Azərbaycanın dinamik inkişafının əsasında Heydər Əliyev ideyaları dayanır
Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlləri beynəlxalq münasibətlər sistemində tamamilə yeni bir mərhələnin meydana gəlməsi ilə yadda qalmışdır. 70 il mövcud olmuş sovet imperiyasının süqutu regionda da geosiyasi situasiyanın dəyişməsinə gətirib çıxarmış, keçmiş ittifaqın tərkibində olmuş respublikalar öz müstəqilliyinə qovuşmuşdur. Bu mərhələdə Azərbaycan Respublikasının qarşısında duran ən strateji vəzifə formal olan müstəqilliyinin əsaslarını möhkəmlətmək və suveren dövlət kimi mövcudluğunu qorumaq idi.
Lakin həmin dövrdə bu ali vəzifəyə nail olmaq mümkün olmadı və 1993-cü ilə qədər Azərbaycanın dövlət müstəqilliyi şərti xarakter daşıyırdı. Ona görə də biz 15 iyun – Milli Qurtuluş Gününün əhəmiyyəti barədə danışarkən deyirik ki, bu, bizim üçün sadəcə təqvim bayramı deyil. Onun ictimai, siyasi və tarixi əhəmiyyəti olduqca böyükdür. Həmin dövrdə yaşadığımız hadisələri yenidən xatırlayaraq, bugünkü müasir həyatımızla o məşəqqətli günləri müqayisə edərkən 1993-cü il 15 iyun tarixinin müasir dövlətçiliyimizdə əhəmiyyəti, Milli Qurtuluş Gününün mahiyyəti, onun fəlsəfəsi daha dolğun və obyektiv dərk olunur.
Belə ki, ölkəmizdə 1993-cü ilin iyun ayına qədər bir-birini əvəzləyən bacarıqsız siyasi hakimiyyətlərin səriştəsiz idarəçiliyi ucbatından xalqımızın müstəqillik idealları və arzuları pərvəriş tapmamış, Azərbaycan yenidən müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin dövrdə ölkəmizdə mövcud olan xaos, anarxiya, talançılıq, özbaşınalıq, qanunsuz silahlı dəstələrin yol verdikləri cinayətkar əməllər, Azərbaycanın xarici kəşfiyyat orqanlarının siyasi-ideoloji qarşıdurma poliqonuna çevrilməsi, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması dövlət müstəqilliyinin taleyini sual altında qoymuşdu. Total iqtisadi böhran getdikcə dərinləşir, dövlətin sütunları sarsılırdı. Digər yandan da Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti genişlənirdi. Ulu Öndər Heydər Əliyev həmin dövrü xarakterizə edərkən demişdir ki, “Heç vaxt bu, gərək unudulmasın, heç kəs də gərək bunu unutmasın ki, 1993-cü ildə Azərbaycan parçalanmaq, bir ölkə kimi, müstəqil dövlət kimi məhv olmaq təhlükəsi qarşısında idi”.
Xalqımız hər zaman ən çətin sınaqlar qarşısında qalanda, tarixi məqamlarda doğru qərarlar qəbul etmək bacarığını ortaya qoymuşdur. 1993-cü ildə Azərbaycan xalqı yenə də ən doğru qərarı qəbul edərək ölkəmizin xilaskarlıq missiyasını Ulu Öndər Heydər Əliyevə həvalə etdi. Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir, xalqımızın, Azərbaycan dövlətçiliyinin, sözün həqiqi mənasında, xilası tarixidir. Və bu tarixi yaradan, yazan isə milli, müstəqil dövlətçiliyimizin banisi Heydər Əliyevdir. Ulu Öndər Azərbaycan xalqının yaddaşında dövlətçiliyimizin simvolu kimi qalır, onun siyasi hakimiyyətə qayıdışı isə ictimai şüurda ölkəmizin mövcudluğunun, müstəqilliyinin təminatı kimi dərk olunur, dəyərləndirilir. O, hər zaman xalqının xilaskarı, bayraqdarı missiyasını uğurla və şərəflə həyata keçirmiş, müasir müstəqil Azərbaycan dövlətinin arxitekturasını yaratmış böyük öndərdir.
