bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ukraynanın Rusiya ərazisinə daşıdığı müharibə - Moskva bu dəfə nüvə silahına əl atacaq?

13-08-2024, 13:06 1 dəfə baxılıb

2022-ci ilin fevralında Rusiyanın hücumu ilə Ukraynada başlayan müharibənin dondurulması və sülh danışıqları ilə bağlı aparılan müzakirələr tamamilə əks-effekt verdi və Ukraynanın ərazilərinin müəyyən bir hissəsini itirməsi ilə nəticələndi ki, bu proses hələ də davam edir. Məsələnin maraqlı tərəfi isə odur ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin son günlər sülh danışıqları ilə bağlı çağırışlar etdiyi bir vaxtda, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri tamam fərqli manevr edərək Rusiyaya hücum etdi.

Bu gün Rusiya-Ukrayna müharibəsinin 901-ci günüdür və aktiv müharibənin başlamasından keçən 2,5 il sonra ilk dəfədir ki, proseslər Ukraynanın Rusiyaya intensiv hücumları ilə müşahidə olunur. Artıq Rusiyanın Kursk vilayətində bəzi əraziləri nəzarətə götürən Ukrayna SQ hücumlarının kəsərini bir az da artıraraq müharibəni Rusiyanın digər ərazilərinə daşıyıb. Son məlumatlara görə, Ukrayna ordusu artıq Belqorod vilayətinə də daxil olub və Poroz kəndinin tutulduğunu elan edib.

Xatırlatmaq yerinə düşər ki, Ukrayna ordusu Belqoroda ilk dəfə cari ilin 3 yanvarında, daha sonra isə 16 fevral, 31 may və 20 iyul tarixlərində hücumlar edib, lakin indiki qədər effektiv nəticə əldə etməyib. Kursk və Belqorodla kifayətlənmək niyyətində olmayan Kiyev Voronej vilayətinə də dronlarla hücum edib və nəticədə inzibati bina, yaşayış binaları və maşınlar zərər görüb. 100-dən çox sakin işıqsız qalıb. Hazırda da bu istiqamətdə intensiv döyüşlər davam edir. Sözügedən ərazilərlə yanaşı, Bryansk, Lipetsk və Orlov vilayətlərində də hava hücumu ilə bağlı xəbərdarlıq elan edilib. Bir sözlə, müharibənin axarı bu dəfə Rusiyanın əleyhinə dəyişib və rəsmi Moskva hətta beynəlxalq ictimaiyyəti Ukraynanın hücumlarına "dur" deməyə çağırıb.

Bəs Ukraynanın iki ildən sonra, üstəlik, təxminən 60 min kv.km-dən çox ərazisini itirəndən sonra (rəqəmlər mütəmadi olaraq dəyişir - red.) ərazilərini azad etmək əvəzinə, müharibəni Rusiya ərazisinə daşıması nəyə hesablanıb? Gəlin, səbəblərə və ehtimal olunan nəticələrə nəzər salaq:

Əvvəla, Volodimir Zelenskinin iyulun 31-də beynəlxalq ictimaiyyətə sülh mesajı verməsi, cəmi bir gün sonra - avqustun 1-də Rusiya ilə ABŞ də daxil olmaqla Qərb ölkələri arasında məhbus mübadiləsinin baş tutması Bayden administrasiyasının Rusiya qarşısında ard-arda diplomatik məğlubiyyəti kimi qələmə verildi. ABŞ xalqı illərdir ətrafında formalaşdırılan düşmən qarşısında məğlubiyyəti, yəqin ki, bağışlamayacaqdı. Üstəlik, bu administrasiya qlobalist fəaliyyətini elə həddə çatdırıb ki, daxildə baş verən proseslərə nəzarət imkanını da itirib. Məsələn, işsizliyin artması, məşğulluq səviyyəsinin azalması, əhalinin daha çoxunun sərvətini itirib, az hissəsinin isə onların hesabına zənginləşməsi buna nümunədir. Bunun da noyabrda keçiriləcək prezident seçkisinə təsirsiz ötüşməyəcəyi heç kimə sirr deyil. Yəni Kiyevin Kursk və digər Rusiya ərazilərinə hücum etməsi Moskva ilə yanaşı, Demokratların rəqibinə də bir mesajdır ki, onlar Kremllə razılaşdıqları kimi, onu dalana dirəməyə də qadirdirlər və Rusiyanın qələbə kimi təqdim etdiyi məqamlar Qərbin acizliyi yox, güzəştidir.

