Şəhid ailələri, müharibə əlilləri, məcburi köçkünlərin böyük dayağı Mehriban Əliyeva!
Bu gün ölkəmizdə Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası daha aydın görünür. Təsadüfi deyil ki, Mehriban Əliyevanın siyasi-ictimai fəaliyyəti təkcə ölkəmizdə deyil, həm də dünyada Azərbaycan qadınının obrazının formalaşmasında müstəsna rola malikdir.
Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib.
Prezident İlham Əliyevin 21 fevral 2017-ci il sərəncamına əsasən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunmasından 7 il ötür. Bu kiçik dövrə ekskurs edib nəzər yetirsək, əlbəttə ki, ölkəmiz, xalqımız adına çox böyük işlərin görüldüyünə şahidlik etmiş olarıq.
2016-cı il ölkəmizin tarixinə dərin islahatlar ili kimi düşdü. Bu islahatların müəllifi isə dünyada gedən siyasi prosesləri düzgün dəyərləndirərək milli maraqlarımız naminə tam müstəqil siyasət yürüdən, Azərbaycanı Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan dövlətə çevirən Prezident İlham Əliyevdir. Məhz ən islahatçı Prezidentin təşəbbüsü ilə keçirilən ümumxalq referendumunda seçicilərin etimadı xalqın dövlət başçısına inamının əyani göstəricisi idi. Xalq İlham Əliyevin elan etdiyi islahatlar konsepsiyasına birmənalı dəstəyini nümayiş etdirdi.
Həmin ildə islahatların tərkib hissəsi kimi ölkəmizdə keçirilən ümumxalq referendumu ilə Konstitusiyaya dəyişikliklər edildi və Azərbaycanda yeni vitse-prezidentlik institutu yaradıldı. Eyni zamanda daha çevik idarəetmə mexanizmlərinin hüquqi bazası formalaşdırıldı. Yeni siyasi və iqtisadi islahatlar kursunun tərkib hissəsi olan dəyişikliklərin əsas mahiyyətini inzibati-hüquqi, ictimai-siyasi və sosial-iqtisadi sahələrdə keyfiyyət üstünlüyünü artırmaq, idarəçilik sistemini müasir çağırışlara cavab verən yönümdə təkmilləşdirmək təşkil edirdi.
Vitse-prezidentlik vəzifəsinin təsis edilməsinin məqsədi dövlət strukturlarının fəaliyyətində səmərəliliyin və çevikliyin yüksəldilməsini, vətəndaşlar qarşısında öhdəliyin daha keyfiyyətli icrasına nail olunmasını, məmur məsuliyyətinin gücləndirilməsini təmin etmək idi. Bu baxımdan cənab Prezident tərəfindən vitse-prezidentlik institutunun yaradılması təklifinin ciddi əsasları var idi.
Bu vəzifəyə Mehriban xanım Əliyevanın təyin edilməsi heç də təsadüfi deyildi. Çünki Mehriban Əliyeva həm Milli Məclisin deputatı kimi, həm də Heydər Əliyev Fondunun rəhbəri olaraq ölkə daxilində və beynəlxalq arenada mühüm layihələr həyata keçirirdi. Milli Məclisin deputatı olduğu zamanlar mütəmadi olaraq seçicilərlə görüşlər keçirir, onların qayğıları ilə maraqlanır, rəy və təkliflərini öyrənib, sosial problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görürdü. Seçicilərin dərin hörmət və rəğbətini qazanan Mehriban xanım Əliyeva parlamentdə dövlətimiz və xalqımızın maraqlarından çıxış edərək bir sıra vacib qanunların qəbul olunmasında yaxından iştirak edirdi. Bununla bərabər, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayır, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahəsində həyata keçirdiyi layihələr bu istiqamətlərin inkişafına əvəzsiz töhfə verirdi. Həmçinin Azərbaycan həqiqətlərinin, mədəniyyətinin dünyaya tanıdılması istiqamətində gördüyü işlər beynəlxalq aləmdə böyük əks-səda doğurur, bu layihələr Azərbaycanın dünyadakı mövqeyini daha da möhkəmləndirir, ölkəmizin qədim mədəni-tarixi köklərə malik olduğunu sübuta yetirirdi.
