Gürcüstan - Rusiya sərhədi bağlanacaq
Gürcüstan-Rusiya sərhədində yerləşən "Kazbeqi - Yuxarı Lars" gömrük-keçid məntəqəsi yolların təcili təmiri ilə əlaqədar sentyabrın 18-dən oktyabrın 2-dək Bakı vaxtı ilə saat 06:00-dan 09:00-a kimi işləməyəcək.
Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Mətbuat Xidməti məlumat yayıb.
"Kazbeqi Ticarət-Sənaye Palatasının ərazisinə bitişik beynəlxalq əhəmiyyətli avtomobil yolunda təcili təmir işləri nəzərdə tutulub və bu səbəbdən iş zamanı avtomobillərin hərəkəti dayandırılacaq", - məlumatda deyilir.
Bildirilir ki, bu saatlarda Gürcüstanın dövlət sərhədindən malların idxalı və ixracı, habelə fiziki şəxslər tərəfindən sərhədin keçilməsi ilə bağlı prosedurlar həyata keçirilməyəcək.
Digər vaxtlarda isə gömrük-keçid məntəqəsi adi rejimdə tam gücü ilə fəaliyyət göstərəcək, malların idxalı və ixracı, habelə fiziki şəxslərin sərhəddən keçirilməsi maneəsiz həyata keçiriləcək.
Qeyd edək ki, "Kazbeqi - Yuxarı Lars" hazırda Gürcüstan-Rusiya sərhədində fəaliyyət göstərən yeganə gömrük-keçid məntəqəsidir.