İkincisi, bütün gücünü və diqqətini Ukrayna cəbhəsinə yönəldən Rusiya SQ Ukraynanın onun ərazilərinə əks-hücuma keçəcəyini, görünür, heç ehtimal etməyib. Belə olan halda isə mövcud konyunktur dəyişir və insident Rusiya cəbhəsinə transformasiya edildiyi üçün Kreml indi daha çox müdafiə olunmağı düşünməlidir, nəinki hücumlarını artırmağı. Buna beynəlxalq doktrinada "rəqibin zəif tərəfini aşkar edib hücuma keçmək" deyilir ki, Ukraynanın timsalında Qərb bundan mümkün qədər yararlana bildi. İndi müharibə Rusiya ərazilərində davam edir deyə Moskva diqqəti daha çox öz ərazilərini qorumağa çalışır, nəinki yeni ərazilər əldə etməyə.

Üçüncüsü, Rusiya rəhbərliyi Kursk əməliyyatını yalnız Ukraynanın deyil, NATO-nun təcavüzü kimi dəyərləndirə bilər və müharibəyə start veriləndən etibarən mütəmadi olaraq müzakirə mövzusuna çevrilən taktiki nüvə silahından istifadə reallaşa bilər. Qeyd edək ki, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Kremlin taktiki nüvə bombasından istifadə edib-etməyəcəyi ilə bağlı daim fərziyyələr yayılır. Rusiya tərəfi bundan spekulyasiya məqsədləri üçün istifadə edir. Qeyd edim ki, taktiki nüvə silahları və ya qeyri-strateji nüvə silahları strateji nüvə silahlarından fərqli olaraq, daha çox düşmən qüvvələrinin cəbhədə və birbaşa arxada cəmləşməsini məhv etmək üçündür. Bu isə 79 ildən sonra istifadə ediləcək ilk nüvə bombası ola bilər. Xatırladım ki, bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğu ilk və yeganə nümunə 1945-ci ildə ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə Naqasaki və Xirosima şəhərlərinin bombardman edilməsidir. Lakin Rusiya bunu Ukraynanın məğlubiyyətini sürətləndirmək üçün yox, özünü müdafiə bəhanəsi ilə edəcək.

Belə nəticəyə gəlmək olar ki, Qərb Ukraynanın Rusiya ərazisində irəliləməsini istəyir. Bunun özünün də bir neçə səbəbi var. Çünki Rusiyanın iqtisadi sanksiyalar altında boğulması həm də Avropanın gününü göy əskiyə büküb. Artıq Rusiyadan ucuz qiymətə təbii qaz və digər enerji məhsulları ala bilməyən Avropa bunu baha qiymətə əldə etməklə özü iqtisadi problemlərdən əziyyət çəkməyə başlayıb. Əbəs deyil ki, "köhnə qitə" təmsilçiləri müharibənin tezliklə bitməsini arzulayır və özləri də mövcud problemlər məngənəsindən yaxa qurtarmaq istəyirlər. Bu isə hərbi sahədə olduğu kimi, iqtisadi sahədə də Avropanı getdikcə özündən daha asılı vəziyyətə salan ABŞ-nin maraqlarına qətiyyən uyğun deyil. Elə Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində Sudja şəhərinin tamamilə nəzarətlərinə keçirəndən sonra "Qazprom"un qaz terminalından çəkiliş etməsi özündə müəyyən mesajlar ehtiva edirdi.

Bütün bunların fonunda görünən odur ki, sülh danışıqları yenidən arxa plana keçib və fələyin çərxi bölgədə yeni fırtınalar qoparacaq.

İqlim kimi dəyişən dünya siyasi arenası isə görək bu dəfə hansı fəsillə qarşımıza çıxacaq?!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930