Vətəninə sonsuz sevgisi, milli-mənəvi dəyərlərə dərin hörməti, ölkənin ictimai-siyasi həyatındakı xidmətləri, xalqa olan tükənməz sevgisi onun ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdəndir. Bacarıqlı siyasi fəaliyyəti, yüksəksəviyyəli təşkilatçılıq məharəti, özünəməxsus idarəçilik xüsusiyyətləri, humanist yanaşma tərzi sayəsində Mehriban xanım Əliyeva bu vəzifənin öhdəsindən ləyaqətlə gəlir.
Beş ildir ki, Birinci vitse-prezident vəzifəsində öz fəaliyyətini dövlətə, xalqa xidmət prinsipləri əsasında quran Mehriban xanım Əliyevanın bu dövrdə irəli sürdüyü və icrasına birbaşa rəhbərlik etdiyi layihələrin hər biri sosialyönümlüdür.
Prezident İlham Əliyevlə birgə Mehriban xanımın ölkənin inkişaf strategiyasının hazırlanmasında, həyata keçirilməsində, həmçinin sosial, humanitar və iqtisadi layihələrin gerçəkləşməsində böyük əməyi var. Onun siyasi fəaliyyətinin kökündə humanizm dayanır. Mehriban xanım ölkənin sosial problemlərinin həllinə daha çox diqqət ayırır. O, hər zaman həssas əhali qruplarına qayğı ilə yanaşır, onların sosial ehtiyaclarının ödənilməsi üçün müxtəlif təşəbbüslər irəli sürür, bayramlarda, dövlətimiz üçün əlamətdar günlərdə onlara sovqatlar, hədiyyələr göndərilir.
İnsan yalnız həyatdakı əməlləri, xeyirxahlığı, gördüyü savab işlərlə əbədiyaşar olur, yaddaşlarda qalır, hafizələrdə iz buraxır, adı tarixə qızıl hərflərlə yazılır. Vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir.
Mehriban xanım da öz fəaliyyəti ilə Azərbaycan qadınının müsbət obrazını yaradıb. O, istər ölkə həyatında, istərsə də beynəlxalq səviyyədə gördüyü nəcib və humanist işlərlə Azərbaycanı bütün dünyada uğurla təmsil edir. Bu xeyirxah əməlləri ilə Azərbaycan qadını adını ucalara qaldırır. Onun beynəlxalq səviyyədə əldə etdiyi uğurlar həm də Azərbaycan qadınının uğurudur. Fəxarətlə deyə bilərik ki, bu gün Azərbaycan qadını UNESCO və ICESCO-nun xoşməramlı səfiridir. Bu gün Azərbaycan qadınının təşəbbüsü ilə müsəlman ölkələrində xeyriyyə aksiyaları keçirilir, müsəlman uşaqların təhsili və sağlamlığı ilə bağlı davamlı layihələr reallaşdırılır, xarici ölkələrdə məktəblər tikilir. Görülən bu işlər xeyirxah və tərəqqipərvər missiyanın bütün dünya insanlarına faydalı olmaq məqsədi daşıdığını göstərir və dünya insanının savadlanmasına xidmət edir. Bir sözlə, Mehriban xanımın timsalında Azərbaycan qadınının xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsinə şahidlik edirik.
Birinci vitse-prezidentin fəaliyyətində ən mühüm məqamlardan, istiqamətlərdən birini, bəlkə də birincisini şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər təşkil edib.
Hər il, demək olar, bir neçə dəfə şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, qəhrəmanlarımızın, igidlərimizin ailələri ilə görüşür, onların problemlərini dinləyir və yerindəcə həllinə nail olmağa çalışır.
Bu gün torpaqları azadlıqda olan keçmiş qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövləti tərəfindən görülən bütün işlərdə Mehriban xanım Əliyevanın əməyi və diqqəti həmişə minnətdarlıqla qarşılanıb.
