İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Silahlı Qüvvələrimiz düşmən üzərində şanlı qələbə qazandı. Bu qələbə sayəsində ölkəmizin ərazi bütövlüyü təmin olundu. İşğalçı Ermənistan 44 günlük müharibədə böyük itkilərə məruz qaldı. Eyni zamanda, şanlı Ordumuz döyüş meydanında düşmənin çoxlu sayda hərbi texnikasını qənimət kimi ələ keçirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra - noyabrın 11-də hərbçilərlə görüşündə düşmənin qənimət kimi götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu bildirmişdi. Ötən il dekabrın 10-da Bakının “Azadlıq” meydanında keçirilən Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirildi. Eyni zamanda, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürmüşdü. Çox qısa zamanda görülən genişmiqyaslı işlər artıq yekunlaşıb. Açıq səma altında nadir park salınıb.
Xəbər verildiyi kimi, dövlətimizin başçısı aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra təltif olunan hərbi qulluqçularla görüşündəki çıxışında Ordumuzun şanlı qələbəsini yüksək dəyərləndirərək vurğulayıb ki, 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq”, - deyə dövlətimizin başçısı bildirib.
Azərbaycan 44 gün ərzində XXI əsrin müharibəsini apararaq öz gücünü bütün dünyaya göstərdi
Bəhs olunan görüşdə Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının bir neçə il bundan əvvəl Bakıda Xəzərin sahilində Onun təşəbbüsü ilə salınan Yeni Bulvarda yaradılmasının təsadüfi olmadığına diqqət çəkib. Qısa müddətdə təxminən 12 kilometr uzunluğa malik ərazinin təmizlənərək burada Yeni Bulvarın salınması dövlətimizin qüdrətini göstərirdi, ölkəmizdə xalqa olan qayğını ifadə edirdi. 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbəmiz də Azərbaycanın gücünü, xalqımızın yenilməz iradəsini bütün dünyaya göstərdi.
Son üç onillik ərzində Azərbaycan dövləti və xalqımız Ermənistanın ötən əsrin doxsanıncı illərinin əvvəllərində ölkəmizdəki hakimiyyət boşluğundan sui-istifadə edərək beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizin iyirimi faizini öz nəzarəti altına keçirməsi faktı ilə heç vaxt barışmadı. Artıq tarixə dönən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunması, işğal altındakı torpaqların geri qaytarılması həmişə Azərbaycanın gündəliyinin mərkəzində dayanırdı. Praqmatik siyasətçi olan İlham Əliyev hələ 2003-cü ildə xalqın etimadını qazanaraq Prezident seçiləndə ölkənin ərazi bütövlüyünü qoruyacağına söz vermişdi. Azərbaycanın ərazi bütövlüyü ötən 17 il ərzində qorundu. Düşmənin bütün cəhdlərinə baxmayaraq, qarşı tərəfə hər hansı bir güzəşt edilmədi. Halbuki, biz bəhs olunan dövrdə ölkəmizə qarşı təzyiqlərin də, təhdid cəhdlərinin də şahidi olmuşuq. Prezident İlham Əliyev Ona xas olan yüksək diplomatik məharətlə bütün bu kimi cəhdlərin qarşısını almağa və milli maraqlarımızı qətiyyətlə qorumağa nail oldu.
Son 17 ildə Prezident İlham Əliyev həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə qatıldığı bütün mötəbər tədbirlərdə həmişə ölkəmizin ərazi bütövlüyünün bizim üçün prinsipial əhəmiyyət daşıdığını, münaqişənin tarixi ədalət və beynəlxalq hüquq normaları çərçivəsində həllinin zəruriliyini diqqətə çatdırırdı. Müharibənin tərəfdarı olmayan, sülhə böyük önəm verən Azərbaycan üç onillik ərzində ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda fəal iştirak etdi və daim konstruktivlik göstərdi. Bununla belə, Prezident İlham Əliyev həmişə açıq şəkildə bildirirdi ki, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə ölkəmiz özünün ərazi bütövlüyünü digər vasitələrlə, o cümlədən də hərbi yolla təmin edəcək.
Ötən 17 il ərzində Prezident İlham Əliyev ardıcıl və məqsədyönlü siyasət sayəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün beynəlxalq səviyyədə zəruri hüquqi bazanın yaradılmasına nail oldu. Belə ki, əksər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul etdilər. Yaradılan beynəlxalq hüquqi baza Vətən müharibəsində respublikamızın mövqeyini gücləndirdi. Məlum olduğu kimi, 44 gün ərzində bəzi dairələr, ayrı-ayrı ölkələr Prezident İlham Əliyevdən müharibənin dayandırılmasını istəyirdilər, hətta öz ərazi bütövlüyü uğrunda ədalətli müharibə aparan ölkəmizə qarşı sanksiyalar tətbiq olunmasını gündəmə gətirmişdilər. Ancaq Azərbaycana dost olan dövlətlərin, o cümlədən Qoşulmama Hərəkatında təmsil olunan ölkələrin səyləri sayəsində belə cəhdlərin qarşısı alındı.
Əlbəttə, Vətən müharibəsində qazanılan şanlı qələbəmizdən söhbət açarkən son 17 ildə ölkəmizin güclənməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin önəmini xüsusi qeyd etməliyik. İqtisadiyyatı güclü olmayan ölkə müharibə aparmağa, özünün milli maraqlarını qorumağa qadir deyil. Forpost dövlət olan, iqtisadiyyatı çökən, investisiya cəlbediciliyini itirən işğalçı Ermənistanın 44 günlük müharibədə acınacaqlı məğlubiyyətə uğraması bunu əyani şəkildə təsdiqlədi. Azərbaycan Vətən müharibəsini öz gücü hesabına apardı və qalib gəldi. Son 17 il ərzində respublikamızın əsas büdcə xərclərini hərbi xərclər təşkil edib. Ayrılan böyük həcmlərdə vəsaitlər hesabına Ordumuzun maddi-texniki bazasını ən müasir silahlarla möhkəmləndirmək mümkün olub. Bu kimi məqamlara diqqət çəkən Prezident İlham Əliyev bildirib ki, biz inkişaf edərək torpaqlarımızı azad etdik. Çünki inkişaf bizim Qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, biz bunu təmin etməsəydik, lazımi dərəcədə müasir silahlar əldə edə bilməzdik. “İkinci Qarabağ müharibəsi də bizim gücümüzü göstərdi, müasirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir. Dünya mətbuatında artıq dəfələrlə məlumat verilmişdir ki, dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Öz ordularını müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
.p.ü.f.d.Hüseynova Dürdanə Cəmşid qızı
ADPU-nun”Riyaziyyatın ibidai kursunun tədrisi texnoloğiyası” kafedrasının müəllimi