QARABAĞDA ZƏFƏR YÜRÜŞÜ
Məğlub edilmiş düşmən Azərbaycanın şərtlərini yerinə yetirməyə məhkumdur. Ərazi bütövlüyünün bərpası məsələsi torpaqları işğala məruz qalmış dövlətlər üçün tarixboyu ən müqəddəs vəzifələrdən biri olub. Bu vəzifənin yerinə yetirilməsi dövləti qaliblər sırasına çıxarıb, onun xalqını daha məğrur edib. Belə bir qürur doğuran taleyi indi Azərbaycan yaşayır. Ermənistanın işğalına son qoyaraq ərazi bütövlüyünü təmin edən xalqımız son 200 illik tarixinin ən şərəfli səhifələrini yazır. İşğalçı kapitulyasiya aktına imza atmağa məcbur edildi. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yenilməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində Qələbə ilə başa çatdı. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla işğalçı Ermənistan kapitulyasiyaya, təslim olmağa məcbur edildi, ölkəmizin ərazi bütövlüyü tam təmin olundu. Azərbaycan müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qan tökmək və torpaq qəsb etmək məqsədi güdmədiyini bildirirdi. Məğlubiyyət bəyanatının Ermənistan tərəfindən imzalanması isə sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqi oldu. “Mən münaqişənin və İkinci Qarabağ müharibəsinin əvvəlində demişdim, bu gün də bunu böyük qürur hissi ilə bir daha deyirəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi və Azərbaycan bunu döyüş meydanın da sübut edib. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın və beləliklə, bizim bugünə qədər işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır”, - deyə Prezident İlham Əliyev Füzuli rayonuna səfəri zamanı bununla bağlı bildirib. Qeyd edək ki, Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin bəyanatı ordumuzun zəfər yürüşü nəticəsində yaranmış reallığa tam uyğundur və Ermənistanın kapitulyasiyanın rəsmi-hüquqi təsdiqidir. Beləliklə, Azərbaycan xalqı 30 ildən bəri gözlədiyi böyük Qələbənin sevincini yaşayır. İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusunun 30 illik işğala son qoyaraq torpaqlarımızı azad etməsi dövlətçilik tariximizi qürurlandırdı, hər birimizə intizarında olduğumuz qələbənin sevincini yaşatdı. Eyni zamanda haqq davamızın nəticəsi olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, daha da mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Bu gün böyükdən kiçiyə qədər hər kəs vəzifəsindən, əqidəsindən, sosial statusundan asılı olmayaraq hər bir azərbaycanlı özünü daha vüqarlı, daha mətin hiss edir. Çünki artıq biz qalib bir xalqın nümayəndələri olmağımızla, torpaqlarımızı hünər meydanında azad etməyimizlə fəxr edirik, öyünürük, qürurlanırıq. Güclü Azərbaycanın qarşısında Ermənistan heç vaxt duruş gətirə bilməz. Bu qələbə istər Azərbaycan, istər Ermənistanla bağlı həqiqətlərə yeni işıq saldı. Azərbaycanla bağlı həqiqət ilk növbədə ölkəmizin hərbi qüdrəti ilə bağlıdır. 44 gündə Azərbaycan Ordusu özünün möhtəşəm qələbələri ilə dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı. Hərbi əməliyyatların aparıldığı 1 ay 10 günlük müddət göstərir ki, Azərbaycan Ordusu mümkün olmayanı etməyə qadirdir. Düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətləri ilk andan yarıldı. Ümumiyyətlə, Azərbaycan Ordusu bu savaşda müasir döyüşlərin aparılmasının nümunəsini yaratdı. Ermənistana gəldikdə, ikinci Qarabağ müharibəsi ilk gündən göstərdi ki, bu işğalçı dövlət Azərbaycanla hərb meydanında mübarizə aparmağa qadir deyil. Bu savaş təsdiqlədi ki, işğal siyasətinin qurbanı olan Ermənistan 30 il əvvəl necə idisə, elə də qalıb və inkişaf baxımından bir addım belə addımlaya bilməyib. Bütün dünya gördü ki, Ermənistanın məğlubedilməz ordusunun olması barədə deyilənlər tamamilə əfsanə imiş. