Yeni reallıqlar Azərbaycanın geosiyasi və geostrateji mövqeyini daha da möhkəmləndirir
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, xüsusilə sənayeləşmə istiqamətində kompleks tədbirlər həyata keçirilir. Reallaşdırılan bütün layihələr, ilk növbədə, ölkə iqtisadiyyatının inkişafını təmin etməklə yanaşı, vətəndaşların sosial rifahının və həyat tərzinin yaxşılaşmasına xidmət edir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hacıqabula səfəri çərçivəsində Sənaye Məhəlləsində “Azərmaş” zavodunun, “Elberg” tikinti materialları üçün avadanlıqların istehsalı zavodunun, “Uyusal Ambalaj” plastik su qabları istehsalı müəssisəsinin, “Plasstech” zavodunun, “AzAgromila” müəssisəsinin açılışında iştirak etməsi, orada və aqroparklarda yaradılan şəraitlə yaxından tanış olması, bundan sonra da respublika üzrə bütün iqtisadi layihələrin icrasının davam etdirilməsi barədə göstərişlər verməsi bir daha dövlətimizin qüdrətinin, uğurla həyata keçirilən siyasətin rasionallığının, praqmatikliyinin göstəricisi oldu.
Ümumilikdə, Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 18 il ərzində regionların inkişafına xüsusi önəm verib və prioritet istiqamət kimi yanaşıb. Bu prinsip dövlətimizin başçısının əhalinin rifahının yaxşılaşmasının, ölkəmizin sabitlik adasına çevrilməsinin və xalq-iqtidar birliyinin möhkəmlənməsinin məhz bu amillə – bölgələrin sürətli tərəqqisi ilə bağlı olması qənaətindən irəli gəlib. Xüsusilə qeyd etmək lazımdır ki, 2004-cü ildən etibarən Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və müvafiq tapşırıqları ilə qəbul edilən, icrası uğurla təmin olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının səmərəli nəticələri göz önündədir. Belə ki, regional proqramların həyata keçirilməsi bölgələrimizin mövcud potensialından səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafını, yeni müəssisələrin yaradılmasını, sənaye və kənd təsərrüfatında istehsal həcminin artırılmasını, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasını şərtləndirib. Həyata keçirilən kompleks tədbirlər isə son nəticədə yerli sahibkarlığın güclənməsinə, özəl bölmənin coğrafiyasının genişlənməsinə gətirib çıxarıb. Azərbaycanın kənd və şəhərlərinin inkişafı regionlarda kommunal xidmətlərin, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə də öz müsbət təsirini göstərib.
Qeyd etmək lazımdır ki, son günlər dövlətimizin başçısının iştirakı ilə xüsusən də qeyri-neft sektoru üçün vacib olan müəssisələrin açılışı həyata keçirilir. Hacıqabulda sənaye məhəlləsinin yaradılması Azərbaycanda sənayeləşməyə dövlət dəstəyinin təzahürü kimi xarakterizə olunmalıdır. Sənaye məhəllələrində fəaliyyət göstərən sahibkarlar genişmiqyaslı yeni güzəştlərdən istifadə etmək imkanına malikdirlər. O cümlədən kənd təsərrüfatı sahəsində aparılan islahatların tərkib hissəsi kimi, artıq neçə müddətdir ki, respublikamızın müxtəlif bölgələrində böyük aqroparkların yaradılması təcrübəsi geniş tətbiq olunur. Bu layihələr sözsüz ki, ölkənin ərzaq təhlükəsizliyini təmin olunması baxımından əhəmiyyətli rol oynayırlar. Bu baxımdan Prezident İlham Əliyevin aprelin 20-də Hacıqabul rayonuna səfəri çərçivəsində “Azərsun Şamaxı Aqropark”ın açılışında, eləcə də “Agro Dairy” MMC-nin aqroparkının təqdimatında şəxsən iştirak etməsi kənd təsərrüfatının inkişafına göstərilən diqqətin və dövlət qayğısının ən yüksək səviyyədə olmasının bariz nümunəsidir. Bu, bir