1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Ümummilli Lider Heydər Əliyevin möhkəm iradəsi, idarəçilik məharəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyətli siyasi mövqeyi sayəsində Azərbaycan dövlətçiliyinin məhv olması, vətəndaş müharibəsi və ölkənin parçalanması təhlükəsi aradan qalxdı, ictimai-siyasi sabitlik təmin olundu. 15 iyunun bizim üçün müstəsna əhəmiyyəti həm də onunla əlaqədardır ki, möhtəşəm qurtuluş tarixi məhz Milli Məclisdə yazılmağa başlanmışdır. Ulu Öndərin parlamentə rəhbərlik etməsi Azərbaycan parlamentarizm tarixinin parlaq bir səhifəsini təşkil edir. O vaxta qədər siyasi çaxnaşmaların, marginal qrupların mübarizəsinin mərkəzi olan Azərbaycan parlamenti Heydər Əliyevin rəhbərliyi ilə demokratiya məbədinə, Azərbaycanın gələcək inkişaf yolunun müəyyən olunduğu strateji bir mərkəzə, ölkəmizin problemlərinin həlli ilə bağlı demokratik müzakirələrin keçirildiyi və siyasi mədəniyyətin hökm sürdüyü bir tribunaya çevrildi. Parlamentin ictimai nüfuzu yüksəldi və effektiv qanunvericilik fəaliyyəti həyata keçirildi, mühüm qanunlar qəbul olundu. Ulu Öndər məhz parlamentin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Təcrübəli dövlət xadimi olan Heydər Əliyev ölkəmizin gələcək inkişafı ilə bağlı çox düzgün strateji seçimlər edərək ölkəmizin demokratiya yolu ilə gedəcəyini bəyan etdi və müasir, demokratik ölkə kimi inkişaf paradiqmalarını müəyyənləşdirdi. Qısa müddət ərzində Ümummilli Liderin rəhbərliyi ilə köklü islahatlara başlandı, dövlətçiliyin əsasları yaradıldı. Ulu Öndər hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün möhkəm zəmin yaratdı, zəruri hüquqi təsisatlar və qanunvericilik bazası formalaşdırdı. Onun birbaşa rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası işlənib hazırlandı və ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Bundan sonra isə müstəqil ölkənin iqtisadi əsaslarını gücləndirmək, dövlətin iqtisadi qüdrətini artırmaq üçün ciddi islahatlara, liberal iqtisadiyyata transformasiya prosesinə başlanıldı. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə respublikamızda MDB məkanında ilk dəfə olaraq geniş torpaq islahatı aparıldı, Azərbaycan vətəndaşlarının heç bir əvəz ödəmədən torpaq mülkiyyətçilərinə çevrilməsi təmin edildi. Bu addım respublikanın kənd təsərrüfatında da, sözün əsl mənasında, dönüş yaratdı.
Bu mərhələdə Azərbaycanın xarici siyasəti tamamilə yeni keyfiyyətdə quruldu, həyata keçirilən praqmatik siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmlə münasibətləri genişləndi və müstəqilliyimizin ilk illərində mövcud olan beynəlxalq təcrid aradan qaldırıldı. Müasir, güclü ordu quruculuğu işində mühüm addımlar atıldı, uğurlu Horadiz əməliyyatı keçirildi və torpaqlarımızın bir hissəsi işğalçılardan azad edildi. 1994-cü ildə ölkəmizin iqtisadi inkişafında müstəsna rolu olan və Azərbaycanın şaxələndirilmiş enerji siyasətinin bazisini təşkil edən, Heydər Əliyevin xalqımız, bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətlərindən biri kimi qiymətləndirilən “Əsrin müqaviləsi” imzalandı. Bununla Azərbaycanın karbohidrogen ehtiyatlarının dünyanın ən qabaqcıl neft şirkətləri ilə birlikdə hasil olunması və xarici bazarlara nəqli reallaşdı. Heç şübhəsiz ki, bunu yalnız Heydər Əliyev kimi güclü iradəyə, böyük dövlətçilik bacarığına və xalqın sonsuz dəstəyinə malik fenomen şəxsiyyət, qüdrətli lider bacara bilərdi.
