17 illik fəaliyyət sayəsində qazanılan müstəsna qələbə
Azərbaycan Prezidenti İlham Əliyev noyabr ayının 25-də Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirib ki, bu rayonun Şuşa və Laçından sonra 1993-cü il aprelin 2-də yağı tapdağı altına düşməsi böyük faciə idi. Çünki bununla Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaranırdı. Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Düşmən uzun müddət idi ki, bu məqsədə nail olmaq istəyirdi. Kəlbəcərin işğal altına düşməsindən sonra isə demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yarandı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə həmin əraziyə daşındı.
Beləliklə, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti 30 ilə yaxın davam edib. Bu müddətdə respublikamızın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi işğal olunub, 1 milyona yaxın soydaşımız doğma yurdundan didərgin salınıb, işğal altındakı ərazilərimiz düşmən tərəfindən talan edilib, qeyri-qanuni məskunlaşdırılma aparılıb, tarixi və mədəni irsimiz dağıdılıb. Bununla da Azərbaycanın ərazi bütövlüyü pozulub.
Həmin vaxtdan başlayan sülh danışıqları, ərazi bütövlüyümüzün bərpası istiqamətində atılan lazımi addımlar heç bir nəticə vermədi. Hətta Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli dörd qətnaməsini (822, 853, 874 və 884) pozaraq, torpaqlarımızdan çıxmaqdan imtina etdi. Düşmən bütün bunlarla kifayətlənməyib, digər ərazilərimizin də ilhaq olunması məqsədilə işğalın nəticələrini möhkəmləndirmək istiqamətində ardıcıl məkrli addımlar atdı, qəsbkar münaqişənin siyasi həlli əleyhinə yönələn təxribat xarakterli bəyanat və hərəkətlərə üstünlük verdi. Nəhayət, işğalçının bu il sentyabrın 27-də Azərbaycana qarşı genişmiqyaslı təcavüzündən sonra silahlı qüvvələrimiz əks-hücum əməliyyatı keçirməyə məcbur oldu.
Azərbaycan Ordusu sentyabrın 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində, Zəngilanda, habelə digər ərazilərdə bir neçə strateji yüksəklik düşməndən təmizləndi.
Noyabrın 8-də isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini yenidən özümüzə qaytardı. Bu, Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində ən mühüm tarixi hadisə və böyük hərbi qələbə kimi yaddaşlara yazıldı. Bu, eyni zamanda, müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi, Ermənistanın kapitulyasiyası reallaşdı.
Üç dövlət başçısının imzaladığı birgə bəyanat Azərbaycan üçün milli təhlükəsizlik və milli həmrəylik məsələsi olaraq, respublikamızın gələcək siyasi, sosial-iqtisadi inkişafını şərtləndirdi. Çünki ərazi bütövlüyümüzün işğalçı tərəfindən pozulması 30 il ərzində ölkəmizin sürətli tərəqqisinə mənfi təsir göstərirdi, məcburi köçkünlərimizin həyat tərzində natamamlıq kompleksi yaradırdı. Bu həssas məsələyə beynəlxalq təşkilatların, nüfuzlu dünya dövlətlərinin lazımi qiymət verməmələri də münaqişənin birdəfəlik həllini ləngidirdi. Cənab Prezidentin 17 il ərzində gərgin siyasi fəaliyyəti, xalqımızın sarsılmaz həmrəyliyi, rəşadətli ordumuzun güc-qüdrəti, cəsarəti, nəhayət, öz müsbət nəticəsini verdi. Beləliklə, Qarabağın azadlığı uğrunda günbəgün möhkəmlənən və əvvəllər tarixin heç bir dönəmində bugünkü yekdilliyi fəth etməyən ümummilli həmrəyliyi Azərbaycanı möhtəşəm qələbəyə qovuşdurdu.
Müharibənin gedişində Ermənistan silahlı qüvvələri həm canlı qüvvə, həm də texnika baxımından böyük itkilər verərək, geri çəkildilər və döyüş mövqelərindən qaçdılar. Elə buna görə də qəsbkarlar döyüşdə uduzduqlarını anlayıb, təxribatlara əl atmaqla, mülki vətəndaşlarımızı atəşə tutmaqla, infrastrukturumuzu dağıtmaqla qeyri-insani xislətlərini, beynəlxalq hüquqa, ali bəşəri dəyərlərə zərrə qədər də olsun hörmətlə yanaşmadıqlarını bir daha dünyaya nümayiş etdirdilər. BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinin heç birini yerinə yetirməyən Ermənistan mülki insanları atəşə məruz qoymaqla yeni-yeni cinayətlər törətdilər.
Təəssüf ki, beynəlxalq ictimaiyyət işğalçının Azərbaycan xalqına qarşı olan bu qeyri-insani aktlarına göz yumdu. Halbuki, terroru dövlət siyasətinə çevirən Ermənistanın hərbi-siyasi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq qərarı verdiyinə görə məsuliyyət daşımalı, milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə olunmaqla, ədalət mühakiməsinə cəlb edilməli idi.