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi ilk gündən dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi. 44 gündə Ermənistanın baş naziri N.Paşinyan xilas olmaq üçün hər gün ayrı-ayrı dövlət başçılarına yalvarmaqla məşğul oldu. Ermənistanın ardıcıl təxribatlarını dayandırmaq üçün Azərbaycanın həyata keçirdiyi əks-hücum həmlələrindən narahat olan Fransa ciddi-cəhdlərlə bu prosesi dayandırmağa çalışdı. Prezident Makronun Rusiya, ABŞ rəhbərliyi ilə təmaslarının, ardıcıl olaraq Azərbaycan Prezidentinə zənglər etməsinin məqsədi də Ermənistanı tam iflasdan qurtarmaq idi. Təsadüfi deyil ki, sonda Fransa XİN öz simasını tam ifşa edərək açıq ermənipərəst bəyanat da yaydı. Lakin heç nə Azərbaycanı öz yolundan döndərə bilmədi və ordumuz Qarabağın incisi Şuşaya qədər gedib işğalda olan torpaqlarımızı azad edərək öz vəzifəsini yerinə yetirdi. Həmin günlərdə Prezident İlham Əliyev bütün siyasi təzyiqlərin qarşısını aldı, dünya erməniliyinin ölkəmizə qarşı diplomatik cəbhə yaratmasına imkan vermədi. Fransadan və digər ölkələrdən Ermənistana silah daşınması ilə əlaqədar çoxsaylı faktlar var idi, ancaq müxtəlif kanallarla bütün siyasi təzyiqlərə və Ermənistana olan hərbi yardımlara baxmayaraq, Azərbaycan Prezidenti ölkəmizin diktə etdiyi şərtlərlə münaqişəni həll etdi.
İndi Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Azərbaycan xalqının əhvali-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir. Bu baxımdan Prezident İlham Əliyev bu qələbə ilə kimin kim olduğunu bütün dünyaya göstərdi. İlham Əliyev sübut etdi ki, güclü Azərbaycanın qarşısında Ermənistan heç vaxt duruş gətirə bilməz. Eyni zamanda heç bir qüvvə Azərbaycanın iradəsinə təsir göstərə bilməz.
Məmmədov Müstəqim Səyyad oğlu
Tərtər rayon İcra Hakimiyyətinin başçısı
Müstəqim Səyyad oğlu 3 yanvar 1969-cu ildə Yevlax şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Texnologiya İnstitunu, 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.
• 1987-1989-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
•Əmək fəaliyyətinə 25.11.1992-ci il tarixdən başlayıb 03.01.1994-cü il tarixədək Yevlax şəhər İctimai İaşə Müəssisələri Birliyində mühəndis-texnoloq, ticarətin təşkili üzrə inspektor, əmtəəşünas vəzifələrində işləyib.
•03.01.1994-cü il tarixdən 23.11.1994-cü il tarixədək Yevlax şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Rəhbərlik bölməsində müfəttiş vəzifəsində işləyib.
•23.11.1994-cü il tarixdən 16.05.2006-cı il tarixədək Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində işləyib.
•16.05.2006-cı il tarixdən 26.07.2012-ci il tarixədək Yevlax şəhər İcra Hakimiyyəti Başçısı Aparatında Başçının şəhər təsərrüfatı üzrə müavini-şöbə müdiri vəzifəsində işləyib.
•26.07.2012-ci il tarixdən 07.05.2014-cü il tarixədək Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında Başçının müavini-Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləmişdir.
•Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 may 2014-cü il tarixli Sərəncamı ilə Tərtər rayon İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
•Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.
•Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli, 1205 nömrəli Sərəncamı ilə «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)» yubiley medalı ilə təltif edilmişdir.
1993-cü ilin avqust ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.