dünyaya nümayişidir. Birinci vitse-prezident təyin olunandan bir neçə gün sonra Mehriban xanım "Rossiya 1" telekanalının "Vesti nedeli" proqramına müsahibəsində hər şeydən öncə yeni təyinatın üzərinə qoyduğu böyük məsuliyyət barədə danışıb. Azərbaycanın birinci xanımı deyib: "Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam".

Bu, bütün azərbaycanlılar üçün böyük nümunədir. Prezident tərəfindən hansı vəzifəyə təyin edilməsindən asılı olmayaraq, insan, ilk növbədə, məsuliyyət hiss etməli, etimadı doğrultmaq barədə düşünməlidir. Mehriban xanım Əliyeva şəxsi nümunəsi ilə bu ismarıcı hər bir məsul vəzifə tutan kadrlara verib. Bu, onu göstərir ki, Azərbaycanın birinci xanımı həm də dövləti əhəmiyyəti olan məsələlərdə kifayət qədər yüksək mədəniyyət və məsuliyyət nümayiş etdirir.

Mehriban xanım Əliyeva eyni məsuliyyət və yüksək zəhmətkeşliklə Azərbaycanın tarixini, mədəni irsini, ölkənin bugünkü siyasi və ictimai gerçəkliklərini yorulmadan dünya ictimaiyyətinə çatdırıb. Bu kontekstdə Mehriban xanımın ifadə etdiyi aşağıdakı fikirlər olduqca maraqlıdır. Birinci vitse-prezident ifadə edib: "Təbii ki, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi, bütün bu illər ərzində mən öz beynəlxalq fəaliyyətimi nizamlamalı olurdum. İlk növbədə, bu, mənim üçün dünya ictimaiyyətinə Azərbaycanın tarixini, mədəni irsini, bununla yanaşı, Azərbaycanın bugünkü siyasi və ictimai gerçəkliklərini çatdırmaq imkanı idi. Müasir Azərbaycanın nə demək olduğunu, onun əhəmiyyətini, siyasi mövqeyini, bu ölkənin potensialını dünya ictimaiyyətinə çatdırmaq lazım idi. Düşünürəm ki, bu istiqamətdə də xeyli iş görməyə nail olmuşam. Buna görə də mən gələcəyə nikbin baxıram. Düşünürəm ki, bütün bu illər ərzində toplanan təcrübə, vərdişlər mənə kömək edəcək".

Bu cür yüksək işgüzarlıq keyfiyyətinə, daxili mənəvi-əxlaqi və milli saflığa malik bir xanımın bütövlükdə bəşər mədəniyyətinə verdiyi töhfələr tamamilə məntiqə uyğundur. Ən yüksək beynəlxalq səviyyədə etiraf edilir ki, Mehriban xanım dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə böyük töhfələr verir və bu, davam edir. Vurğulanan aspektdə UNESCO-nun sabiq baş direktoru İrina Bokovanın Mehriban xanıma ünvanlanmış aşağıdakı sözləri çox qürurvericidir: "Sizi xoşməramlı səfirlər sırasında görmək bizim üçün – UNESCO üçün şərəfdir. Sizin nailiyyətlərinizin miqyasını bir adla əhatə etmək çətindir. Siz UNESCO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız".











Azərbaycanın birinci xanımının həyata keçirdiyi layihələr ölkə hüdudları ilə məhdudlaşmayıb ümumbəşəri mahiyyəti ilə də diqqəti cəlb edir. Birinci vitse-prezidentin xüsusən də Şərqlə Qərb arasında mədəni dialoqa nail olmaq, fərqli sivilizasiyaları bəşəri ideallar naminə bir araya gətirmək, dini tolerantlığı, multikulturalizmi gücləndirmək, gender bərabərliyini təmin etmək istiqamətindəki fədakar fəaliyyəti beynəlxalq miqyasda təqdir edilir.

Birinci vitse-prezidentin fəaliyyətində ən mühüm məqamlardan, istiqamətlərdən birini, bəlkə də birincisini şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər təşkil edir.

Mehriban xanım Əliyeva bu gün valideyn himayəsindən məhrum uşaqların mənəvi anası, dərdli şəhid analarının, qaçqın və məcburi köçkünlərin dayağıdır. Harada yardıma möhtac biri varsa, o, Mehriban xanımın pənahındadır. Birinci xanım xeyirxah qəlbinin səsi ilə bütün qüvvəsini, zamanını təmənnasız olaraq insanların rifahı, xoşbəxt yaşamı uğrunda sərf edir.

Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə, əlbəttə ki, Mehriban Əliyevanın müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır.

Hazırda Azərbaycan qadını Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür. Əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın danılmaz xidməti, gördüyü işlər çoxşaxəli və misilsizdir.

Bu gün Mehriban Əliyeva özünə xas olan yüksək işgüzar və mənəvi keyfiyyətlər, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə ona həvalə edilən vəzifəni layiqincə daşıyır, ölkədə həyata keçirilən siyasi kursun uğur qazanmasına mühüm töhfələr verir.

Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətləri olan Birinci Vitse Prezident Mehriban xanımın avqust ayının 26-da 60 illik yubileyidir. Bu münasibətlə onu təbrik edir, daha da böyük uğurlara imza atmasını arzu edirik!








TƏRANƏ VƏLİYEVA
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində
Sənaye və Texnologiya kollecinin şöbə müdiri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930