Əslində biz düşmənin 30 il ərzində bu cür qeyri-insani əməllərinin dəfələrlə şahidi olmuşuq. Belə hallarda nə vaxt indi haqdan-ədalətdən dəm vuran ölkələr səslərini çıxarıblar?! Bəlkə onlar erməni cəlladları tərəfindən azərbaycanlılar Qərbi Azərbaycanda, Dağlıq Qarabağda və ətraf bölgələrdəki dədə-baba yurdlarından didərgin salınanda, Ermənistanın BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinin heç biri yerinə yetirilməyəndə, işğalçı ölkənin baş naziri Nikol Paşinyanın mənfur əməlləri ilə dəfələrlə sülh danışıqları pozulanda, Dağlıq Qarabağda “düşmənin qarşısının alınması” mexanizminin təkmilləşdirilməsi məsələsinin müzakirəsi aparılanda haqq səslərini ucaldıblar?! Bəlkə nə vaxtsa Ermənistana vandal, barbar hərəkətlərinə görə sanksiyalar tədbiq etmək təşəbbüsü göstəriblər?! Heç vaxt, heç vədə!
Azərbaycanın ərazi bütövlüyünün bərpasında silahlı qüvvələrimiz rəşadət, şücaət göstərdi. Bu, təsadüfi deyildi. Çünki son 17 il ərzində ordumuzun güc-qüdrətinə mühüm önəm verilib, ən müasir döyüş texnikasının alınması gerçəkləşdirilib. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb. Azərbaycan Prezidenti çıxışlarının birində bu barədə danışarkən, deyib: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”.
Bəli, hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Xatırlatdığımız kimi, ötən 17 ildə Prezident İlham Əliyevin fəaliyyətində ordu quruculuğu hər zaman prioritet istiqamət olub. Silahlı qüvvələrə xüsusi diqqətin ayrılması hər şeydən öncə ölkəmizin müharibə şəraitində yaşaması ilə şərtlənib. Buna görə də hərbi hissələrin tikintisində Azərbaycan standartlarına üstünlük verilib, xidmətin yüksək səviyyədə aparılması üçün bütün sosial imkanlar yaradılıb. Hərbçilər dövlət tərəfindən yüksək təminatla əhatələnib. Əməkhaqları müntəzəm olaraq artırılıb.
Ötən illər ərzində Azərbaycan beynəlxalq mövqelərini də gücləndirib, dünyanın ən müxtəlif ölkələri ilə əlaqələrini yüksək səviyyəyə çatdırıb. Bu uğulu əməkdaşlıq hazırda Ermənistanın havadarlarının Azərbaycana qarşı birləşdiyi məqamda öz müsbət nəticəsini verir, haqq səsimizin beynəlxalq kürsülərdə eşidilməsinə şərait yaradır. Məsələn, 2011-ci ildə Azərbaycanın keçmiş sovet respublikaları arasında ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, NATO və Avropa İttifaqı ilə yaxın əməkdaşlığa nail olması, Qoşulmama Hərəkatına üzv olduğu doqquz il ərzində özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanması bunun bariz ifadəsidir. Hələ müharibə davam etdiyi bir vaxtda BMT Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı mənfi fikirli sənədin imzalanmasına imkan verilməməsi də bunun parlaq göstəricisidir.
Bax, bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın döyüş meydanında qazandığı qələbələr, həm də bütün ölkələrlə siyasi danışıqlarda haqlı və prinsipial mövqeyimizi qətiyyətlə qoruyan Prezident İlham Əliyevin müdrik siyasi xadim kimi səmərəli fəaliyyətinin, ötən dövr ərzində Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsinin, xalqımızın dövlət başçımıza dərin inam və etimadının məntiqi nəticəsidir.
Dövlətimizin başçısı bununla bağlı deyib: “Mən görürdüm, bəzi hallarda bu hadisələrə qədər Azərbaycan vətəndaşları, o cümlədən, köçkünlər hesab edirdilər ki, belə diplomatik uğurlar, əlbəttə, önəmlidir, ancaq onlar məsələnin həllini təmin etmir. Mən isə həmişə onlara izah edirdim ki, bu, beynəlxalq qanun çərçivəsində həll olunası bir məsələdir. Buna görə biz bütün aparıcı beynəlxalq təşkilatlarla işləməliyik ki, bu münaqişənin həlli üçün hüquqi bazanı genişləndirək. BMT Təhlükəsizlik Şurasının qətnamələri işləmirdi. Biz böyük səylər göstərdik, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamə qəbul etdi. Avropa İttifaqı ilə bizim aramızda paraflanmış sənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Yəni, budur bu münaqişənin həlli üçün əsas...”.
Beləliklə, Azərbaycan Prezidentinin vurğuladığı kimi, bizim düşmən üzərində möhtəşəm qələbəmiz xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə Azərbaycana sərf edən və ədalətə əsaslanan qərarların, qətnamələrin gerçəkləşdirilməsidir.
Onu da vurğulayaq ki, döyüşlərin ilk günündən Azərbaycan xalqı yekdilliklə əmliyyatları dəstəklədi, on minlərlə Vətən övladı könüllü şəkildə döyüşlərə qoşuldu. Hamı “hər şey vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə ordumuzun tam qələbəyə nail olması məqsədilə əlindən gələni etdi.
Dilindən, dinindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, hər kəs əvvəllər olduğu kimi, ölkə rəhbərliyini səmimi şəkildə dəstəklədi və eyni amal uğrunda bir yumruq kimi birləşərək Prezident İlham Əliyevin növbəti dəfə xalqa müraciət edərək yeni qələbə xəbərləri verməsini gözlədi.
PhD Dr. Dilqəm Məhərrəmov
Baku Medical Plaza, MediLüx Filialı
Plastik, estetik və rekonstruktiv cərrah