bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti vətənpərvərlik, xeyirxahlıq və humanizm prinsiplərinə əsaslanır

12-08-2024, 11:44 13 dəfə baxılıb




Öz fəaliyyətində milli maraqları əsas tutan hər bir siyasətçinin ən vacib missiyası və ən böyük uğuru bilavasitə onun təmsil etdiyi ölkəsi və xalqı ilə bağlı olur. Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti də məhz bu rakursdan xüsusi diqqət çəkir. Mehriban xanım Əliyeva həmişə cəmiyyəti narahat edən, dövlətimiz və xalqımız üçün müstəsna əhəmiyyət daşıyan məsələlərin həlli üçün çalışır və buna nail olur. Mehriban Əliyeva başladığı və gördüyü bütün işlərdə qətiyyət, prinsipiallıq, xalqına və Vətəninə sonsuz məhəbbət nümayiş etdirir.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlər xalqa və dövlətə layiqli xidmət nümunəsidir

Mehriban xanım Əliyeva xəlqi və praqmatik siyasətçi olduğunu ona həvalə olunan bütün vəzifələrdə yüksək səviyyədə təsdiqləyib. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən, Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu. Dövlət başçımızın Mehriban xanım Əliyevanı Birinci vitse-prezident təyin etməsi isə heç də təsadüfi deyildi. Bu təyinatın arxasında Mehriban xanım Əliyevanın dövlətçilik və xalqın mənafeyi naminə uzun illər boyu göstərdiyi səmərəli, məqsədyönlü fəaliyyət dayanırdı.

Mehriban xanım Əliyeva hələ millət vəkili kimi fəaliyyət göstərərkən xalqa və dövlətə ləyaqətlə xidmət edərək milli maraqları daim üstün tutub, sosial məsələlərin həllinə xüsusi diqqət göstərib, mühüm təşəbbüslərlə çıxış edib. Məhz buna görə də seçicilər Mehriban xanım Əliyevanın millət vəkili kimi fəaliyyətini rəğbətlə qarşılayaraq yüksək qiymətləndiriblər. Bununla yanaşı, Yeni Azərbaycan Partiyasının (YAP) V Qurultayında Mehriban xanım Əliyevanın partiyanın Sədr müavini seçilməsi partiya və cəmiyyət üçün əlamətdar olmaqla yanaşı, YAP-ın və dövlətimizin daha da güclənməsi baxımından mühüm əhəmiyyətə malik olub. Vurğulamaq yerinə düşər ki, Mehriban xanım Əliyeva YAP-ın VII Qurultayında partiya Sədrinin birinci müavini seçilib.

Bundan başqa, Mehriban xanım Əliyevanın təşəbbüsü və səyləri ilə yüksək səviyyədə reallaşdırılan çoxlu sayda layihələr Azərbaycan cəmiyyəti tərəfindən təqdirlə qarşılanıb. Onun diqqət və qayğısı sayəsində həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinə dəstək” layihələri Azərbaycanda müasir təhsil infrastrukturunun yaradılmasında mühüm rol oynayır. “Xocalıya ədalət!” kampaniyası da məhz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlayıb. Sonradan dövlət orqanları, ictimai qurumlar bu təşəbbüsə qoşulublar və nəticə etibarilə, qısa müddət ərzində 10-dan çox ölkə Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Mehriban xanım Əliyevanı görkəmli ictimai-siyasi xadim və bir şəxsiyyət kimi fərqləndirən portret cizgilərindən biri onun sərhəd tanımayan xeyirxahlığıdır. Humanizm Mehriban xanım Əliyevanın həyatından və fəaliyyətindən qırmızı xətt kimi keçir. O, məhz qəlbindəki xeyirxahlıq duyğularından güc alaraq çoxşaxəli fəaliyyətini, ilk növbədə, çətinliyə düşən, qayğıya, köməyə ehtiyacı olan insanlara, ələlxüsus da həssas qrupların nümayəndələrinə - qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə, qazilərə, sağlamlıq imkanları məhdud olanlara kömək əli uzatmaq, onlara hansısa bir formada yardımçı olmaq istiqamətində qurub. O, Azərbaycan qadınının fədakarlığını və xeyirxahlığını müstəqil Azərbaycanın qüdrətinin artması, insanların rifah halının yaxşılaşması naminə fəaliyyətində daim təcəssüm etdirir. Deyə bilərik ki, Mehriban xanım Əliyevanın humanizm prinsiplərinə əsaslanan fəaliyyəti onu Azərbaycan xalqının sevimlisinə çevirib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva daim sosial məsələlərin həllinə xüsusi diqqət göstərir. Onun təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr müvəffəqiyyətlə həyata keçirilir. Əlbəttə, əsas diqqətini sosial məsələlərin, xüsusilə də əhalinin həssas qruplarının problemlərinin həlli üzərində cəmləşdirən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəsini məhz Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi bu baxımdan xüsusi vurğulanmalıdır. Bəhs olunan müşavirədə müvafiq qurumlar qarşısında bu sahədə görüləcək işlərlə bağlı konkret vəzifələr qoyan Mehriban xanım Əliyeva yeni mənzillərin, yeni binaların tikilməsi və inşa olunan binaların keyfiyyət standartlarına tam cavab verməsi ilə bağlı göstəriş verdi. İlkin mərhələdə dörd min köçkün ailəsini yeni mənzillə, həmçinin iş yerləri ilə təmin etmək vəzifəsi qarşıya qoyuldu. Qısa zaman ərzində Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün 1026 mənzildən ibarət müasir yaşayış kompleksinin təməlinin qoyulması, qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində onlara Abşeron rayonunun Masazır və Mehdiabad qəsəbələrində yeni mənzillərin verilməsi, iş adamlarının yardımı ilə bir çox ailənin yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməsi, eyni zamanda, digər rayon və qəsəbələrdə yeni binaların istifadəyə verilməsi ilə məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə icra edildiyini, görülən işlərin əhəmiyyətini göstərir.

Beləliklə, Mehriban xanım Əliyevanın milli maraqlara, ümumbəşəri dəyərlərə əsaslanan ardıcıl, məqsədyönlü, xoşməramlı və çoxşaxəli fəaliyyəti dünya miqyasında böyük rəğbətlə qarşılanır və olduqca yüksək qiymətləndirilir.



Məfkurə Hüseynova
ATU-nun Azərbaycan dili kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, YAP üzvü






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930