tərəfdən həmin məhəllələrə yerli investisiyanın cəlb edilməsinə imkan verir, digər tərəfdən sahibkarlara dövlət dəstəyindən daha geniş faydalana bilmələrinə şərait yaradır. Bu, həm də regionların inkişafı baxımından vacibdir. Sənaye məhəllələrində fəaliyyət göstərən sahibkarlar dövlət dəstəyi ilə yeni iş yerlərinin yaradılmasını həyata keçirirlər. Yeni müəssisələr sənayedə və bütövlükdə real sektorda kifayət qədər prioritet istiqamətlər üzrə yaradılıb. Elektrik enerjisi istehsalı sahəsində yeni yarımstansiyaların istifadəyə verilməsi, Azərbaycanın elektrik enerjisi istehsalı və ixrac imkanlarının artırılması ondan xəbər verir ki, ölkəmiz artıq sənayedə yeni və rəqabətli məhsulların da ixracını həyata keçirir. Bununla da Prezident İlham Əliyevin Hacıqabula səfəri çərçivəsində reallaşan tədbirlər bu rayonun timsalında regional Dövlət proqramlarının uğurlu icrası nəticəsində Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı haqqında aydın təsəvvür formalaşdırır və belə dinamik tərəqqini tezliklə işğaldan azad olunmuş ərazilərdə müşahidə edəcəyimiz əminliyi yaradır.
Bu gün artıq Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoyub və Azərbaycanın qarşısında yeni perspektivlər açılıb. Təsadüfi deyil ki, dövlətimizin başçısı artıq işğaldan azad olunmuş torpaqlarda, Qarabağda bir çox təsərrüfatların yaradılması ilə bağlı da öz tapşırıq və göstərişlərini verib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, azad edilmiş ərazilərin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq. Həm xətlər çəkilir, həm yeni yarımstansiyalar tikilir. Eləcə də digər istiqamət beynəlxalq hava limanları tikintisinin həyata keçirilməsidir. Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə gedir və yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcəkdir. Üçüncü hava limanı Laçın rayonu ərazisində inşa ediləcək. Həmçinin yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər sürətlə gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolunun çəkilişi davam edir. Yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yolun sonu məhz Zəngəzur dəhlizinə qovuşur və onun strateji əhəmiyyətini xüsusilə artırır. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində bildirdiyi kimi: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”. Heç şübhə yoxdur ki, Azərbaycan xalqı 101 il bundan əvvəl xalqımızın əlindən alınmış Zəngəzur dəhlizinə qayıdacaqdır. Bundan sonra da Azərbaycan öz prinsipial mövqeyini nümayiş etdirəcəkdir.
Beləliklə, göründüyü kimi, milli maraqlarımızın təmin edilməsi üçün bütün lazımi addımlar atılır və atılacaqdır. Yeni reallıqlar Azərbaycanın geosiyasi və geostrateji mövqeyini daha da möhkəmləndirir. Artıq Azərbaycanın və regionun inkişafında yeni dövr, yeni era başlayır. Bu cür layihələrin gerçəkləşməsi isə regional inkişaf, əməkdaşlıq, bağlılıq üçün daha əlverişli imkanlar yaradacaq. Tezliklə xarici investorların da azad edilmiş torpaqlarımızda yeni layihələrə sərmayə yatırmaları, əlbəttə ki, iqtisadiyyatımızın daha da yüksəlişini təmin edəcəkdir. Azərbaycan həm Qarabağın şöhrətini özünə qaytaracaq, həm də iqtisadi dividendlər qazanacaqdır. Bütün bunlar isə Azərbaycanın Cənubi Qafqaz regionunda ən sabit, ən qüdrətli və lider ölkə statusunun, mövqeyinin daha da möhkəmlənməsini şərtləndirəcəkdir.
Lamiyyə Hacıyeva
YAP Səbail rayon təşkilatının baş məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini