8 NOYABR "ZƏFƏR GÜNÜ" ölkəmizdə böyük sevinc və coşqu hissi ilə qeyd olunur
Azərbaycanın İkinci Qarabağ, 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması , ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Həmçinin bu qələbə qonşusunun torpağına göz dikən, xalqımızın humanistliyindən, qonaqpərvərliyindən, etimadından, etibarından sui-istifadə edən ermənilərin iç üzünü, əsl simasını dünyaya bir daha göstərdi. Hər kəs gördü ki, ermənilər yalan iddialarla bəşəriyyətə fəlakət və bəla gətirən faşist ideologiyasını utanıb çəkinmədən həyata keçirirlər. Bir daha dünyaya məlum oldu ki, tarix boyu ermənilər azərbaycanlılara və türklərə qarşı amansız olmuş, insanlığa sığmayan terror aktları, dəhşətli soyqırımları törətmişlər. Bu millətin mayası sanki qəddarlıqdan tutulmuşdur. Ağsaqqala, ağbirçəyə, azyaşlı uşaqlara belə rəhm etməyən ermənilərin törətdikləri vandal aktları alman faşizmini də kölgədə qoymuşdur.
Müzəffər Azərbaycan ordusu qarşısında tab gətirməyərək ağır məğlubiyyətə uğrayan işğalçı Ermənistanla aparılan müharibə ərzində əsgər və zabitlərimizin rəşadəti, şəhidlərimizin qanı ilə düşmənin uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemləri, məğlubedilməzlik mifləri cəsarətlə dağıdılaraq 2020-ci ilin 3 oktyabr tarixində Suqovuşanın azad edilərək tarixi adına qovuşması, 4 oktyabrda Cəbrayıl rayonu, 9 oktyabrda Hadrut qəsəbəsi, 17 oktyabrda Füzuli rayonu, 20 oktyabrda Zəngilan rayonu, 25 oktyabrda Qubadlı rayonu və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilməklə müharbənin taleyi əsasən həll olunmuşdur. Ümumilikdə döyüş əməliyyatları nəticəsində müzəffər Azərbaycan Ordusu tərəfindən 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri hərbi yolla işğaldan azad edilmişdir. Bununla yanaşı düşmənin məğlubiyyəti ilə Moskvada imzalanan tarixi Bəyanata əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatlar tam dayandırılmış, 1 dekabradək Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
Beləliklə dövlətçiliyimizin ən şərəfli səhifəsinə qızıl hərflərlə yazılan bu Zəfərlə Azərbaycan, faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoyaraq, bir güllə atmadan, bir şəhid vermədən belə 2020-ci il noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu dekabrın 1-də isə Laçın rayonunu işğaldan azad edərək dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü bir daha təsdiqlədi.
8 NOYABR "ZƏFƏR GÜNÜ" ölkəmizdə böyük sevinc və coşqu hissi ilə qeyd olunur. Aqat restoranında Rayza MMC șirkətinin təşkilatçılığı ilə Ayaz Babasoy tərəfindən Zəfəriniz mübarək! adlı tədbir keçirildi. Tədbirdə Şəhid ailələri, qazilər, həmçinin deputat Vüqar İskəndərov iştirak etdi. Tədbirdə Suraxanı rayon şəhidlərindən olan Qasımov Kamran Fazil oğlu, Dadașov Səbuhi Azər oğlu, Dadiyev Elnur Cəlal oğlu, Məmmədov Murad Ilham oğlu, Cəfərzadə İsrayil Namiq oğlunun keçdiyi döyüş yolu və qəhrəmanlıqları barəsində söhbət edildi. Tədbirdə sənət adamları, həmçinin mədəniyyət və incəsənət adamlari öz çıxışlarında vətənpərvərlik șeirlərini və mahnılarını səsləndirdilər.
Son olaraq qeyd etmək istəyirik ki, 30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır.
“Qarabağ bizimdir!”,
“Qarabağ Azərbaycandır!”
Müəllif, Yeganə Kərimova
şöbə müdiri