Bundan başqa, siyasi sistemin təkmilləşdirilməsi ilə bağlı qəbul olunan qərarlar, vətəndaş cəmiyyəti institutlarına geniş fəaliyyət imkanlarının yaradılması, kütləvi informasiya vasitələri üzərindən senzuranın götürülməsi, plüralizm, söz və mətbuat azadlığının təmin olunması nəticəsində Azərbaycanda keyfiyyətcə yeni bir mərhələnin əsası qoyuldu. Cəmiyyətimizin ideoloji əsasları formalaşdırıldı, azərbaycançılıq məfkurəsi dövlət ideologiyası kimi qəbul edildi.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1993-2003-cü illərdə görülən bu və digər tədbirlər nəticəsində ölkə qarşısında duran vəzifələr uğurla icra edildi və Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Heydər Əliyev mürəkkəb geosiyasi dövrdə ölkəni vətəndaş qarşıdurması və hərc-mərclik, dərin iqtisadi və sosial-siyasi böhran burulğanından çıxarmağa, Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz xarakter almasına nail oldu. Onun parlaq zəkası sayəsində iki əsrin və iki minilliyin kəsişməsində Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoydu. Ona görə də xalqımız haqlı olaraq ölkəmizin bugünkü uğurlarını, sabitlik və firavanlığı məhz Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirir. Ölkəmizin bugünkü yüksək inkişafı və tərəqqisi Heydər Əliyev ideyalarından güc alır, qurtuluş məfkurəsinə istinad edir.
Heydər Əliyevin ən böyük xidmətlərindən biri də özündən sonra Azərbaycanı uğurlu inkişaf etdirəcək, ölkəmizi dünya dövlətləri sırasında layiqli zirvələrə daşıyacaq və ötən illərdə başlanılmış böyük layihələri, genişmiqyaslı islahatları müvəffəqiyyətlə həyata keçirəcək uğurlu lideri yetişdirmək olmuşdur. 2003-cü ildə Ulu Öndər Heydər Əliyevin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – tarixi xitabına Azərbaycan xalqının heç bir tərəddüd etmədən dəstək verməsi həm də qurtuluşdan başlanan möhtəşəm zəfər yolunun uğurla davam etdirilməsi anlamına gəlirdi.
Milli dövlətlərin tarix səhnəsində müstəqil subyekt kimi mövcudluğunu və tərəqqisini təmin edən strateji əhəmiyyətli amillərdən biri idarəetmədə varislik prinsipinin təmin və tətbiq olunmasıdır. Bu kontekstdə çoxsaylı tarixi təcrübələr və uğur nümunələri mövcuddur. Azərbaycanın nümunəsi isə daha parlaqdır. Çünki müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli inkişaf strategiyasının onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına müvafiq surətdə uğurla, inamla həyata keçirilməsi nəticəsində Azərbaycan bir çox dövlətlərin onilliklər ərzində əldə edə bilmədikləri nailiyyətlərə qısa müddətdə imza atıb.