Hər il doğum gününü məcburi köçkünlərlə keçirən və həmin tədbirdə “Qarabağ şikəstəsini Qarabağda dinləmək” arzusunu ifadə edən Mehriban xanımın və xalqımızın arzusu çin oldu. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsl sərkərdəliyi ilə Azərbaycan Ordusu Qarabağı düşmən tapdağından azad etdi və mədəniyyətimizin paytaxtı Şuşa şəhərində ifa edilən Qarabağ şikəstəsi bütün Azərbaycana yayıldı.
Vətən müharibəsi zamanı Mehriban xanım Əliyeva güclü qadın kimi şəhid ailələrini ailəsi bildi. Qarabağ müharibəsində əlil olan oğullara qardaş dedi, hələ də övladlarının yoxluğuna inanmayan, gözü yolda qalan anaları bağrına basdı, onlara ana dedi, qarşılarında baş əydi. Onun böyüklüyü, əxlaqı, görüb-götürdükləri, ailə dəyərləri böyük ehtiram və məhəbbətlə qarşılanır.
Bu gün işğaldan azad olunan torpaqlarımızda erməni vandalları tərəfindən darmadağın edilmiş mədəni-dini abidələrimizin bərpası prosesi davam etdirilir. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Heydər Əliyev Fondu azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlayıb. Fondun təşəbbüsü ilə bu torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi və Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Eyni zamanda Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir.
Şuşada fond tərəfindən bəzi obyektlərdə aparılan bərpa işləri cəmi bir neçə aya başa çatdırılıb. 2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Vaqifin muzey-məqbərə kompleksinin yenidənqurma işlərindən sonra açılışı olub.
Heydər Əliyev Fondunun dəstəyi ilə Şuşada həyata keçirilən layihələrdən biri də görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışıdır. Üzeyir bəy Hacıbəylinin Şuşadakı heykəli 1985-ci ildə 100 illik yubileyi münasibətilə ucaldılmışdı. Heykəltaraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib. Fondun dəstəyi ilə Üzeyir bəy Hacıbəylinin bürüncdən hazırlanan heykəli Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb və ötən il avqustun 29-da açılışı olub. Heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb.
Üzeyir bəy Hacıbəylinin Şuşadakı ev-muzeyi də Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Şuşa şəhərindəki Xalçaçılıq Qalereyası, mühüm tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanə kompleksindəki təmir və bərpa işləri də Heydər Əliyev Fondu tərəfindən həyata keçrilib.
2021-ci il ərzində Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə bir sıra mədəniyyət tədbirləri də reallaşıb. “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri respublikamızın həyatında böyük mədəniyyət hadisəsinə çevrilməklə yanaşı, xalqımızın Vətən müharibəsindəki Zəfərini, Şuşanın qədim Azərbaycan şəhəri olduğunu dünyaya bəyan etdilər. Həmçinin Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Şuşada “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir”, “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” və “Yaddaş. Fotoqrafik tarix” sərgiləri də təşkil olunub. Bunlarla yanaşı, “Xarıbülbül” musiqi festivalı çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Ağdamda “Xarıbülbül” beynəlxalq incəsənət festivalı da keçirilib. İlk dəfə keçirilən festivalda 13 ölkəni təmsil edən 32 rəssam Vətən müharibəsində qazanılan tarixi Zəfərə həsr olunan nadir əsərlər ərsəyə gətiriblər. Layihənin əsas məqsədi müxtəlif ölkələri təmsil edən sənətkarlar vasitəsilə işğal altında olan ərazilərdəki dağıntının miqyasını, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qarşı qəsbkarlığı beynəlxalq auditoriyaya çatdırmaq olub.
Fevralın 13-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri çərçivəsində bu məsələyə toxunan dövlət başçısı dedi ki, bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir.
Ağabacı Niftulla qızı Mirzəyeva
Əməkdar müəllim, Ali Kateqoriyalı müəllim, Əmək və Respublika veteranı