Şəhid ailələri, müharibə əlilləri, məcburi köçkünlərin böyük dayağı - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti!
Birinci vitse-prezidentin fəaliyyətində ən mühüm məqamlardan, istiqamətlərdən birini, bəlkə də birincisini şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər təşkil edib.
Hər il, demək olar, bir neçə dəfə şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, qəhrəmanlarımızın, igidlərimizin ailələri ilə görüşür, onların problemlərini dinləyir və yerindəcə həllinə nail olmağa çalışır.
Bu gün torpaqları azadlıqda olan keçmiş qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövləti tərəfindən görülən bütün işlərdə Mehriban xanım Əliyevanın əməyi və diqqəti həmişə minnətdarlıqla qarşılanıb.
Hər il doğum gününü məcburi köçkünlərlə keçirən və həmin tədbirdə “Qarabağ şikəstəsini Qarabağda dinləmək” arzusunu ifadə edən Mehriban xanımın və xalqımızın arzusu çin oldu. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsl sərkərdəliyi ilə Azərbaycan Ordusu Qarabağı düşmən tapdağından azad etdi və mədəniyyətimizin paytaxtı Şuşa şəhərində ifa edilən Qarabağ şikəstəsi bütün Azərbaycana yayıldı.
Vətən müharibəsi zamanı Mehriban xanım Əliyeva güclü qadın kimi şəhid ailələrini ailəsi bildi. Qarabağ müharibəsində əlil olan oğullara qardaş dedi, hələ də övladlarının yoxluğuna inanmayan, gözü yolda qalan anaları bağrına basdı, onlara ana dedi, qarşılarında baş əydi. Onun böyüklüyü, əxlaqı, görüb-götürdükləri, ailə dəyərləri böyük ehtiram və məhəbbətlə qarşılanır.
Bu gün işğaldan azad olunan torpaqlarımızda erməni vandalları tərəfindən darmadağın edilmiş mədəni-dini abidələrimizin bərpası prosesi davam etdirilir. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Heydər Əliyev Fondu azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlayıb. Fondun təşəbbüsü ilə bu torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi və Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Eyni zamanda Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir.
Şuşada fond tərəfindən bəzi obyektlərdə aparılan bərpa işləri cəmi bir neçə aya başa çatdırılıb. 2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Vaqifin muzey-məqbərə kompleksinin yenidənqurma işlərindən sonra açılışı olub.
Heydər Əliyev Fondunun dəstəyi ilə Şuşada həyata keçirilən layihələrdən biri də görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışıdır. Üzeyir bəy Hacıbəylinin Şuşadakı heykəli 1985-ci ildə 100 illik yubileyi münasibətilə ucaldılmışdı. Heykəltaraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib. Fondun dəstəyi ilə Üzeyir bəy Hacıbəylinin bürüncdən hazırlanan heykəli Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb və ötən il avqustun 29-da açılışı olub. Heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb.
Üzeyir bəy Hacıbəylinin Şuşadakı ev-muzeyi də Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Şuşa şəhərindəki Xalçaçılıq Qalereyası, mühüm tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanə kompleksindəki təmir və bərpa işləri də Heydər Əliyev Fondu tərəfindən həyata keçrilib.
2021-ci il ərzində Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə bir sıra mədəniyyət tədbirləri də reallaşıb. “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri respublikamızın həyatında böyük mədəniyyət hadisəsinə çevrilməklə yanaşı, xalqımızın Vətən müharibəsindəki Zəfərini, Şuşanın qədim Azərbaycan şəhəri olduğunu dünyaya bəyan etdilər. Həmçinin Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Şuşada “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir”, “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” və “Yaddaş. Fotoqrafik tarix” sərgiləri də təşkil olunub. Bunlarla yanaşı, “Xarıbülbül” musiqi festivalı çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Ağdamda “Xarıbülbül” beynəlxalq incəsənət festivalı da keçirilib. İlk dəfə keçirilən festivalda 13 ölkəni təmsil edən 32 rəssam Vətən müharibəsində qazanılan tarixi Zəfərə həsr olunan nadir əsərlər ərsəyə gətiriblər. Layihənin əsas məqsədi müxtəlif ölkələri təmsil edən sənətkarlar vasitəsilə işğal altında olan ərazilərdəki dağıntının miqyasını, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qarşı qəsbkarlığı beynəlxalq auditoriyaya çatdırmaq olub.
Öz xeyirxahlığı və insansevərliyi sayəsində həm milli, həm də beynəlxalq səviyyədə milyonlarla insan üçün örnək olan parlaq bir şəxsiyyət kimi böyük hörmət və nüfuz qazanmış Mehriban xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidentini 26 avqust - doğum günü münasibətlə ürəkdən təbrik edir, şərəfli və məsuliyyətli işində uğurlar arzulayırıq.
Tamilla Əsgər qızı Xankişiyeva
Bakı şəhəri 44 nömrəli tam orta məktəbin direktor müavini