Gənc Azərbaycan dövlətinin əsaslarının möhkəmliyi, həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi, uzaqgörənliyi sayəsində mümkün olub. Azərbaycanın əldə etdiyi genişmiqyaslı nailiyyətlər dövlət başçısının qətiyyətli, yaradıcı və milli maraqlara söykənən fəaliyyətinin nəticəsidir. Ölkəmizin hərtərəfli inkişafı ciddi konseptual əsaslara malikdir və hər bir sahə üzrə bitkin, siyasi, iqtisadi və sosial cəhətdən əsaslandırılmış fəaliyyət proqramları həyata keçirilir. Ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, milli istehsalın və ixracın genişləndirilməsi, regional inkişaf proqramlarının uğurlu icrası və iqtisadi aktivlik coğrafiyasının regionlara doğru genişlənməsi, modern sənaye quruculuğu, qeyri-neft sektorunun sabit inkişafının təmin olunması kimi başlıca strateji vəzifələrin yerinə yetirilməsi Azərbaycanın iqtisadi həyatında çox mühüm nailiyyətlərin qazanılmasını şərtləndirib. Son 17 ilə yaxın müddət ərzində həyata keçirilən işlər bütün sahələrdə tarixi nailiyyətlərin qazanılmasına və dinamik inkişafın təmin olunmasına imkan verib. 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurla reallaşdırılması nəticəsində bölgələrin siması əsaslı dərəcədə dəyişib, əhalinin rifahı daha da yaxşılaşıb. Bu müddət ərzində Prezident İlham Əliyev ölkəmizin dayanıqlı inkişafının təmin olunması üçün çoxsaylı fərman və sərəncamlar imzalayıb. Bəhs olunan sənədlər əsasında reallaşdırılan islahatlar respublikamızda yüksək rəqabət qabiliyyətinə malik liberal iqtisadiyyatın formalaşmasına, şəffaflığın təmin olunmasına, biznes mühitinin optimallaşmasına, büdcə daxilolmalarının artmasına münbit zəmin formalaşdırıb. Azərbaycan bu dövrdə ümumi daxili məhsul istehsalını 3,4 dəfə artırmaqla dünya üzrə ən dinamik iqtisadi inkişaf templərinə malik olan ölkələr sırasında yer tutub. Həmçinin ölkəmizin strateji valyuta ehtiyatları kifayət qədər artıb ki, bu da iqtisadi inkişaf strategiyasının uğurlu və effektiv olmasını əks etdirən bariz nümunələrdəndir. Çoxsaylı layihələrin uğurlu icrası nəticəsində ölkəmizin qazandığı gəlirlər məqsədyönlü şəkildə qeyri-neft sektorunun, özəl bölmənin inkişafına, bütün respublika boyunca müasir infrastruktur quruculuğuna yönəldilib. Eyni zamanda qeyri-neft sektorunun inkişafına dəstək tədbirləri genişmiqyaslı islahatlarla, müxtəlif təşviq mexanizmləri ilə tamamlanıb. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə MDB məkanında birinci yerə yüksəlib. Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında söylədiyi nitqində bu məqamlara toxunub, ölkəmizin iqtisadi inkişaf istiqamətində qazandığı uğurlardan məmnunluğunu ifadə edərək vurğulayıb: “Son 16 il ərzində iqtisadi sahədə əldə edilmiş uğurların dünyada bərabəri yoxdur. Əgər varsa, desinlər, götürsünlər statistikaya baxsınlar, hansı ölkə 16 il ərzində öz iqtisadiyyatını 3,4 dəfə artıra bilib”.
Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda reallaşdırılan iqtisadi islahatlar uğurlu siyasi islahatlarla tamamlanır. Həm konseptual, həm də struktur xarakteri daşıyan bu islahatlar dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, optimallaşdırılması, səmərəliliyinin artırılması, qərarların icrası mexanizminin müasir tələblərə uyğunlaşdırılması və yeni keyfiyyət mərhələsinə yüksəldilməsi məqsədlərinə xidmət edir. Eyni zamanda Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanların yaradılması, dövlət və özəl qurumların fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması, ictimai və sosial xidmətlər sahəsində institusional islahatların reallaşdırılması ilə yeni və ciddi keyfiyyət dəyişikliyinə nail olunması, həyata keçirilən kadr islahatları müasir mərhələdə Azərbaycanda praqmatik, düşünülmüş siyasi kursun reallaşdırılmasını təsdiq edir.
Eyni zamanda insanların sosial müdafiəsinin gücləndirilməsi də daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub. 2003-2019-cu illər ərzində respublikamızda təxminən 2 milyon yeni iş yeri açılıb, işsizlik səviyyəsi 5 faizədək aşağı endirilib ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir. İşsizliyin aşağı səviyyədə olması həmçinin respublikamızda yoxsulluğun 49 faizdən 5,4 faizə enməsini şərtləndirib. Bu dövrdə cəmiyyətin bütün təbəqələrindən olan insanların, xüsusilə də həssas qrupların rifahına xidmət edən islahatlar ardıcıllıqla davam etdirilib. Təkcə ötən il iqtisadi islahatların həyata keçirilməsi, vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində 100-dən çox fərman və sərəncam imzalanıb, 4,2 milyon vətəndaşı əhatə edən sosial paket həyata keçirilib. Bütün bu faktlar bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində ölkə vətəndaşlarının rifahı və mənafeyinin dayandığını təsdiq edir.
Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün ən mühüm səciyyəvi xüsusiyyətlərindən biri Azərbaycanın beynəlxalq mövqeyinin davamlı olaraq möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı, respublikamızın regional və beynəlxalq təşkilatlarda uğurla təmsil olunmasıdır. Bu gün müstəqil Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, dünya birliyinə üzv olan bütün dövlətlərlə qarşılıqlı hörmət və etimada söykənən səmərəli münasibətlər qurub, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri yaradıb. Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının 2012-1013-cü illərdə qeyri-daimi üzvü seçilməsi, dünyanın ən böyük ikinci təşkilatı olan Qoşulmama Hərəkatının da fəal üzvlərindən biri olması, hazırda isə təşkilata uğurla sədrlik etməsi ölkəmizin güclü beynəlxalq mövqeyinin və yüksək nüfuzunun parlaq nümayişidir. Eyni zamanda digər mühüm beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycana inteqrasiyanın dərinləşməsinə, ölkə reallıqlarını dünya ictimaiyyətinə obyektiv və dolğun çatdırmağa imkan verib.
Regional güc mərkəzi olan respublikamızın təşəbbüsü və liderliyi ilə gerçəkləşdirilən strateji əhəmiyyətli transmilli layihələr Avrasiyanın yeni enerji və nəqliyyat-kommunikasiya xəritəsinin formalaşmasını şərtləndirib. Bunlarla yanaşı, dövlət başçısının müəyyənləşdirdiyi hücum diplomatiyasının uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizin ərazi bütövlüyü beynəlxalq səviyyədə dəstəklənir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına müvafiq surətdə həll edilməsinin zəruriliyini ifadə edən çoxsaylı qətnamələr qəbul edilib. Prezident İlham Əliyevin milli maraqlara, dövrün trendləri və reallıqlarına uyğun davam etdirdiyi strateji kurs növbəti tarixi mərhələdə də Azərbaycanın öz inkişafını, beynəlxalq münasibətlər sistemində uğurlu təmsilçiliyini davam etdirəcəyinə əminlik yaradır.
O da qeyd olunmalıdır ki, ölkəmizin bugünkü genişmiqyaslı uğurlarında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın danılmaz rolu vardır. Onun çoxşaxəli fəaliyyəti Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir. Hörmətli Mehriban xanım Əliyevanın sosial və humanitar sahələrdə təşəbbüsləri, gördüyü mühüm işlər ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirlərinin miqyasının genişlənməsində əhəmiyyətli rol oynayır.
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ümummilli Liderin zəngin dövlətçilik irsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması işində də uğurla fəaliyyət göstərir. Ulu Öndərin zəngin mənəvi irsini, Onun azərbaycançılıq ideyasını gənc nəsillərə aşılamaq, Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Heydər Əliyev Fondunun və onun prezidenti hörmətli Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir. Başqa sözlə, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti Ümummilli Liderimizin ideyalarına əsaslanır, Azərbaycanın inkişafına, milli məqsədlərin həyata keçirilməsinə müstəsna töhfələr verir. Fondun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində genişmiqyaslı fəaliyyət göstərir, eləcə də Azərbaycan həqiqətlərinin, zəngin tarixi və mədəni irsimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və ardıcıl iş aparır.
Beləliklə, sadalanan və burada qeyd olunmayan çoxsaylı faktlara istinad edərək tam əminliklə deyə bilərik ki, Heydər Əliyevin miras qoyduğu zəngin irs, ideyalar bu gün də yaşayır və Azərbaycanı inamla daha parlaq gələcəyə aparır. Ümummilli Liderin şah əsəri olan müstəqil Azərbaycan ən yüksək zirvələri fəth edir. Dövlət başçısının qeyd etdiyi kimi, “Bizim inkişafımızın təməlində Ulu Öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik, biz tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik”.
MƏMMƏDOVA GŰNEL TARIYEL QIZI,
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun assistenti,
3 saylı şəhər klinik xəstəxanasının Kardiologiya şöbəsinin Kardioloqu